menzil

Kirayə mənzilləri bahalaşdıran səbəblər – ARAŞDIRMA

Baxış sayı: 620

Son vaxtlar kirayə mənzil bazarında qiymətlər “cib” yandırır. Adətən yaz-yay aylarında kirayə mənzil bazarında ucuzlaşma müşahidə olunsa da, indi nəinki ucuz, baha ev belə tapmaq olmur. Tələbat çox, təklif azdır. Hətta evlərin üstündə dava edən müştərilər belə var. Əvvəllər 500-600 manatlıq evlər VİP hesab olunurdusa, indi o qiymətə sadə şəraitli ev tapmaq çox çətindir. Bəs səbəb nədir? Niyə kirayə mənzil bazarında ev az, qiymət yüksəkdir?

 

“Evlər də bərbad vəziyyətdədir”

Aliyə, təxminən, 3 aydır ki, ev tapa bilmir. Qiymətlərin evin vəziyyətinə uyğun olmadığını iddia edir: “Hansı “makler”ə üz tuturamsa, “ev yoxdur” cavabını alıram. Bəlkə şəhər kənarında ev tapa bilərəm ümidi ilə axtarıram, yenə də əliboş qayıdıram. Təklif olunan evlər də bərbad vəziyyətdədir”.

Tofiq də qiymətlərdən narazıdır: “Xüsusilə, təzə binalara yaxın getmək mümkün deyil. Qiymətlər fantastik həddədir. Elə bil ki, kirayə qalmırsan, ev alırsan. Əvvəllər 250-300 manata ev tapa bilirdinsə, indi minimum 500 manatın olmalıdır”.

 Mənzillərə tələbat niyə çoxdur?

Əmlakçı Mülkədar Rüstəmov bildirdi ki, kirayə mənzil bazarında qiymətlərin bahalaşmasının səbəbi Bakı şəhərində son 5-6 ay ərzində aparılan söküntülərdir: “Şəhərin mərkəzi küçələrində “xruşovka” layihəli binaların söküntüsü başlanıldı. Söküntüyə məruz qalan binaların sakinləri kirayə evlərə köçürüldü. Onların sayı da kifayət qədər çoxdur. Söküntülərdən əlavə, mənzillərə tələbatın çox olmasının ikinci səbəbi isə Ukraynadan gələn vətəndaşlarımızla bağlıdır”.

 

“Bahalıqdan tələbələr əziyyət çəkir”

Əmlakçının sözlərinə görə, kirayə mənzil bazarındakı bahalıqdan tələbələr əziyyət çəkir: “Kirayə mənzillərin qiymətlərinin qalxmasının əsas ana xətti keçən ilin sentyabr-oktyabr aylarından başlayıb. Pandemiya başlayanda tələbələr rayonlara qayıtdılar. Onların boşaltdığı mənzillər ailələrə verildi. Yumşalmalar başlayınca, tələbələr rayonlardan şəhərə qayıtdılar və mənzil tapa bilmədilər. Bir hissəsi hosteldə, digərləri qohumların evlərində qalır”.

 

“Mənzil sahibləri qiymətləri qaldırır”

Həmsöhbətimiz vurğulayır ki, tələbat həddindən artıq çox olanda mənzil sahibləri də qiymətləri qaldırdı: “Əvvəl 300 manata verilən ev indi 400-450 manat civarında verilir.  Mənzillər, demək olar ki, doludur. Kirayə verilən evlər də uzunmüddətli verildiyi üçün boşalma ehtimalı çox azdır”.

 

Yazılanlar var, amma…

Vəziyyətin günü-gündən daha da qəlizləşdiyini bildirən mütəxəssis deyir ki, mənzil bazarında ayrı-seçkilik də problemlərə səbəb olur: “Vəziyyət daha da mürəkkəbləşir. Hər gün kirayə üçün müraciət edənlər, yazılanlar var. Amma ev yoxdur. Üstəlik, kirayə mənzil bazarında ayrı-seçkilik də mövcuddur. Xüsusilə, oğlanlara ev verilmir. Ev sahibləri şərtlər irəli sürür ki, ancaq xanımlara və ailələrə veririk. Nəzərə alaq ki, kirayə yaşayanların əksər hissəsi tələbələrdir. Onlara etimad göstərilmir. Bu da vəziyyətin qəlizləşməsinə gətirib çıxarıb. Bu dövrdə tələbələrə qarşı ədalətsizliklər çox oldu”.

 

Söküntülər davam etdikcə…

Məlumdur ki, may ayından sonra bağ evlərinə tələbat çoxalır. Əmlakçı vurğulayır ki, bu il proqnoz gözlənilən kimi deyil: “Yazda, xüsusən, Abşeron rayonu istiqamətində olan bağ evlərinə maraq olurdu. Bu il o da gözlənilən kimi olmadı. Pandemiya dövründə o ərazilərə güclü tələbat var idi. Hətta orada qiymətlər fantastik idi. Bu il isə əksinədir. Sərhədlər bağlı olduğu üçün turist axını da yoxdur. Bu səbəbdən bağ evləri ilə bağlı durğunluqdur. Şəhərdəki mənzillərə isə tələbat artan dinamika ilə davam edəcək. Qarşıdakı 1 ildə qiymət azalmasını gözləmək absurddur. Hazırda Bakıda 11 minə yaxın qəzalı bina var. Söküntülər davam etdikcə, tələbat da çox olacaq. Bunu isə artan qiymətlərdə müşahidə edəcəyik”.

“Sovetski”  sökülməzdən öncə…

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyir ki, hazırda kirayə mənzil bazarında ekonom seqmentinə aid təkliflərin azalması müşahidə olunur: “Sovetski” sökülməzdən öncə, həmin ərazidə ucuz qiymətə fərdi evlər var idi. Onlar da sosial durumu aşağı olan vətəndaşların tələbatını ödəyirdi. Bu kimi böyük ərazinin sökülməsi nəticəsində belə təkliflər şiddətli şəkildə azaldı. 2016-2017-ci ildən sonra pilot layihələrin həyata keçirilməsi başlandı. Nəsimi, Yasamal, Nərimanov və digər rayonlarda köhnəlmiş, qəzalı vəziyyətdə olan yaşayış binaları sökülür. Yerində yeni binalar tikildiyi üçün, qiyməti də yüksəlir. Bu da bazara təsir edir”.

 

“Əvvəldən qiyməti baha olan evlər…”

Mütəxəssis hesab edir ki, tələbin çox olmasının ikinci səbəbi əhalinin fiziki artımıdır: “İlbəil əhali artır. Tələb çoxalır, təklif azalır. Ümumiyyətlə, 2020-ci ildən sonra, orta hesabla yeni tikililərin 20 faiz bahalaşması ekonom seqmentinə təsir etdi. Bir çox vətəndaşlar aldığı evləri kirayə verirlər. Əvvəldən qiyməti baha olan evlər olduğu kimi qalır, onlara tələbat yoxdur. Bahalaşma, əsasən, qiyməti 500 manata kimi olan evlərdə müşahidə olunur”.

 

Aygün ƏZİZ 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir