ata

Kişilər niyə “rədd edən Ata Sindromu” yaşayır?

Baxış sayı: 1. 935

Çox zaman qadınların doğuş sonrası depressiya yaşadığı barədə eşitmişdik. Amma ABŞ-ın Miçiqan Universitetinin araşdırmalarına görə, atalar da doğuş sonrası depressiyaya düşə bilir. Mütəxəssislərin fikrincə, kişilərin doğuş sonrası depressiyaya düşməsinin əsas səbəbi işsizliklə əlaqəli olur. Belə ki, hər 25 atadan birində görülən depressiya uzun zaman davam edir. Araşdırma nəticəsində o da məlum olub ki, depressiyada olan ataların 40 faizi uşaqlarına şiddət tətbiq edir.

Atalığın gətirdiyi təzyiqlər, evdə artan məsuliyyətlər, maliyyə çətinlikləri və həyat tərzindəki dəyişikliklərə əlavə olaraq həyat yoldaşı ilə olan əlaqədə yaşanan dəyişmə kişilərdə depressiv duyğuların yaranmasına səbəb olur. Amma kişilərin doğuş sonrası depressiyaya düşməsi, demək olar ki, heç bir zaman nəzərə alınmır. Ancaq mütəxəssislər doğuşdan dərhal sonra atanın depressiyaya girməsi ilə uşaqlarına qarşı davranış problemləri yaşadıqlarını hesab edirlər. Oğlanlar atanın depressiyasından qızlara nəzərən daha çox təsirlənir. Ananın doğuş sonrası depressiyada olması atanın depressiyaya düşmə riskini 3-7 faiz artırır. İlk dəfə ata olmaq, 40 yaşından sonra ata olmaq, atanın təhsil səviyyəsinin aşağı olması, stress yaradıcı vəziyyətlərin təkrarlanması, körpənin anası ilə olan əlaqənin vəziyyəti kişilərin də doğuş sonrası depressiyaya düşməsinə səbəb olur. Bəzi kişilərdə depressiya həyat yoldaşının doğuş sonrası deyil, elə hamiləlik dövründə başlayır. Mütəxəssislərə görə isə doğuş sonrası depressiyada olan kişilər çox içməyə başlayır, narkotik maddələrə aludə olur, bəziləri isə xarici əlaqələrə girməyə başlayır. Kişilərin ən çox depressiya yaşadığı dövr doğuşdan sonra ilk 3-6 aydır. Körpənin gəlişiylə analar kimi ataların da həyatında böyük dəyişikliklər baş verir.

Psixoloq Aynur Əlibəylinin fikrincə, depressiyaya girən kişilər dəli kimi olur: “Hamiləlik dövründə körpəsini daha çox düşünən qadın kişiyə az diqqət göstərir. Kişi də bunun fərqində olur. Kişi elə düşünür ki, qadın artıq laqeydləşib. Depressiyaya düşən qadın kədərli olduğu halda kişi əsəbi, dəli kimi olur”.

Doğuş sonrası depressiya qadınlarda, ümumiyyətlə, daha geç – 2-8 həftədə başlayır və 1 ilə qədər davam edir. Kişilərdə isə bu daha uzun müddət davam edir. A.Əlibəylinin sözlərinə görə, bu, elmi dildə “Rədd edən Atalıq Sindromu” adlanır. Psixoloq deyir ki, bir çox kişilərdə qadınları hamilə olduğu dövrdə “Couvade sindromu” da özünü göstərir. “Couvade sindromu” həyat yoldaşları hamilə olan kişilərin hamiləlik simptomları yaşamasıdır. “Couvade sindromu” ilk dəfə XVII əsrdə Frans Basqua tərəfindən müəyyən edilib, “yumurtadan cücə çıxması” və ya “kürtə yatmaq” mənasını verir. Hamiləliyin bu simptomları Trethovan və Conlon tərəfindən 1965-cı ildə “Couvade sindromu” adlandırılıb.

Həmsöhbətimizin sözlərinə görə, hər kişi ata olduqdan sonra fərqli duyğular hiss edir. Bəzi kişilər özünü çox xoşbəxt hiss etdiyi, lovğalandığı təqdirdə, bəzisi ağlayır, bəzisi isə evdən qaçıb can qutarmaq istəyirlər. Dediyinə görə, “Rədd edən Ata Sindromu” yaşayan kişilər içlərinə qapandığı kimi, həddindən artıq gərgin və əsəbi rəftarlarıyla da diqqət çəkirlər. “Onlar öz körpələrinə düşmən kimi baxır, rəqib kimi görürlər. Onlara elə gəlir ki, həyat daha əvvəlki kimi olmayacaq. Düşünürlər ki, həyat yoldaşları əllərindən alınıb. Depressiyaya düşən kişilər özlərini yaşadıqları evə aid hiss etmir, xor görüldüklərini düşünürlər. Gəzmək, əvvəllər olduğu kimi söhbət etmək, sevişmək və hətta yatmaq da mümkün deyil. Və uşağın özü ilə gətirdiyi xərclər – yeməyi, pampersi, həkimi, peyvəndi, geyimi. Kişi bunları düşündükcə evdən qaçmaq istəyir və çox zaman da qaçır. Körpəyə düşmən, həyat yoldaşına isə xəyanətkar kimi baxır”.

Bəziləri isə elə davranır ki, sanki evdə nə körpə və var, nə həyat yoldaşı. Onlar üçün körpəni sevmək, maraqlanmaq yalnız və yalnız yükdür. Həyat artıq mənasız və çətinliklərlə doludur. Bəzi kişilər belə məqamlarda özlərini işə verib, çox zaman işdə də gecələyirlər.

Atalıq sindromu 3 ay ərzində keçir və yerini məsuliyyətli atalıq hissi alır. Uzanan depressiyalar zamanı kişilərin müalicə alması çox vacibdir. Əks halda vəziyyət boşanmaya qədər gedib çıxa bilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir