masin

Kim daha yaxşı sürücüdür: qadınlar, yoxsa kişilər? – ARAŞDIRMA

Baxış sayı: 1. 499

“40 ilin sürücüsüyəm, hər dəfə qadın sürücü görəndə yol verirəm ki, sovuşub getsin. Qadınlarla bağlı heç bir problemim yoxdur, başımızın tacıdırlar. Amma icazə versinlər sürücülüyümüz də bizə qalsın. Bunu cinsi ayrı-seçkilik etmək üçün demirəm. Amma maşın sürmək qadına uyğun deyil…”. Bu sözləri sürücü Azər Şəbiyev deyir.

Azər davam edir: “Güzgü görən kimi gözəllik düşünən insandan necə sürücülük gözləmək olar? Bir də görürsən, işıqforda qırmızı işıq yanıb, amma maşındakı qadın güzgüyə baxıb, dodaq boyası çəkir. Hələ irad bildirəndə, əsəbiləşir də. Sanki biz, xanımın makiyajını bitirməsini gözləməliyik”.
Son zamanlar qadın sürücülərin sayı kifayət qədər artıb. Xüsusilə də, şəhərdə maşını idarə edən qadınlara tez-tez rast gəlirik. Avtomobili olmayan qadınlar sürücü xanımlara qibtə etsə də, bu hal kişiləri “qıcıqlandırır”. Əks cinsin nümayəndələri qadınların bu sahədə peşəkar olmadıqlarını, maşını düzgün idarə etmədiklərini iddia edirlər. Biz də, məsələni araşdırıb öyrənməyə çalışdıq. Doğrudanmı qadınlara sükan etibar etmək olmaz?

 

“Qadın heç vaxt yaxşı sürücü ola bilməz…”

Yol hərəkəti qaydaları üzrə mütəxəssis Xəyal Mustafayev deyir ki, xanımlar statistikada diqqətli sürücülər hesab edilsə də, bu da həqiqətdir ki, qayda pozuntularına da ən çox onlar yol verirlər: “İstər qadın, istərsə də kişiyə sürücülük vəsiqəsi 18 yaşdan verilir. Mənim elə qadın tələbələrim var ki, onlar kişidən yaxşı idarə edir və qanunu mükəmməl bilirlər. Lakin qayda pozuntularının bir çoxu da qadınların səhvinə görə baş verir. Həmişə deyirəm ki, qadınlar heç vaxt yaxşı sürücü ola bilməz. Çünki onların çox diqqətcilliyi nəqliyyat hadisəsi törətməsinə gətirib çıxarır. Güzgülərlə düzgün işləyə, yerdəyişməni düzgün edə, anidən hadisə olduqda düşünə bilmirlər. Güzgüyə baxan kimi əgər saçlarının düzümü pozulubsa, tez onu düzəltməyə çalışırlar. Yol qəzaları isə an məsələsidir. Sürücü əslində bir saniyəyə yox, sıfır tam, yüzdə səkkiz saniyəyə düşünüb, qərar verməyi bacarmalıdır. Qadınlar isə tez qərar verə bilmirlər. Qadın sürücülərin ən böyük səhvi güzgülərə fikir verməməkləridir”.
Image result for Kim daha yaxşı sürücüdür

“Azlıq çoxluğa tabedir”

Xəyal müəllim özü də qadın sürücülərin diqqətsizliyinin qurbanı olub: “İnanın ki, özüm də qadınların diqqətsizliyinə görə, qəza törətmişəm. Qarşıda hər hansı sürücü səhv etdikdə, deyirəm ki, bu yüz faiz qadındır. Yaxınlaşıram, həqiqətən də qadın olur. Hətta bir neçəsi məni vurmaq istəyib. Məsələn, ötmə əməliyyatı edirəm o, güzgüyə baxmayıb qabağıma çıxır. Düzdür, yaxşı qadın sürücülər var, amma həmişə azlıq çoxluğa tabedir”.

O qədər pis kişi sürücülər var ki…

Sürücü Əfsanə suala qəzəbini gizlədə bilmir. Sürücünün cinsinin olmadığını deyən Əfsanə 8 ildir ki, maşın sürür. O, qadınların yox, kişilərin pis sürücü olduğunu düşünür: “Əslində “kişilər yaxşı, qadınlar pis sürücüdür” anlayışı kişilər tərəfindən uydurulmuş stereotipdir. Yaxşı sürücünün cinsi yoxdur. O qədər pis kişi sürücülər var ki, onları qadınlarla müqayisə etmək belə,  düzgün deyil. Qadınlar bəlkə də kişilərdən daha diqqətli sürür. Kişilərdə isə özünə əminlik var, elə bilirlər ki, ən yaxşı sürücüdürlər. Amma qəzaların statistikasına baxanda görürsən ki, ən çox kişilər qəza törədir. Kişilər maşını sürətli sürür, digər sürücünün də həyatına təhlükə törədirlər”.

Əfsanə yolda yaşlı sürücülərdən qaçır. Deyir ki, sürücünü qadın, kişi cinsinə ayırmır: “Mən öz təcrübəmdən deyə bilərəm ki, əksər kişi sürücüləri dönmə işığını yandırmır. Xüsusilə də “Jeep” sürənlər. Yaşlı sürücü görəndə çalışıram ki, ondan qaçım. Çünki onlar nə sağa baxır, nə də sola. Xüsusilə də köhnə sovet maşınları sürənlər daha çox qəza şəraiti yaradırlar. Əlbəttə, qadınlar arasında da pislər olur. Xüsusilə qadınlar maşınların hissələrini tanımırlar. Amma mən sürücünü qadın və ya kişiyə ayırmıram. Mənə görə pis və yaxşı, ehtiyatlı, diqqətli sürücü var”.
“Qadın əlini sükandan çəkib, qışqırır, üzünü tutur…”

Sürücü Əli Cəfərov da sükan arxasında olan qadınlardan “qaçır”. Deyir ki, qəza vəziyyət yaranan kimi qadın əlini sükandan çəkib, qışqırır, üzünü tutur: “Düz yolda hamı maşın sürə bilər. Qoca nənəmə də izah etsək, “ustalıqla” sürəcək. Amma bu o demək deyil ki, sən peşəkar sürücüsən. Əsl sürücü qəza vəziyyətindən çıxa biləndir. Lakin professional sürən qadın da belə vəziyyətdən çıxa bilmir. Çünki qadın qorxusu, xofu deyə bir hiss var. Məsələn, qarşısını qorxulu heyvan çıxsın, həyəcanlanıb özünü idarə edə bilməyəcək. Amma kişilər belə deyil”.

Sürücü Ülviyyə də kişilərin daha yaxşı sürücü olduqları fikrini qəbul etmir. Onun sözlərinə görə, qadınlar maksimum çalışırlar ki, qəzadan uzaq olsunlar: “Öz təcrübəmdən və yaxın rəfiqələrimin təcrübəsindən deyə bilərəm ki, qadınlar qayda-qanuna daha çox riayət edirlər. Kişilərdə isə özünə əminlik çox olduğundan sürət həddini aşırlar. Çox sərt şəkildə sürürlər, qaydalara əməl etmirlər. Mən öz təcrübəmdə görmüşəm ki, kişi sürücülər yolda bir qadın sürücü görən kimi daha çox qayda pozurlar, onu sıxışdırmağa, qorxutmağa çalışırlar. Əksər kişilər yolda qadın sürücü görmək istəmirlər. Kişi sürücülər etik normalara əhəmiyyət vermir. Qadın sürücülərə qarşı davranışları çox pisdir. Əllərini yelləyirlər, qışqırırlar, artıq-əskik sözlər deyirlər, qadın sürücüləri aşağılamağa çalışırlar. Bu cür əməllərə görə cəza yoxdur. Çox istərdim ki, belə kişi sürücülərə cəza tətbiq edilsin. Heç kəsin ixtiyarı yoxdur ki, aşağı sürətlə hərəkət etdiyinə görə digər sürücünü təhqir etsin. Kişi sürücülərsə az qalırlar, qadınları ayaqlayıb keçsinlər. Yaxşı olardı ki, bu cür hərəkətlərlə bağlı cəza forması müəyyənləşsin”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir