menzil

Kirayə mənzil bazarında son durum necədir? – EKSPERTLƏR DANIŞIR

Baxış sayı: 153

“…Sanki mərkəz tərəfdəki 2 otaqlı evlər üçün kvota müəyyənləşib ki, bunlar 300-350 manatdan aşağı olmamalıdır. Düzdür, çoxları bunu universitetlərin fəaliyyəti başlaması, tələbə axınının olması ilə əlaqələndirir, amma elə deyil. Biz may, iyun aylarında da mənzil axtaranda eyni vəziyyət idi. İşgüzar şəxslər iş yerlərinə, tələbələr isə oxuduqları universitetə yaxın yerlərdən ev kirayələmək istəyirlər. Lakin qiymətlərin baha olması ucbatından məcburən şəhərkənarı yerlərə gedirlər. Amma onu da deyim ki, şəhərin mərkəzi ilə kənarı arasında qiymətlərdə elə də ciddi fərq müşahidə etməmişəm. Şəhərdənkənar evlər 50-100 manat ucuz olanda belə, həmin ərazidən şəhərə gəlmək üçün nəqliyyat pulunu hesabladıqda, şəhər mərkəzindəki evin kirayə pulu ilə eyni olur. Onu da əlavə edim ki, şəhərdənkənar əşyalı, təmirli evlər elə mərkəzdəkilərlə eyni qiymətə olur. Yəni şəraiti yaxşı olan ev, qəsəbələrdə də 300-350 manat arası təklif edilir”.

Bu sözləri bizimlə söhbətində kirayədə yaşayan Aysel Aslan dedi. Aysel mərkəzdə uyğun qiymətə ev tapa bilmədiyindən, hazırda Biləcəridə qalır. O, kirayə evlərin bahalılığından, həmçinin kifayət qədər mənzilin olmamağından şikayətlənir: “Maraqlısı odur ki, kirayə mənzil saytlarında olan evlər üçün qoyulan nömrələrə nə zaman zəng vurursan, evlərin götürüldüyünü deyirlər. Hətta, bir dəfə 5-10 dəqiqə əvvəl elanı qoyulmuş bir nömrəni yığdım, evin kirayələndiyini bildirdilər. Çox təəccübləndim. Görünür, mənzil bazarında həqiqətən ev qıtlığı var, ya da bu, ev dəllallarının qiymət qaldırmaq üçün vətəndaşlara oyunudur”.

Əslində, Ayselin qeyd etdiyi məqamlar bir çoxlarının qarşılaşdığı problemdir. Təhsil ilinin başlanmasına az qaldığı üçün kirayə mənzil bazarında canlanma müşahidə edilir. Bir çoxları uyğun qiymətə ev tapa bilməməkdən şikayətlənirlər. Mərkəzdə uyğun qiymətə ev tapa bilməyənlər, məcbur olub, şəhərkənarı qəsəbələrə üz tuturlar. Bu da özlüyündə həmin bölgələrdəki kirayə mənzil bazarına öz təsirini göstərir. Mövzunun aktuallığını nəzərə alıb vəziyyətlə bağlı ekspertlərin fikirlərini öyrəndik.

Image result for Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli

 Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli kirayə mənzil bazarında zonalar üzrə tələbatda və qiymətlərdə dəyişikliklərin baş verdiyini bildirdi: “Aktivlik mərkəzdən şəhər kənarına doğru hərəkət edir. Tələbələrin gəlişi, avqustun sonları və sentyabrda kirayə mənzil bazarında xüsusi canlanma yaradır. Ümumiyyətlə, kirayə mənzil bazarının əsas istehlakçıları tələbələrdir. Həmçinin paytaxtda aparılan tikinti işləri kirayə mənzil bazarına təsir edib. Əvvəllər “sovetski, xutor, kubinka, alatava” kimi ərazilər üstünlük təşkil edirdisə, son bir neçə il ərzində bu ərazilərdə söküntünün həcmi artdığından, kirayə mənzil tutmaq istəyənlər yeni Yasamal, mikrorayon, Badamdar ərazilərinə üz tuturlar. Yeni tikililərdə də mənzil kirayələməyə maraq göstərənlər var. Amma bu, binanın yerləşdiyi ərazidən daha çox asılıdır. Yeni tikilən binalar baha qiymətə olduğundan ümumi tələbə kontingentinin tələblərinə bir çox hallarda cavab vermir. Bu baxımdan tələbələr yaxın ərazilərdən uzaq ərazilərə köçürlər. Məsələn, əvvəllər tələbələr Əhmədli və 20-ci Sahəyə maraq göstərmirdilər. Amma son dövrlər maraq artıb. Kirayə mənzil bazarına olan tələbat şəhərin mərkəzi hissələrindən şəhərkənarı zonaya keçib. Bu zonalarda aktivliyin yüksəlməsi qiymətlərin də artmasına təsir göstərib”.

Image result for Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin üzvü, Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin üzvü, Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı paytaxtın mərkəzində və mərkəzə yaxın ərazilərdə ucuz kirayə mənzil tapılması probleminin genişləndiyini qeyd etdi: “Hazırda şəhərsalma və infrastruktur layihələrinin icrası, eyni zamanda bəzi yerlərdə söküntü işlərinin aparılması, son illərdə pilot layihələrin həyata keçirilməsi ilə kirayə mənzil bazarında əlavə tələbin formalaşdırılması, həmçinin təklif portfelinin həcminin daralması kirayə mənzilə olan tələbatı aktuallaşdırıb. Yəni bu, qaçılmaz həqiqətdir ki, son illər kirayə mənzil bazarına olan tələb xeyli dərəcədə artıb. Nəticə etibarı ilə paytaxtın mərkəzində və mərkəzə yaxın ərazilərdə ucuz kirayə mənzil tapılması problemi genişlənib. Digər tərəfdən son illər ölkəmizə turist axının güclənməsi mərkəzi hissələrdə kirayə mənzillərin qiymətinin artmasına təsirsiz ötüşməyib. Hətta sutkalıq mənzil kirayələyənlər belə var. Təbii ki, bütün bu sadalananlar bazarda qiymət siyasətinin dəyişməsinə təsir edir. Belə olan halda mərkəzdəki kirayə evlər tələbələr üçün əlçatanlığını itirir”.

R.Osmanlı mənzil bazarındakı tələb-təklif məsələsinə də toxundu: “Təbii ki, qiymətlərdə yüksəlmə olduqca, vətəndaşlar arasında ucuz mənzilə tələb artır, bunun qarşılığında isə təklif azalır. Ona görə, şəhərkənarı kirayə mənzil sahəsində sahibkarlıqla məşğul olan bəzi şəxslər peyda olur. Lakin onlar bu işlə rəsmi şəkildə məşğul olmurlar. Məsələn, bir şəxs öz vəsaiti hesabına 12 otaqdan ibarət olan fərdi yaşayış evi tikir və onu təxminən 10, 12 nəfərdən ibarət tələbəyə icarəyə verir. Bunlar kirayə mənzil bazarının şəhər mərkəzindən kənara doğru genişlənməsinə şərait yaradır”.

Direktordan şəhərkənarı ərazilərdə yerləşən kirayə mənzillərin qiymətini soruşduq: “Kənar dedikdə, təbii ki, Maştağa, Binə, Mərdəkan kimi zonaları nəzərdə tutmuruq. Əlbəttə, o ərazilərdə də kirayə qalıb, hər gün dərsə gəlib gedən tələbə var. Amma hələ ki, kütləvi deyil. Biz kənar dedikdə, mikrorayonları nəzərə alırıq. Bir müddət əvvəl mikrorayonlarda 200 manata mənzil tapmaq mümkün idisə, hazırda bu qiymət minimum 250, 300 manatdan başlayır. Eyni zamanda “Kubinka”, “Montin”, “Yasamal” kimi ərazilərdə birotaqlı fərdi yaşayış evlərinin qiyməti əvvəllər 150 manat idisə, bu gün həmin rəqəmlər 250 manatdır. Təbii ki, qiymət, evin təmirindən, kommunal şəraitindən, yerləşmə coğrafiyasından asılı olaraq dəyişir”.

Həmsöhbətimizlə kirayə mənzil saytları ilə bağlı məqamı da aydınlaşdırdıq: “Xanımın qeyd etdiyi nüans kifayət qədər realdır. Yəni bu, aldatma, qiymət artımına yönəlik bir oyun deyil, tam real göstəricidir. Çünki həmin saytlara elan yerləşdirmək pulludur və düşünmürəm ki, kimsə yanlış informasiya yerləşdirsin. Günümüzdə kirayə mənzil bazarında tələb həqiqətən yüksəkdir. Bu mənada evlərin, elan qoyulan kimi dərhal kirayələnməsi mümkündür”.

 

Günel Azadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir