toy

Kişilərə evlilik təklif edən məşhur qadınlar – FOTOLAR

Baxış sayı: 1. 638

Patriarxal dünya kişini hər şeydə birinci, ilk təşəbbüskar kimi qəbul edir. Xüsusilə də qadın-kişi münasibətlərində ilk addımı güclü cins atmalıdır. Kişi tanışlığa can atmalıdır, hisslərini ilk olaraq bəlli etməlidir, evlənmə təklifi irəli sürməlidir və s. Amma bu qəbul olunmuş qaydalar xoşbəxtlikdən həmişə keçərli deyil. Elə qadınlar var ki, yuxarıda sadalanan addımları özləri ilk olaraq atırlar. Ya səbirsizlikdən, ya da qarşı tərəfin utancaqlığından ilk təşəbbüsü öz üzərinə götürməli olurlar.

“Gencaile.az” həyat yoldaşlarına evlilik təklif edən məşhur qadınları təqdim edir:

Dünya şöhrətli amerikalı müğənni Pinkin (əsl adı Alişa Bet Mur) idmançı (velosipedçi) sevgilisi Keri Xarta evlilik təklifi əsl film epizodu kimi yadda qalıb. Tez-tez küsüb-barışan cütlük əslində bir-birinə çox aşiq olsa da münasibətləri enişli-yoxuşlu olurdu. Sevgilərini rəsmiləşdirmək isə ilk olaraq Pinkin ağlına gəlib. Pink yarışların birində onun yanından sürətlə ötüb-keçən Keriyə plakat göstərib. Orada belə yazılırdı: “Mənimlə evlənərsən?” Dərhal plakatın arxasını çevirib “Zarafat eləmirəm” adlı başqa bir yazını göstərib. İdmançının hər kəsin önündə “hə” deməkdən başqa çarəsi qalmayıb.

Məşhur “No Doubt” qrupunun solisti, hazırda iş qadını Qven Stefani də sevgilisini qabaqlayıb. 14 illik həyat yoldaşından ayrıldıqdan sonra qısa müddətə özünə sevgili tapan Qven yenidən ailə həyatı qurmaq istəyib. Müğənni Bleyk Şeytona evlilik təklif edib və cavabı müsbət olub. Amma Şelton sonralar etiraf edirdi ki, Qvenin bu hərəkətindən ani şok keçirib. Mühafizəkar ailədə böyüdüyündən qadından belə bir təklif gözləmirmiş. Amma Qveni də məhz fərqli olduğuna görə sevdiyini deyir.

Rus estradasının primadonnası Alla Puqaçeva da gənc əri Maksim Qalkinə evlilik təklif edib. Həm də hər kəsin gözü önündə! Məşhur müğənni Aleksandr Buynovun bağ evində Qalkinin 32 yaşı qeyd olunarkən Puqaçeva belə bir tost deyir: “Baxmayaraq ki, sən məndən çox cavansan, amma səni heç kimə verməyəcəm. Sənə özüm ərə gedəcəm!” Nəticə də göz qabağındadır.

Daha bir tanınmış rus müğənni Qlükoza (Natalya Çistyakova İonova) iş adamı olan əri ilə təyyarədə tanış olub. Aleksandr Çistyakova özü telefon nömrəsini verib və görüşə çağırıb. Bir neçə ay romantik görüşlərdən sonra da yenə də təşəbbüsü ələ alıb. Kiyevdə dostları ilə birlikdə keçirdikləri məclisdə Natalya Aleksandra “Bəlkə məni alasan?” – deyə hər kəsin önündə sual verib. Aleksandr təəccüblənsə də məsələni zarafata çevirib. Çevrilib dostlarına “Alım, ya almayım?” deyə sual verərək hər kəsin üzünü güldürüb. Amma üstündən qısa müddət sonra cütlük həqiqətən də evlənib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir