goz

Keratakonus nədir və necə yaranır?

Baxış sayı: 1. 709

Günelin 6 yaşından gözləri zəif görür. 25 yaşına qədər gözündəki zəifliyin ciddiyyətini başa düşməyib. Ta ki, göz görmə qabiliyyətini itirənə qədər… : “Görməmdə çətinlik çəkənə qədər gözümdə ciddi problem olduğunu bilmirdim. Əvvəllər adi zəiflik idi. Bir müddət sonra kitab oxuyanda ikili görməyə başlayırdım. Artıq görməmdə ciddi problem yaranmışdı. Bir dəfə bir gözümü əlimlə tutdum hiss etdim ki, digər gözümlə bulanıq görürəm. Sonuncu mərhələdə qızartı olurdu. Gözümü ovxalamaqdan bezmişdim. Günə, işığa qarşı çox həssas idim. Gündüzlər çölə çıxmaq istəmirdim. Günə çıxan kimi gözüm yaşarırdı”.

Günel son mərhələdə həkimə müraciət etdikdən sonra keratokonusla “tanış” olub. Məhz bu xəstəliyə görə, sol gözü tam olaraq, görmə qabiliyyətini itirib. Sağ gözündə isə xəstəliyin inkişafını saxlamaq üçün əməliyyat edilib.

Göz zəifliyinin sürətlə yayıldığı bir dövrdə gənclər keratokonus təhlükəsi ilə üz-üzə qalır. Bəs keratakonus nədir və necə yaranır?

 

“Xəstəlik 20-40 yaş arasında irəliləyir”

Oftalmoloq-cərrah Günay Əliyevadeyir ki, keratokonus gözün şəffaf təbəqəsinin yəni buynuz qişanın miopiya və astiqmatı ilə birlikdə incəlməsi və qabarmasından yaranan xəstəlikdir. Həkimin sözlərinə görə, əsasən yetkinlik dövründə başlayan xəstəlikdən insanlar ancaq 20 yaşından sonra xəbərdar olurlar: “Xəstəlik 20-40 yaş arasında irəliləyir və 40 yaşından sonra sabit dönəmə girir. Buynuz qişa gözün əsas hissəsindən biridir. O, işıqları qıraraq fokuslayır və aydın görməyimizə kömək edir. Keratokonusda buynuz qişanın forması dəyişilir və görmə pozulur. Keratokonus maşın sürmə, kompyuterdə yazı yazma, televizora baxma və ya oxuma kimi bəzi fəaliyyətləri çətinləşdirə bilər”.

Xəstəliyin yaranma səbəblərinə gəldikdə isə, həkim deyir ki, səbəb tam olaraq bilinmir: “Xəstəliyin yaranmasına genetik və mexaniki travmalar önəmli rol oynayır. Gözün ovulması, sərt kontakt linza istifadə edilməsi, ekoloji faktorlar əsas səbəb kimi görülür. Genetik uyğunluğu olan insanlarda bu xəstəlik irəliləyir”.

 

“Hər müayinədə fərqli eynək yazılırsa…”

Xəstəliyin simptomları haqqında məlumat verən həkim vurğuladı ki, gözdə tez-tez allergiya və ya qaşıntı olması, nəsildə keratokonus xəstəliyinə rast gəlinməsi, davamlı olaraq artan miopiya və astiqmatın olması, hər göz müayinəsində fərqli eynək nömrəsinin yazılması, eynəklə də tam görməmək və işığa  həssaslıq xəstəliyin siqnalını verən əsas əlamətlərdir: “Bu simptomlar keratokonus xəstəliyi riskinin yüksək nisbətdə olduğundan xəbər verir. Belə hallarda oftalmoloqa müraciət etməyiniz məsləhətdir. Bəzən olur ki, eynək istifadə etmək istəməyən, eksimer lazer müalicəsi üçün müraciət edən xəstələrdə buynuz qişanın incəlməsi üçün edilən topoqrafiya tətbiqi zamanı təsadüfən keratakonus  tapılır. Yəni məndə ola bilməz deməyin, gözü zəifliyi olan hər kəsdə bu xəstəlik yaranıb, inkişaf edə bilər”.

İnkişafın qarşısını alan müalicə üsuluna gəldikdə isə, həkimin sözlərinə görə, erkən vaxtlarda eynək görməyə kömək edə bilər: “Görmə keyfiyyətini artıran müalicə, erkən zamanlarda eynək görmə üçün faydalı ola bilər. Həmçinin keratokonusa görə kontakt linzalar, kornea içi halqalar istifadə oluna bilər. İnkişaf edən zamanda kornea nəqlini etmək mümkündür”.

 

“Keratakonus ağrı verən xəstəlik deyil”

Həkim-oftalmoloq Fidan Abdullayeva deyir ki, keratakonus ağrı verən xəstəlik olmadığı üçün pasientlər təhlükənin fərqinə varmırlar: “9 yaşından etibarən bu xəstəlik yarana bilər. Keratakonus ancaq və ancaq görməni aparır, yəni, görmə zəifləyir. Başqa heç bir ağrı verən xəstəlik deyil. Pasiyentlərin ən çox şikayətləri eynək nömrələrinin sürətli artması ilə bağlıdır. Pasiyentlər aydan-aya başqa eynəyə keçirlər. Belə olan halda artıq həkim də, pasiyent də şübhələnməlidir. Əgər tez-tez eynəyini dəyişmək məcburiyyətində qalırsansa, keratakonus olma ehtimalın çoxdur”.

“4-cü mərhələdə xəstəliyin müalicəsi mümkün deyil”

Fidan həkim də deyir ki, xəstəliyin yaranmasında genetik faktorlar böyük rol oynayır: “Gözlərini tez-tez ovxalayan insanlarda bu xəstəlik inkişaf edir. Xəstəliyi nə qədər tez aşkar etsək, müalicənin də effekti bir o qədər yaxşı olacaq, pasient də yaxşı görəcəkdir. Əgər ilk mərhələdə aşkar olunarsa, hətta pasient 100 faiz görə bilər. Amma xəstəliyin inkişaf etdiyi insanlarda cross-linkinq əməliyyatı vasitəsilə prosesin inkişafını, get-gedə görmənin pisləşməsinin qarşısını alaraq, görməni yaxşı vəziyyətdə saxlamaq mümkündür. İkinci mərhələdə də prosesi dayandırmaq üçün əməliyyat mümkündür.  Üçüncü mərhələdə görmə kifayət qədər pisləşəcək. Hətta 3-4 faizə qədər azala bilər. Belə hallarda da əməliyyatla gözün faizini saxlaya bilərik. Lakin dördüncü mərhələdə artıq heç bir müalicə üsulunun xeyri yoxdur. Gözdə ağ ləkə əmələ gəlir. Bu ağ ləkə kənardan belə gözün bəbəyində hiss olunur. Bu da görmənin qarşısını tamamilə alır. Belə hallarda yalnız göz köçürmə əməliyyatı ilə görməni bərpa etmək mümkündür. Xəstəyə donor göz köçürülməlidir”.

 

“Gözü ovxaladıqca, sanki xəmiri yoğuran kimi yumşaldırıq”

Həkim deyir ki, keratakonus daha çox quru, tozlu iqlimi olan bölgələrdə yaranıb, inkişaf edir: “Çünki belə yerlərdə allergiya da çox olur. Qaşımaq, toz gözü qıcıqlandıraraq keratokonusu yaradır. Xəstəliyi pasientlərə həmişə xəmir yoğurmaq kimi izah edirəm. Hər birimizin gözündə buynuz qişamız var. O, möhkəmdir və gözü qoruyur. Keratakonus xəstələrində buynuz qişa boşalır, sallanır, yumşalır. Və biz gözü ovxaladıqca da sanki xəmiri yoğuran kimi yumşaldırıq. Yumşaldığından artıq o bir az da sallanır. Sallandığından da görməyə maneə olur. Daha sonra isə göz tam quruluşunu, yəni normal sferik quruluşunu itirib ön hissəsi konus forması alır ki, bu da görməyə birbaşa mane olur”.

Həyəcan təbili
Həkimin sözlərinə görə, xəstəlik hazırda ölkəmizdə çoxalan xətlə davam edir: “Azərbaycanda bu xəstəliyə tutulanlar çoxdur. İlk dəfə keratakonusla bağlı kursu Almaniyada keçdim. İspaniyada davam etdirərkən gördüm ki, bu xəstəliklə bağlı Küveytdən gələn xəstələr həddindən artıq çoxdur. Azərbaycanda isə öz təcrübəmdən deyə bilərəm ki, Naxçıvanda keratakonus xəstələri digər şəhərlərə nisbətən çoxlıq təşkil edir. Özəlliyi odur ki, heç bir ağrı vermədən, görməni get-gedə azaldır. Ona görə də, kiminsə genetikasında keratakonus varsa, onlar mütləq müayinədən keçməlidir. Ən təhlükəlisi odur ki, keratakonusla gedən zəiflik bərpa olunmur. Korluğa doğru gedir və ən yaxşı halda donor köçürülməlidir. Keratakonus xəstəni incitmədən korluğa doğru aparır. Onu da qeyd edim ki, Azərbaycan MDB ölkələrinin içində ən çox keratakonus xəstəliyinin olduğu ölkələrdəndir”.
Uzman həkim Məthiyə Öndər xəstəliyin daha çox gənclər arasında yayılmasını vurğulayaraq, onları diqqətli olmağa çağırıb: ” 15-30 yaşlı gənclər təhlükə altındadır. Əgər gözünüzdə zəiflik varsa, mütləq həkimə müraciət edin. Valideynlərdən birində bu xəstəliyə rast gəlinirsə, uşaqda da xəstəliyin olma ehtimalı 7 faiz nisbətindədir. Xəstəlik 20 və 40 yaş arasında irəliləyir və 40 yaşdan sonra stasionar dövrə daxil olur. Yəni 40 yaşdan sonra artıq zəifləmə dayanır”.
Həkimlər gənclərə 6 aydan bir çek up müayinələrdən keçməyi məsləhət görür. Vaxtında müayinədən keçin ki, gözləriniz aydın olsun!
Aygün ƏZİZ



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir