Karyera

Karyeraya nə zaman başlayaq? – GƏNCLƏRƏ TÖVSİYƏ

Baxış sayı: 1. 437
“Sübut olunub ki, biz ən böyük uğura o zaman və o fəaliyyət sahəsində nail oluruq ki, bu sahə bizim daxili harayımıza cavab verir və bizdə dərin maraq oyadır. Peşə və hobbiləri eyni olan, yəni sevdikləri işlə məşğul olan insanlar sözün əsl mənasında xoşbəxtdirlər. Ola bilsin ki, peşə və sevimli məşğuliyyəti bir araya gətirmək üçün böyük miqdarda səy və əzmkarlıq tələb olunacaq, amma onlar bir qayda olaraq, özünü doğruldur, öz qiymətini çıxarır, çünki siz məmnuniyyət əldə edir, işləmək istəyir və ən əsası da maliyyə stabilliyi qazanırsınız”.
Bu sözləri Uilyam Şekspir deyib. Çox da düzgün vurğulayıb. İnsan sevdiyi işlə məşğul olan zaman xoşbəxt ola bilir. Bunun üçün insan əzmlə və səbirlə istəyinə doğru addımlamalıdır. Günümüzdə karyera qurmaq, bu işdə uğur qazanmaq və onu davam etdirmək elə də asan deyil. İnsan həmişə qarşısına çıxan maneələri dəf etməyi bacarmalıdır. Bəzən karyera quruculuğu ilə bağlı hansısa suallar bizi narahat edir. “Karyeraya nə zaman başlamaq daha düzgündür?”, “Bu işə başlamaq üçün bizi nələr motivasiya edir?” və “Ailə ilə birlikdə karyeranı da necə davam etdirmək olar?” kimi sualların cavabı bizə çox maraqlıdır. Ona görə də bu dəfə bu sahədə mütəxəssis, Beynəlxalq dərəcəli kouç,  ALPHA Coaching & Consulting şirkətinin rəhbəri  Fidan Əzimli ilə söhbətləşdik.
Fidan xanım deyir ki, karyeraya başlamaq, həyatında vacib seçim etməkdir: “Hər hansı bir sahədə etdiyimiz seçimin düzgün olmasını istəyirik. Xüsusilə də gələcək maddi vəziyyətimiz və fərdi inkişafımıza təsir edən seçimlər zamanı. Əsas odur ki, seçimi şüurlu edəsiniz. Sizin seçiminizə kimlər təsir edir? Əgər valideynlərdirsə, müasir dövrün tələbləri nəzərə alınıbmı? Əgər dostlarınızdırsa, gələcəkdəki perspektivlər düşünülübmü? Mən özüm həyatda nə istəyirəm? Gələcəkdə kim olmaq istəyirəm? Bu işə düzəlməyim məni gələcəkdəki hədəflərimə yaxınlaşdırır, yoxsa uzaqlaşdırır? Çalışacağım şirkətin nüfuzu, bazardakı imici araşdırılıbmı? Yeni iş, yeni imkanlar, yeni kontaktlar – bunlar işin görünən tərəfləridir. Bu gözəl tərəflər insanı özünə cəlb edir və yaşadığınız bütün problemlərin həlli kimi görünə bilərlər. Bu optimistliyin içində dəyişikliklərin gücü düzgün qiymətləndirməyə bilər. Yeni iş vərdiş etdiyimiz həyat tərzinin dəyişilməsi deməkdir. Artıq vərdiş etdiyimiz gündəlik qrafikə dəyişiklər etməli oluruq. Yeni işə başlamaqla, köhnə vərdişləri dəyişməli və içərisində olduğumuz komfort zonaları tərk etməli oluruq. Əvvəlki həyat tərzinizin çox rahat və ya çox sıxıcı olmasından asılı olmayaraq, dəyişikliklər qaçılmazdır. Statistikaya görə, əvvəlcədən dəyişikliklərin təsirini düzgün qiymətləndirən insanlar, qarşıya çıxa biləcək maneələrə daha hazırlıqlı olurlar və rastlaşdıqları vəziyyətləri daha tez öz uğurlarına çevirə bilirlər. Yeni karyeraya başlayarkən diqqətinizi yeni məlumatlara yönəltməklə yanaşı, kollektivlə səmərəli ünsiyyət yaratmağa da çalışın. Yeni işçi olduğunuza görə səhvlər edə bilərsiniz. Səhvinizi fəlakət kimi yox, öyrənmək üçün fürsət kimi qəbul edin. Eyni problemlə rastlaşmamaq üçün həllər axtarın”.
Müsahibimiz bildirir ki, indiki dövrdə Azərbaycanın nüfuzlu şirkətləri tələbələr üçün xüsusi proqramlar təklif edirlər: “Bu gözəl fürsətlərin köməyi ilə onlar oxumaqla yanaşı, iş dünyası ilə birbaşa təmasda olur, şirkətdaxili etika və davranış qaydalarını öyrənir, ən əsası da, gələcəkdəki peşələri ilə yaxından tanış ola bilirlər. Lakin bu tanışlıq birtərəfli deyil. Eyni zamanda, şirkət də tələbələrlə tanış olur və onların içərisindən seçilənləri iş yerləri üçün potensial namizəd kimi görürlər. Bəzən tələbələr yetkin həyata daha tez daxil olmaq, tez pul qazanmaq istəyirlər. Buna görə də yarım günlük işlər axtarırlar. Təcrübəm göstərir ki, bu işlər əksər hallarda inkişaf tərəfindən yararsız olur. Nəticədə isə iş yerində yorulub, təhsilə daha az diqqət yetirirlər və daha aşağı səviyyədə biliklərə sahib olurlar. Buna görə də tələbələrə məsləhətim budur ki, ali təhsillərinə, eyni zamanda, əlavə inkişaf proqramlarına və mütaliəyə daha çox vaxt sərf etsinlər. Bu addımlar onların gələcək iş həyatına daha güclü daxil olmalarının təminatı ola bilər”.
Şirkət rəhbəri qeyd edir ki, ailə və karyera arasında tarazlığın saxlanılması bir neçə amildən ibarətdir: “Çalışdığınız işin mahiyyəti, ailə içərisində həyat yoldaşlarının bir-birinə münasibəti, onların yaşı, valideynlərinin daha əvvəlki təcrübələri və s. təsiredici faktorlardandır. Şirkətimizə müraciət edənlərin çoxu təcrübəli və həyatda özlərini təsdiq edən insanlar olduqlarına baxmayaraq, yenə də bu qızıl tarazlığın əsasını tapmaq istəyirlər. Belə hallarda bizim kouç kimi işimiz müştərilərimizə həyatlarındakı balansı taparaq, rahatlıqlarına qovuşmalarına və eyni zamanda, karyera planlamalarına kömək etməkdir. Həyat yoldaşları arasında qarşılıqlı hörmət varsa, onlar özləri də problemlərini həll etmək üçün bir-birlərinə dəstək olacaqlar”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir