kosmetik

Keyfiyyətli kosmetik məhsulları necə seçməli? – MÜTƏXƏSSİS YANAŞMASI

Baxış sayı: 1. 564

Çoxlarımız tez-tez şəxsi təcrübəmizdə parfümeriya və kosmetika bazarında qiymətindən asılı olmayaraq, saxta, keyfiyyətsiz məhsulların çoxluq təşkil etdiyinin şahidi oluruq. Bu da orqanizmdə, xüsusilə də dəridə müxtəlif səpkilər, xəstəliklər yaranmasına səbəb olur.

Statistikaya görə, il ərzində qadınlar təxminən 2,5 kiloqrama qədər kosmetik vasitələrdən istifadə edir. Kosmetikada istifadəsinə icazə verilən 10,5 min maddədən yalnız 11 faizi təhlükəsiz hesab olunur. Kosmetik vasitələrin tərkibindəki maddələr orqanizmdə toksik reaksiyaları qıcıqlandırır, bəziləri isə hətta xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Xanımların əksəriyyəti isə bu malların tərkibi və keyfiyyətindən xəbərlərsizdir. Kosmetik vasitələrin harada gəldi satılması narahatlıq doğuran məsələlərdən biridir. Mütəxəssislər tövsiyə edir ki, açıq satılan yerlərdə boya vasitələrindən mümkün qədər uzaq durmalı, alınan malların üzərindəki istifadə müddəti və tərkibinə diqqət yetirilməlidir.

Dermatoloqlar bu vasitələrin tərkibində əks təsirə malik, əsasən sonsuzluq və digər xəstəliklər yaradacaq kimyəvi maddələrin olduğunu deyirlər. Mütəxəssislərin sözlərinə görə, pomadadan həddən artıq istifadə etmək dodaq dərisinin nazikləşərək çatlamasına səbəb olur. İfrat dərəcədə krem və pudradan istifadə etməyin özü də dəri dəliklərinin tutulmasına və sonda dəridə səpkilərin yaranmasına bais olur.

Bəs keyfiyyətli kosmetik məhsulları necə seçməli? Bunun üçün nələri bilmək lazımdır? Suallarımızı daima kosmetik vasitələrlə işləyən vizajist və kosmetoloqlara ünvanladıq.

Stlist-vizajist Elyanə Məmmədovanın sözlərinə görə, kosmetik vasitələrin qablaşdırma quruluşuna fikir verməklə məhsulun keyfiyyətindən xəbər tutmaq mümkündür. Belə ki, onların seriya nömrəsi, hansı ölkənin istehsalı olduğu qeyd olunmayıbsa, deməli məhsul keyfiyyətsizdir: “İstifadə etdiyimiz kosmetikaya barmağımızla toxunanda da onun keyfiyyətinin hansı səviyyədə olmasını bilmək olar. Əgər pudra, kirşan, krem və ya tuj istifadə zamanı üzə hopmursa, kənardan üzə nəyinsə vurulduğu ləkələr şəklində bilinirsə, bu, artıq malın keyfiyyətsiz olduğundan xəbər verir. Tuju gözə vurduqdan sonra gözdə acılanma, qaşınma, sulanma olarsa, həmin məhsul keyfiyyətsizdir. Kosmetikanı seçərkən hansı firmadan olması önəmli deyil. Sadəcə vaxt lazımdır ki, qadınlar üzlərinin tonunu seçib ona uyğun vasitədən istifadə etsinlər. Məsələn, qadın saçını ən ucuz firmanın rəngi ilə boyadıqda belə, istədiyi nəticəni ala bilər. Ola da bilər ki, ən bahalı firmanın rəngindən istifadə etdikdə isə, o, qaşınma verər və bozarmış rəng alına bilər. Kosmetik vasitələrin üzə düşüb-düşmədiyini dəfələrlə sınayıb, sonra seçmək lazımdır. Pudradan istifadə etdikdən sonra qırmızı sızanaqlar, səpkilər əmələ gəlirsə, dəridə quruma gedirsə, o pudradan istifadə etmək düzgün deyil. Əsasən, layner, tuj və pomadadan istifadə zamanı ehtiyatlı olmaq lazımdır. Dodaq ağıza yaxın olduğuna görə zəhərlənmə verə bilər. Bir də ki, özünə güvənməyən firmalar adətən həmin məhsulun test üçün nümunəsini istifadəyə vermirlər. Belə ki, test nümunəsi olduqda, qadınlar rahatlıqla ondan istifadə edib keyfiyyətindən xəbərdar olur”.

Stilist Anar Ağakişiyev keyfiyyətsiz kosmetik vasitələrin tez qocalma və dəridə müxtəlif xəstəliklərin yayılmasına səbəb olduğunu bildirdi: “Keyfiyyətsiz kosmetik vasitə üzdə yaranan sızanaqları örtə bilmir və onlar qalıcı deyil. Həmin kosmetik vasitələrdən istifadə etdikdən 2-3 dəqiqə sonra yox olur. Yəni üzdə dayana bilməyib axır. Kosmetika istifadə etməmişdən öncə dəriyə nəmləndirici krem vurmaq lazımdır. Kosmetikanı alarkən tərkibini oxumaq və hansı ölkənin istehsalı olduğunu bilmək vacibdir. Çünki keyfiyyətsiz kosmetik vasitələr qırışlanmaya səbəb olur və bu, heç də gözəl görünmür. Bundan əlavə, o vasitələr üzdə müxtəlif allergiyalar yaradır. Kosmetik vasitə alarkən onların test nümunələrindən istifadə etmək vacibdir. Məhsulu almazdan öncə onun həmin dəriyə uyğun olub-olmadığını bilmək də önəmlidir. Firmaların kosmetik vasitələri insanların dərisinin rənginə görə dəyişir. Belə ki, Chanel firmasının məhsulu bəzi dəriyə düşür, bəzilərinə isə düşmür. Dəridə qabıq qoyur, ya da üzə yaxşı hopmur. İnsanlar fərqli olduğu kimi, dəriləri də fərqlidir”.

Həkim kosmetoloq Təranə Seyidovanın sözlərinə görə, fabrikdə hazırlanan kosmetika vasitələri dəriyə daha çox ziyan vurur: “Hansısa bir firmanın kosmetikasını pisləmək də olmaz. Kosmetikanın keyfiyyəti dərinin o vasitəni qəbul etməyindən asılıdır. Kosmetik vasitələrin görünüşünə görə istifadəsi düzgün deyil. Ola bilər, hansısa üzə düşən kosmetik vasitə başqa üzdə allergiya yaratsın. Dərinin növündən asılı olaraq, hər maskaların təsir xüsusiyyəti var. Ona görə mütəxəssisdən məsləhət almaları yaxşıdır ki, effektini də görə bilsinlər. Yeniyetmələrin kosmetikadan istifadəsi məsləhət deyil. Mövsümlə əlaqədar olaraq müxtəlif kosmetikalardan, maskalardan istifadə etmək lazımdır. Dəridə allergiya, sızanaqlara daha çox yay aylarında təsadüf olunur. Çünki günəşə qarşı çəkilən kremlər ləkəyə meyilli olur”.

Mütəxəssislərin sözlərinə görə, kosmetik vasitələrin saxlanma müddəti məhsulların istehsalçıları tərəfindən müəyyən edilməli və bu müddət ərzində malların keyfiyyətinə təminat verilməlidir. Məsələn, göz üçün tuş orta hesabla 3-6 ay, tonal krem, sürmə 6-12 ay, göz kölgələri, göz və qaş qələmi, dodaq boyası, ənlik və kirşan 12-18 ay saxlama müddətinə malikdirlər.

İngiltərədə aparılan araşdırmanın nəticələrinə görə, bir nəmləndirici kremdə 30, bir ətirdə isə 400-dən çox kimyəvi maddə var. Tədqiqatda iştirak edən qadınların 71%-i orqanizmlərinin məruz qaldığı kimyəvi maddələrdən xəbərsizdir. Qadınların sadəcə 1/10-i tərkibində kimyəvi maddələrin olmadığı kosmetik vasitələrdən istifadə edir.

Biz qadınlar hətta kosmetikanın zərərli tərəflərini bildiyimiz halda da, yenə ona müraciət edir və bunu “Gözəllik qurban tələb edir” deyə əsaslandırırıq. Amma sağlamlıqla gözəlliyi tərəzinin ayrı-ayrı gözlərinə qoymaq düzgün deyil. Axı ən böyük gözəllik elə sağlamlıqdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir