ata

Kişi ata olmasını gözləyərkən: qorxular və ehtiyatlar

Baxış sayı: 1. 560

Hər bir kişinin oğul və ər statusu ilə yanaşı, ata statusunu da alması anı yaxınlaşdıqca, onun həyəcanı arta bilər. Yeni öhdəliklər, həyat tərzində bir sıra dəyişikliklər, köhnə vərdişlərdən əl çəkmə və evdə ən əsas yeri tutacaq olan balaca qayğı obyekti – bütün bunlar ata olmağın ilk gözəl əlamətləridir.

Valideyn olmaq perspektivi insanın həyatını dəyişdirir, lakin qadınların və kişilərin qayğıları fərqlidir. Bu onların ətrafda baş verənlərə fərqli münasibətindən irəli gəlir, və bu fərq təbiətən kişilər və qadınların şüurunda mövcuddur.

Maddi rifah

Ailə üzvlərinin sayının artacağını gözləyən kişini düşündürən ilk şey ailənin maddi rifahıdır. Bu da təəccüblü deyil; axı uşaq dünyaya gəldikdən sonra yeni, indiyədək ailə büdcəsində nəzərdə tutulmayan xərclər ortaya çıxacaq. Əlbəttə gələcək ata bir qədər narahat olur, fikir çəkir, lakin çox vaxt bu barədə həyat yoldaşı ilə danışmır. Qadın isə bunu anlamaya da bilər. Müasir ailələrdə çox vaxt ər də arvad da işləyir və onların ümumi ailə büdcələri olur. Qadın hamilə qalana qədər işləyirdisə, onun analıq məzuniyyətinə çıxması ailə büdcəsinin gəlirlərinin azalmasına, xərclərin isə artmasına gətirib çıxaracaq. Belə vəziyyətə ağılla yanaşma, xərclərin planlaşdırılması, ailə mühasibatının incəliklərinə yiyələnmə gənc ailələr arasında getdikcə populyarlaşır və bu da, əlbəttə ki, təşvişə düşməmək və meydana çıxan çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək. Körpənizə nəyi isə verə bilməyəcəyiniz haqqında düşünməyin. Hər şey mütləq alınacaq. Yeri gəlmişkən deyək ki, çox vaxt belə vəziyyətlər daha yüksək vəzifəyə keçməyə, daha yüksək əmək haqqı olan işə keçməyə can atmağa təkan verir, yaxud da şəxsi biznes haqqında düşünməyə vadar edir. Razılaşın ki, bu, işə çox kömək edə bilər.

Məsuliyyət hissi

Bizə elə gəlir ki, bu hissdə yalnız müsbət məqamlar var, lakin burada da fərqli münasibət ola bilir. Bəzilərində bu hiss elə kəskin olur ki, o daimi narahatlığa çevrilir. Doğuş yaxınlaşdıqca, gələcək ata təkcə həyat yoldaşına görə deyil, həm də gələcək körpəsinə görə həyəcan keçirir. Ola bilər ki, kişi bu vaxta qədər kiçik qardaş və bacılarına və ya qardaş və bacı uşaqlarına görə müəyyən dərəcədə məsuliyyət hissi keçirib. İndi isə vəziyyət tamam fərqlidir. Öz körpəsinə görə hiss etdiyi məsuliyyət heç nə ilə müqayisə oluna bilməz. Belə bir vaxtda narahat yuxu, əsəb gərginliyi və bunların nəticəsində meydana gələn stress vəziyyəti heç də arzuolunan şey deyil. Azacıq da olsa atalıq təcrübəsi olan dostlarınız və tanışlarınızla söhbət edin. Sizi narahat edən məsələlər haqqında danışın. Axı əslində bu sualların çoxu uydurma və şişirdilmiş ola bilər. Onların öz uşaqları ilə ünsiyyət qurmaq, bunu necə etdiklərini müşahidə etmək sizə çox kömək edə bilər.

Həyat yoldaşının dəstəyi

Kişilər nə qədər güclü olsalar da, həyat yoldaşlarının bundan sonra öz asudə vaxtlarını bütövlüklə onlara həsr etməyəcəyi haqqında düşüncələr çoxunu narahat edir. Çox vaxt onlar bunu açıq söyləmir, lakin buna baxmayaraq, problem özlüyündə mövcud olaraq qalır və kişini içindən yeyir, bu da pis əhval-ruhiyyəyə və son nəticədə yersiz iradlara gətirib çıxara bilər. Lakin həyat yoldaşınızın və bir az sonra ana olacaq qadının başı körpəsinə qarışdıqdan sonra sizin düşə biləcəyiniz yalnızlıq hissi baş verməyə də bilər. Bunun üçün siz özünüz yaxından bu prosesə qoşulmalı və belə mühüm məqamda ona kömək etməlisiniz. Bu sizə bir yerdə daha çox olmağa, özünüzü tam bir ailə kimi hiss etməyə kömək edəcək.

Yeni qrafik

Yaxınlarınızın, dostlarınızın, hətta ailə komediyalarının uşaq dünyaya gəldikdən sonra valideynlərin daha özlərinə aid olmayacaqları haqqında söhbətlər bir çox kişiləri qorxuda bilər. İndi sənin müəyyən mənada əlin-qolun bağlı ololacaq, televiziya verilişlərini seyr etməyin, şəhər kənarına gözlənilməz səfərlərin, restorana getməyin və ya sadəcə istirahət günlərində yatıb dincəlmək istəyin təkcə səndən deyil, həm də balaca insanın istəyindən və ya ehtiyaclarından asılı olacaq. İlk aylar xüsusilə çətin dövrdür. Bu vaxt körpənin davranışı, yuxusu və istəkləri formalaşır və qeyri-sabit olur. Lakin bütün analar və atalar bunlardan keçir, siz də mütləq bunun öhdəsindən gələcəksiniz! Bir az da vaxt keçəcək və siz artıq özünüzü bu körpəsiz təsəvvür edə bilməyəcəksiniz və hər şey öz axarına düşərək, yeni məna kəsb edəcək.

Kişinin atalığa qədəm qoyması ərəfəsində keçirdiyi narahatlıq hissləri ilə bağlı yuxarıda sadalanan amilləri yekunlaşdıraraq qeyd etməliyik ki, sizin yaxın zamanda böyüyəcək ailənizdəki əmin-amanlığı uşağa qulluq və qayğı ilə əlaqədar bir çox məqamlara təsir edəcək. Bir-birinizə qarşı təmkinli olmağa, bir-birinizə güzəştə getməyə çalışın, fikirlərinizi və həyəcanlarınızı partnyorunuza emosional şəkildə və ya qışqırıqla bildirməyin, hər şeyi birlikdə edin və əlbəttə ki, sevdiklərinizi qoruyun. Yalnız o zaman siz atalıq və analıq hissini tam mənası ilə yaşaya bilərsiniz. Unutmayın ki, bu sizin ailənizdə isti münasibətlərin yeni inkişaf mərhələsi olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir