Koko Sanelin

Kişiləri şlyapa kimi dəyişən məşhur: “məzarlıq mələyi”, yoxsa lesbiyan? – HEKAYƏT

Baxış sayı: 173

Dəbin hələ təzəcə ayaq açıb kütləviləşməyə, yəni “moda” qəlibinə düşməyə başladığı vaxt bu xanım geyimdə “zərif inqilab” yaratdı. İllərdir onun bənzərsiz kolleksiyaları haqda çox danışıldı, çox deyildi. Ancaq hamını bir sual düşündürdü. Bu qadının uğurlarının sirri nədədir? Doğrudan çox zövqlü idi, ya cəsarətli, yoxsa kişi dəstəyi? Koko Şanelin bioqrafiyasının rəngli hissələrində təbii ki, sevgi macəralarının böyük yeri var.

 

Məzarlıq mələyi…

Əsl adı Qabriel olan Kokonun uşaqlıqda qəribə xüsusiyyətləri vardı. Belə ki, qəbirstanlıqda gəzişər, xoşuna gələn iki qəbir seçib onlarla “dostlaşar”, qəbirdə yatanlarla “söhbət” edərdi. Sonra özünün köhnə kuklalarını və atasının ona hədiyyə etdiyi bahalı əşyaları həmin məzarın yanında basdırardı. Beləcə, bu balaca qızcığaz özünü xəyalında qurduğu dünyasının kraliçası hesab edərək xoşbəxt olurdu. Üstəlik o, özü üçün qəribə həyat hekayələri uydururdu. Hətta sonralar Kokonun həyatı haqda film çəkən ssenarist və rejissorlar məhz bu uydurma həyat hekayələrinin içində nəyin həqiqət, nəyin yalan olduğunu ayırd etməkdə çətinlik çəkirdilər. Özünün dediyinə görə, internatda böyüyən Koko buranı tərk edəndən sonra Mulen şəhərində geyim mağazasında işləyir. Boş vaxtlarında “Rotonda” adlı kiçik estrada məkanında çalışırdı. Mulen qarnizon şəhəri sayılırdı və burda çoxlu sayda zabit yaşayırdı. Onlardan çoxu tanınmış və zəngin idi. Zabitlər əyləncə üçün bu sevimli məkana toplaşırdılar. Qabriel xarizma və cəlbedici xarici görünüşü ilə zabitlərin sevimlisinə çevrilmişdi. Məhz burda yeniyetmə qızcığaz bir anlıq qərar verdi ki, gələcəkdə məşhur müğənni olmalıdır. O,  institutun xorunda oxumuşdu, lakin estradanı sınaqdan keçirməmişdi. Qabriel müğənni olmaq istəyini zabitlərə bildirir. Bu ideya onlara da maraqlı və cəlbedici görünür.  Konsert üçün direktorları ilə razılığa gəlirlər. Beləcə, möhtəşəm konsert demək olar ki, gözlənilməz səs-küylə qarşılanır. Xüsusilə də səsləndirdiyi “Ko Ko Ri Ko” mahnısı gurultulu alqışlarla yadda qalır. Məhz bu mahnıdan sonra onu Koko deyə çağırmağa başlayırlar. Amma bir müddət keçəcək və Qabriel etiraf edəcəkdi ki, bu ad onun o qədər də  xoşuna gəlmir…

 

Zabitlərin arasında bir neçəsi Kokonu gözaltı eləmişdi. Ancaq onlardan birinin, Etyen Balzan adlı gəncin bəxti gətirir. O,  həm də Kokonun ilk zəngin himayədarı olur.

Kokonun Etyenlə günləri xoş keçsə də, sonralar o, həqiqi sevginin dadını ingilis sənayeçi Boy ləqəbli Artur Kapellə olan münasibətində hiss etdiyini dilə gətirəcəkdi. Koko etiraf edirdi ki, bu, əsl sevgidir.

 

Boy Kokoya Parisdə Kambon küçəsində ilk geyim mağazasını açmağa yardım etdi. Sonralar bu küçə mağazanın adı ilə məhz “Şanel” küçəsi kimi tanınmağa başladı. Ancaq təxminən yarım ildən sonra Koko uğurlu biznesinin qarşılığını artıqlaması ilə əldə edir və  Boyun ona verdiyi pulu geri qaytarır. Boy sevgilisinin bu jestini birmənalı qarşılamır. Etirazını isə bu cür dilə gətirir: “Mən hesab edirdim ki, sənə oyuncaq vermişəm. Amma belə görünür ki, sənə azadlığı hədiyyə etmişəm…”

 

Cütlük düşünürdü ki, onların bir-birinə olan bağlılığı qəbir evinə qədər olacaq. Lakin avtoqəza sevgililərin özləri üçün qurduğu rahat və isti dünyanı darmadağın etdi. Boyu itirən Koko bir müddət tənhalığa çəkildi. Günlərlə evdən bayıra çıxmadı. Villasında divarları, tavanları qara rəngə boyatdırdı, pəncərələrdən qara rəngli pərdə asdırdı, hətta yatağına belə qara örtüklər saldırdı. Həmin vaxt verdiyi müsahibədə deyirdi: “Qadın sevimli deyilsə, xoşbəxt ola bilməz. Hansı qadın sevilmirsə, o, sadəcə, sıfıra bərabərdir, başqa heç nə. İnanın mənə, gənc və ya yaşlı, ana, sevgili… fərq  etməz. Qadın sevilmirsə, zatən ölüdür… O, sakitcə ölə bilər… Sonrası vacib deyil…”

 

Belə demək olarsa, Kokonu depressiyadan Dyaqilev və Stravinsk adlı iki rus kişinin dostluğu, mənəvi dəstəyi dartıb çıxarır. Təbii ki, bu dostluğun kökündə başqa məsələlər də dayanırdı. Belə ki, Koko Dyaqilevin işlərinə maddi dəstək verirdi. On il iş birliyinin içində Koko həm də onun yatağının əvəzolunmaz qadınlarından birinə çevrilmişdi. Hətta Dyaqilev Vyanada vəfat edəndə Koko onun dəfninin maliyyə xərclərini öz üzərinə götürdü.

 

Təbii ki, Koko “qadın sevməli, sevilməli və xoşbəxt olmalıdır” devizi ilə yaşayırdı.  Dyaqilevin ölümündən sonra da o, yenə sevdi, sevildi…

 

Tezliklə Koko məşhur knyaz Dmitri ilə tanış olur. O, gənc oğlana vurulur və onu “himayəsinə” götürür. Dmitri Kokonu ətriyyatçı Ernest Bo ilə tanış edir. Bo süni ətirlərin istehsalı ilə bağlı fikirlərini Kokoya bildirir. Bu fikir məşhur modelyerə maraqlı görünür. Çünki o düşünürdü ki, təbii güllərdən hazırlanan ətirlərin qoxusu da saxtadır. Koko deyirdi: “Qadın ətirləri qadın iyi verməlidir…”

 

İspan rəssam Pol İriblə sevgi macərası yaşayanda Kokonun artıq əlli yaşı vardı. Hətta onlar evliliyə hazırlaşırdılar. Lakin 1935-ci ildə Pol İrib tennis oynayarkən aldığı zədədən dünyasını dəyişir.

 

Koko Şanel sevgisiz qala bilməzdi…

 

İkinci dünya müharibəsi başlayanda Koko öz karyerasına son verir. Mağazalarını bağlayır.  Almanlar Fransanı işğal edəndə Koko alman diplomatı ilə eşq macərası yaşayırdı. Diplomat sevgilisi Kokonu üçüncü reyxin lideri Valter Şellinberqlə tanış edir. Şanel almanlar üçün “işləməyə” başlayır. Almanlar onu Çörçillə danışıqlarında vasitəçi kimi istifadə etmək niyyətində idilər. Fransanın işğaldan azad olunmasından sonra Koko almanlarla iş birliyinin aşkara çıxacağını bilib ölkəni tərk etməyə məcbur olur.

 

1954-cü ildə yetmiş yaşlı Koko Şanel ölkəsinə qayıdır. Həm də işinə. Belə ki, yeni kolleksiyasını nümayiş etdirmək istəyən Koko haqda rəylər birmənalı deyildi. Çoxları onun yeni modellər təqdim edə biləcəyinə inanmırdılar. “Bu qoca qarı yeni nə göstərəcək?” deyənləri Koko Şanel yenə də öz mükəmməl və zövqlü kolleksiyası ilə susdurmağı bacardı. Bunu görmək və dərk etmək üçün ağız büzənlərə çox vaxt lazım olmadı.

 

Kokonun moda aləminə qayıdışını həzm edə bilməyənlər hətta onun haqqında şayiələr yaymaqdan belə çəkinmirdilər. Guya modelyer model qızların geyimlərini tikəndə  onların bədənlərini xüsusi nəvazişlə oxşayır. Artıq Kokunun lesbiyan olması  ilə bağlı dedi-qodular ayaq açıb yeriməyə başlayırdı. Təbii ki, bu söz-söhbətlər modelyerin əhvalını korladı. Amma Koko güclü qadın olduğunu işi ilə sübut etdi və boşboğazların onu sındırmağına imkan vermədi.

 

1971-ci ilin soyuq yanvarı…  88 yaşlı Koko Ritz otelində xəstə yatağında canı ilə əlləşməsinə baxmayaraq, otelin qarşı tərəfindəki Kambon küçəsində ilk açdığı geyim dükanını həsrətlə xatırlayır. Və son sözlərini pıçıldayır: “Beləcə, bizi son nəfəsimizin ümidinə buraxırlar…”

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir