kimyavi

Kimyəvi maddələrlə zəhərlənmə zamanı ilk tibbi yardım necə edilməlidir?

Baxış sayı: 1. 530

Həkimlərin təcrübəsinə əsasən kiçik uşaqlar, məişətdə istifadə edilən kimyəvi maddələrdən başlayaraq, dərman həbləri də daxil olmaqla, hər bir kimyavi vasitə ilə zəhərlənə bilərlər.

Məhz buna görə, bu halda əsas məsələ – belə bədbəxt hadisələrin profilaktikasından (qarşısını vaxtında almaq) ibarətdir. Belə ki, uşaq iməklədikdə, daha sonra isə otaqda sərbəst gəzməyə başladıqda, evdə onun üçün potensial təhlükəli hesab edilən hər bir şey – məişət kimyası, kosmetik vasitələr, ətirlər, boya, yapışqan, müxtəlif dərmanlar və s. bu kimi əşyalar uşağın əli çata bilməyən yerlərdə saxlanılmalıdır!

Uşaqlar tez-tez dərmanlarla zəhərlənirlər. Onlar üçün “böyüklərə aid olan” bütün dərmanlar və həmçinin artıq dozada qəbul edilmiş “uşaq” dərmanları təhlükəli hesab edilir. Uşağın dərman həbləri qəbul etdiyini, valideyinlər əksər hallarda, tez bir zamanda  deyil, onlar qana sorularaq uşağa öz mənfi təsirlərini göstərdikdən sonra bilmiş olurlar. Ona görə də hər zaman uşağın hərəkətlərinə fikir vermək lazımdır. Belə ki, hər zaman aktiv və şən olan uşaq birdən-birə əzgin, yuxulu və ya əksinə həddən artıq oyanıqlı, həyacanlı olarsa, bu sizi şübhələndirməlidir. Dərmanların təsirinə məruz qalan uşaq, yuxulu vəziyyətdən oyanmayaraq, yataqda sürünür, ağlayır və qışqırır. Bu hal uşaqda hallusinasiyaların (qarabasma) olmasından xəbər verir. Bu zaman uşaqda, qıcolmalar, huşunun itirilməsi, hətta koma da ola bilər. Zəhərlənmənin olmasına ilkin şübhələriniz olan kimi dərhal “təcili yardım” çağırmaq lazımdır!

Hətta uşaqda heç bir zəhərlənmə əlamətləri olmasa və uşaq özünü adi hallarda olduğu kimi aparırsa, ancaq siz otaqda yerə səpələnmiş dərmanlar görsəniz və ya uşaq özü sizə, bir qədər “şirin kürəciklər” yediyini söyləsə, bu halda da tez bir zamanda “təcili yardım” çağırmaq tələb olunur! Ola bilər ki, “yeyilmiş” həblər hələ ki, qana sorulmadığı üçün, uşağın orqanizminə öz təsirini göstərməyiblər.

Bəzi hallarda, elə olur ki, böyük uşaqlar təsadüf nəticəsində səhvən, kiçik uşaqlar isə hər şeyə maraq göstərmək adətindən hər hansı bir kimyəvi maddəni (təməzləyici vasitələr və s.) içə bilərlər. Bu barədə ya uşaq özü sizə məlumat verə bilər, ya da uşaqda ağız suyunun artması, ağızin selikli qişasının və üzün qızarması və ya yanması, qusma  kimi əlamətlərə əsasən, siz özünüz də onun zəhərlənməsindən şübhələnə bilərsiniz. Bu halda ləngimədən “təcili yardım” çağırmaq, həkim gələnə qədər isə qusma refleksi yaratmaqla mədəni yumaq lazımdır. Dərmanlarla zəhərlənmə zamanı da bu üsuldan istifadə edirlər.

DİQQƏT! Uşaq benzinlə, turşu və ya qələvi ilə zəhərlənmiş olarsa, heç bir halda qusma refleksi yaratmaq olmaz! Yenidən yemək borusuna qaytarılmış qusuntu kütlələri onu təkrarən yandıra bilərlər! 1 yaşına qədər olan uşaqlarda isə ümumiyyətlə, heç bir halda qusma refleksi yaratmaq olmaz – bu zaman onlar boğula bilərlər! Onların mədəsini xəstəxanada zondla yumaq lazımdır. Hələlik isə uşağı sakitləşdirmək, başının altına yastı yastıq qoymaqla onu yatağa uzatmaq, kiçik qurtumlarla ½-1 stəkan su (ondan başqa heç nə!) vermək lazımdır. Bu mədədə olan zəhərin durulaşmasına və qana sorulmasının ləngiməsinə səbəb olacaqdır! Əgər uşaq, döş sümüyü arxasında və ya qarnında kəskin ağrının olmasından (mədənin və ya yemək borusunun tamlığının pozulmasına şübhə yaradır) şikayət etsə, ona su da vermək olmaz!

İstənilən yaşda olan uşaq huşsuz vəziyyətdə olduğu halda da, onda süni şəkildə qusma refleksini yaratmaq olmaz.

Bütün digər hallarda, mədədən zəhəri xaric edərək onun qana sorulmasına imkan verməmək üçün, uşağın mədəsini mümkün qədər tez bir zamanda yumaq lazımdır. Uşağın yaşından asılı olaraq, ona 1-3 stəkan qaynadılmış ilıq su verin, sonra isə onun ağzını açaraq, steril tənzif dolanmış 2 barmağınızı cəld hərəkət etməkə onun dilinin kökünə sıxın. Cəld və dəqiqliklə hərəkət edin. Etdiyiniz bu prosedur təbii ki, uşağın xoşuna gəlmədiyi üçün sizin barmaqlarınızı dişləməməsi üçün, o biri əlinizlə onun yanaqlarını dişlərinə sıxın. Dilin kökünə təzyiq etməyiniz nəticəsində uşaqda qusma baş verəcəkdir.

Uşağı qarnı aşağı olmaqla və başı önə sallanmaqla dizlərinizin üstünə və ya yatağa qoyun və qusma qurtarana qədər bu vəziyyətdə saxlayın. Sonra uşağa təkrarən su içirtməklə yenə də qusma refleksi yratmağa çalışın. Bunu uşağın mədəsindən təmiz su çıxana qədər davam etdirmək lazımdır.

Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, qusuntu kütlələrini atmağa tələsməyin: çünki onlar, məsələn, uşağın zəhərləndiyi dərman məlum olmadığı halda, onun hansı dərmanı udduğunu müəyyən etmək üçün laborator müayinəsinə göndərilməlidir. Mədənin yuyulmasından sonra uşağa xüsusi absorbsiya edən dərman preparatları vermək lazımdır. Bu preparatlar bağırsaqlarda olan zərərli maddələri, zəhərləri, toksinləri özünə hopduraraq orqanizmdən xaric etmək xüsusiyyətinə malikdirlər. Bu məqsədlə adi aktivləşdirilmiş kömür həblərindən də istifadə etmək olar. Uşağın yaşından asılı olaraq 2-5 kömür həbini əzərək ilıq suda qarışdırdıqdan sonra uşağa içirtmək lazımdır.

Zəhərlənmiş uşağın mədəsini yaxşı yuduğunuza əmin olsanız da, heç bir halda, həkim tərəfindən müayinə olunana qədər ona yemək və ya süd, şərə və s. verməyin. Çünki bu mədə şirəsinin ifraz olmasına, nəticədə isə zəhər qalıqlarının da mədədən tez bir zamanda sorulmasına kömək edəcək. Uşağa heç bir ağrıkəsici dərman vermək, qarnının üstünə isti və ya soyuq kompress də qoymaq olmaz. Uşağa lazım olan yardımı göstərdikdən sonra, ixtisaslaşmış həkim məsləhəti almaq üçün onu yaxınlıqda yerləşən xəstəxanaya aparmaq lazımdır. Həkim müayinəsindən sonra isə uşağa lazım olan pəhriz və müalicə yazılmış olur. Uşağın vəziyyəti ağır olaraq qaldığı halda isə, “təcili yardım” həkimini gözləmək lazımdır. Uşağa lazım olan yardımı göstərdikdən sonra onlar özləri onu xəstəxanaya çatdıracaqlar.

Zəhərlənmiş uşağa özünüz tərəfindən göstərilən yardımdan sonra, sizdə uşağın vəziyyətinin xeyli yaxşılaşması fikri yaransa da, ona tibbi yardım göstərilməsindən imtina etməyin. Bəzi dərmanlar gecikmiş təsir göstərə bildiklərindən, zəhərlənmədən bəzən bir gün, bəzən isə daha çox müddət keçdikdən sonra, uşaqda böyrəklərin, qara ciyərin fəaliyyətinin dayanması, korluq və s. bu kimi ağır əlamətlər meydana çıxa bilər.

 

Böyüklər

Bədbəxt hadisə baş verdikdə hökmən “təcili yardım” briqadasını çağırmaq lazımdır. Zəhərlənmə zamanı uşaqlarda olduğu kimi, böyüklərdə də mədə mütləq təcili  yuyulmalıdır (bu haqda yuxarıda oxuyun). Benzin, turşu və ya qələvi ilə zəhərləndikdə mədəni yumaq olmaz!

Bundan sonra xəstəyə xüsusi absorbsiya preparatı və ya adi aktivləşdirilmiş kömür həbləri vermək lazımdır (10 həb 1 stəkan ilıq qaynanmış suda həll olunmalıdır və xəstəyə içizdirilməlidir).

Hətta xəstənin vəziyyəti yaxınları tərəfindən ilk yardın göstərildikdən sonra tam yaxşılaşsa belə, xəstə mütləq həkimin müayinəsindən keçirilməlidir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir