qan

Kimlər qan donoru ola bilər?

Baxış sayı: 5. 336

Qan donorluğu – şərəfli əməl olub, öz qanını vermək deməkdir. Çoxsaylı tədqiqatlarla sübut olunub ki, 400-450 ml qan və ya 500 ml plazma götürmək sağlam insanın səhhətinə və əmək qabiliyyətinə mənfi təsir etmir. Əksinə, təkrar qanvermə qanda şəkərin, zərərli lipoproteinin, qan təzyiqinin, ürək döyüntüsünün azalmasına kömək edir, ürək xəstəlikləri riskini azaldır.

Qan vermək hansı hallarda və nə üçün lazımdır?

  • uşaqlıqdan kənar hamiləlik, doğuşa qədər, doğuş zamanı və ya doğuşdan sonra qanaxma ağırlaşmaları olan qadınlar üçün
  • malyariya və ya kifayət qədər qidalanmama nəticəsində ağır qanazlığı olan uşaqlar üçün
  • bədbəxt hadisələr nəticəsində ağır tr avmalar almış insanlar üçün
  • üzərində cərrahiyyə əməliyyatları keçirilən və xərçəng xəstəliklərindən əziyyət çəkən pasiyentlər üçün

 

Həmçinin talassemiya xəstəliyindən əziyyət çəkən insanlara müntəzəm olaraq qan köçürmə, hemofiliyadan əziyyət çəkən insanlar üçün qan laxtalanma faktorları məhsullarının hazırlanması məqsədilə də qan lazımdır. Kimyaterapiya zamanı onkoloji xəstələr üçün isə qan həyati əhəmiyyət kəsb edir.

Müntəzəm qan təchizatına daimi ehtiyac vardır, çünki qanın saxlanma müddəti məhduddur və lazım olduqda həmişə və hər yerdə təhlükəsiz qan əldə etmək üçün kifayət qədər sağlam donorun müntəzəm olaraq qan verməsi lazımdır.

Kim qan verə bilər? Qan vermək üçün nə tələb olunur?

Qan verməyə hazırlaşdığınız ərazidə qeydiyyatınız olmalıdır.

Çəkiniz 50 kq-dan artıq olmalıdır (donorun səhhətinə göstərilən qayğı məqsədilə).

Aşağı yaş həddi – 18, yuxarı yaş həddi – 65 olmalıdır. Lakin bəzi hallarda donorun yol verilən yaşı barədə qərarı (50 yaşdan yuxarı) konkret halda həkim qəbul edir.

Qanvermədən əvvəl hansı qaydalara əməl etmək lazımdır?

1. Qan verməmişdən 72 saat əvvəl aspirin, analgin, no-şpa və s. kimi qanı durulaşdıran dərmanları qəbul etmək olmaz.

2. 48 saata kimi alkoqol qəbul etmək olmaz.

3. Mütləq yaxşı yatmaq, qan verən gün yüngülcə səhər yeməyi yemək lazımdır.

4. Siqaret çəkməkdən çəkinmək məsləhət görülür (siqaretçəkmə donorluq üçün əks-göstəriş deyil, lakin həkimlər qan verməzdən bir saat əvvəl və bir saat sonra siqaret çəkməyi məsləhət görmürlər. Çünki qana düşən nikotinin zəhərli təsiri pasiyentlər üçün, xüsusən yeni doğulan körpələr üçün təhlükəlidir. Həmçinin bu, donorun əhvalına pis təsir edə bilər).

5. Qızardılmış, istiotlu, duzlu, hisə verilmiş yeməkləri yemək, qida üçün banan, yumurta, süd məhsulları və yağ işlətmək məsləhət görülmür. Yaxşısı budur ki, qidada şirin çay, kompot, mineral su, mürəbbə, çörək, suxarı, suda qaynadılmış yarma, balıq, tərəvəz, meyvə istifadə olunsun.

 6. Qan verməzdən əvvəl içilən 2 stəkan şirə və ya su qan verdikdən sonra yaxşı əhval-ruhiyyəni təmin etmiş olur.

Qan verdikdən sonra hansı qaydalara əməl etmək lazımdır?

1. Qan verdikdən sonra dərhal ayağa qalxmaq məsləhət görülmür, 10-15 dəqiqə ərzində sakitcə əyləşin.

2. Başgicəllənmə və ya zəiflik hiss edirsinizsə, tibbi personala müraciət edin (ən sadə çıxış yolu – ya uzanmaq və ayaqları başdan yuxarı qaldırmaq, ya da oturmaq və başı dizlərin arasına aşağı salmaqdır).

3. Sarğını 3-4 saat ərzində çıxartmayın, çalışın ki, sarğı islanmasın.

4. Duş və ya vannanı ertəsi gün qəbul etmək olar.

5. İki sutka ərzində yaxşı olar ki, fiziki gərginlikdən çəkinəsiniz. Qan verdikdən sonra imtahan vermək və ya idman yarışlarında iştirak etmək lazım deyil.

6. Çoxlu və müntəzəm qidalanmaq vacibdir, çoxlu maye için (alkoqol məsləhət görülmür).

7. Qan verəndən sonra peyvənd vurdurmağa 10 sutkadan tez olmamaq şərti ilə icazə verilir.

8. Qan verilən gündə avtomobil sürməyə məhdudiyyət qoyulmur.

 

Həkimlərin əksəriyyəti donorluğun faydalı olduğunu hesab edir, belə ki, donorun orqanizmi qan və qan komponentlərinin qalıqlarının çıxarılması hesabına daim öz-özünə yeniləşir. Bu isə ürək və damar, immun sistemi, həzm pozğunluqları, qaraciyər və mədəaltı vəzi xəstəliklərinin profilaktikası deməkdir.

Müntəzəm donorluq – sağlamlığın vəziyyətini daim nəzarətdə saxlamaqdır. Öz qanını verməklə, sən tamamilə tanımadığın insanların həyatını xilas edə bilərsən. Bu, doğma və yaxınlarının həyatı, hətta öz həyatın da ola bilər!




8 şərh “Kimlər qan donoru ola bilər?

  1. Mürvət

    1+qan qurupum qan vererem ama pul qarşılıgında çünkinehtiyyacım var vatsap nömrəm 070565758e

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir