keyser

Kesar kəsiyi haqda bütün cavablar bu yazıda – XANIMLARIN MENYUSUNA

Baxış sayı: 1. 468

“Gencaile.az” Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ikinci mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun kesar kəsiyi haqda məqaləsini təqdim edir.

 

Təbii (vaginal) yolla doğuşu mümkün olmayan və ya bu doğuş üçün tibbi əks göstərişi olan hamilələrə cərrahi əməliyyat tətbiq olunur. Qarnın ön divarı və uşaqlıq əzələsi kəsilərək döl xaric edilir. Bu əməliyyatın terminologiyası latın dilindən “cesarean” – kesar olaraq bilinib və hər nə qədər də Yuliy Sezarın adı ilə əlaqələndirilsə də, tibb tarixi bunun doğru olmadığını sübuta gətirir. Bəzi məlumatlara görə, Yuliy Sezar məhz bu prosedura ilə dünyaya gəlibmiş və onun yaşadığı dövrdə bu cür əməliyyatlar ananın ölümünə səbəb olurdu (antibiotiklərin və sterilizasiyanın olmaması səbəbindən). Ancaq Y.Sezarın səyahətlərində anası Aureliyanın yanında olduğunu göstərən tarixi faktlar bu nəzəriyyəni təkzib edir. Cərrahi doğuşun adında latınca “caedare” – kəsmək və “section” – hissə sözlərindən istifadə edilməsi fərqli ədəbiyyatlarda qarşımıza çıxmaqdadır. Azərbaycan ədəbiyyatında bu cərrahi doğuşun adı “kesar” və ya “qeysəriyyə” əməliyyatı kimi keçir.

 

Hansı hallarda kesar əməliyyatı tətbiq edilməlidir?

– Körpənin başı ilə hamilənin çanağı (pelvis) arasında uyğunsuzluq olduqda

– Uşaqlığın yığıla bilmədiyi hallarda

– Plasentanın yerləşmə anomaliyası (Plasenta previa) olduğu hallarda

– Plasentanın vaxtından qabaq (Ablasyo plasenta) ayrılması hallarında

– Körpənin duruşunun doğuş üçün münasib olmaması (çanaq gəlişi kimi)

– Hamiləlik hipertenziyası – toksemiyası (Preeklampsiya və eklampsiya)

– Fetal distres (körpədə sıxıntı vəziyyəti)

– Göbək ciyəsinin düşməsi (Kord prolapsusu)

– Diabet

– Qan uyğunsuzluğu (Eritroblastozis fetalis)

– Uşaqlıq boynu xərçəngi (serviks xərçəngi)

– Uşaqlıq boynu distosiyası

Turab Canbaxısov

Hansı hallarda kesar əməliyyatı tətbiq edilməməlidir?

– Ən əsası, kesar əməliyyatına ehtiyac olmayan bütün hallarda

– Qarın divarında infeksiya olduqda

– Ölü körpə (fetus) olduqda kesar əməliyyatı mümkün olduğu qədər tətbiq edilməməlidir

 

Kesar əməliyyatının tətbiq edilməsi üçün aparılan hazırlıq prosesində nələr edilir?

– Ultrasəs ilə fetusun təxmini çəkisi, vəziyyəti və ciftin yerləşməsi təyin edilir.

– Qanaxma riski olan hallarda (aktiv qanaxma, HELLP sindromu, hamiləlik zəhərlənməsi, qanaxma pozuntuları) əvvəlcədən qan hazırlanır.

– Damar yolunun açılması, maye verilməsi kimi əməliyyatdan qabaq hazırlıqlar görülür.

 

Kesar əməliyyatı hansı mərhələlərdən ibarətdir?

– Damar yolundan profilaktik (qoruyucu) antibiotik verilməsi (xüsusilə dölyanı maye vaxtından qabaq axdıqda, doğuşun dövrləri uzun çəkərsə, maşa tətbiqi uğursuz olarsa).

– Anesteziya (ümumi, spinal və ya epidural anesteziya) tətbiq edilməsi.

– Qarın divarının kəsilməsi. Bəzi həkimlər eninə kəsiyə üstünlük verir. Əgər xəstə çox kökdürsə və ya fetal distres varsa, orta xətt (boylamasına) kəsiyə üstünlük verilir.

– Uşaqlığın kəsilməsi (uterin kəsilməsi).

– Körpənin doğuzdurulması.

– Ciftin çıxarılması.

– Uşaqlığın yığılmasını sürətləndirmək üçün damar yolundan oksitosin verilməsi.

– Uşaqlıq və qarın divarı kəsiklərinin tikilməsi.

– Anesteziyanın başa çatdırılması.

 

Kesardan sonra anada hansı problemlər yarana bilər?

– Puerperal infeksiya

– Yara yeri infeksiyası

– Əməliyyatdan sonra temperaturun qalxması

– Qanaxma

– Tromboemboliya (laxtalanma)

– Pulmonar tromboemboliya

 

Kesardan sonra körpədə hansı problemlər meydana gələ bilər?

– Yeni dünyaya gələn körpədə müvəqqəti taxipnoe (yaş ağciyər — wet lung): körpənin ağciyərinin içərisindəki maye boşalmadığı üçün tənəffüs sayının artması.

 

Kesar əməliyyatının rast gəlmə tezliyi necədir?

Son iyirmi ildə kesar əməliyyatının göstəricisi 5%-dən 20%-ə qalxmışdır. Hətta bəzi bölgələrdə bu göstərici 60%-ə yüksəlib. Kesar əməliyyatının çoxalma səbəbləri aşağıda qeyd edilmişdir:

– Boşluq maşalarının istifadə edilməməsi və çanaq gəlişlərinin vaginal yolla doğuzdurulmaması

– Hazırda doğuş prosesi vaxtı körpənin ürək döyüntülərinin izlənilməsi ilə körpədə xoşagəlməz halların müəyyənləşdirilməsinin mümkün olması,

– Bir dəfə kesar əməliyyatı olmuş qadınların növbəti körpələrini də kesar əməliyyatı ilə dünyaya gətirmələri

– Bir kesardan sonra təbii doğuşun aparılmasında təcrübəli mütəxəssisin və ya texniki təchizatın yetərsiz olması

– Hazırda qadınların gec yaşlarda, daha az sayda doğuş etmələri və kesar əməliyyatına üstünlük vermələri

– Doğuş qorxusu: epidural anesteziya ilə ağrısız doğuş imkanı olmayan mərkəzlərdə qadınların doğuş sancısından qorxmaları

– Normal doğuş zamanı meydana gələn problemlər səbəbi ilə qadın həkimlərinə qarşı qaldırılan iddiaların azaldılmasının tələb edilməsi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir