derman

Kişiləri yataqda öldürən “VİAQRA”nın təhlükəli təsirləri…

Baxış sayı: 199

Bir neçə gün öncə dünyasını dəyişən deputat Astan Şahverdiyevin ölümü ilə bağlı yayılan məlumatlar səngimir. Məlum olduğu kimi, deputat Qusarın Çiləgir kəndində yerləşən “Chateau” otelində ürək tutmasından ölüb. Sosial şəbəkələrdə və bəzi KİV-lərdə deputatın ölümü ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Qeyd olunur ki, Astan Şahverdiyev yüksək dozalı həblərdən – “Viaqra”dan istifadə etdiyi üçün dünyasını dəyişib.

Bu məlumatın nə dərəcədə doğru olub-olmadığı dəqiqləşdirilməsə də, qeyd edək ki, son illərdə ölkəmizdə “Viaqra”dan dünyasını dəyşilənlərin sayı durmadan artmaqdadır. Məsələn, bu ilin yanvar ayında Bakının nüfuzlu otellərinin birində 1962-ci il təvəllüdlü ərəb turist Məsfər Oman Əlbillahi “Viaqra” qəbul etdiyi üçün ürək tutmasından dünyasını dəyişmişdi. Bir neçə il öncə isə Türkiyədə yaşayan, əslən azərbaycanlı müğənni Azər Bülbülün də ölümünə səbəb analoji dərmandan istifadə etməsi olmuşdu.

Bəs, “Viaqra” nədir? Kimlər belə dərmanlardan istifadə edə bilərlər?

Məlumata görə, dünyada ən çox satılma üzrə rekord vuran “Viaqra” ilk dəfə 1998-ci ildə ABŞ-da hazırlanıb. İlk vaxtlar bu dərman tamamilə başqa məqsədlə – ürək anginasının müalicəsi üçün nəzərdə tutulub. Dərman ürəyə gedən damarları yumşaldaraq, qan təchizatını artırmalı idi. Lakin sınaqlar zamanı buna nail olunmurdu.

Onun istehsalçısı olan “Pfizer” şirkəti hətta az qala növbəti sınaqları dayandıracaqdı. Lakin bu zaman artıq sınaqlarda iştirak etmiş könüllülər şirkətə xəbər vermişdilər ki, bu dərmanın başqa, indi hamıya məlum olan effekti də var. Dərman hətta impotent kişilərdə də müsbət təsirə malik idi.

Ekspertlərin sözlərinə görə, “Viaqra” tipli dərmanlar cinsi istəyi artırmır, ancaq mövcud olan ereksiyanı uzadıb, keyfiyyətini artırır. Onlar psixoloji cinsi zəiflikdə çox vaxt bu cür dərmanları tövsiyə edirlər. Çünki bu həblərin təsiri istifadə edən şəxsin özünə olan güvənini gücləndirir və cinsi əlaqənin keyfiyyətini artırır. İstifadəsinə gəldikdə isə, ekspertlər bu tip dərmanları yalnız 4-5 dəfə içməyi tövsiyə edirlər.

Araşdırmalar onu göstərir ki, təxminən 10 il əvvəllə müqayisədə, hazırda cinsi həvəsi artıran dərmanlara tələbat çoxalıb. Artıq iş o yerə çatıb ki, adi şəxslər belə, bu cür dərmanları həkim məsləhəti olmadan da xaricdən onlayn sifariş edib, qapılarına qədər gətizdirə bilirlər. Bu da əksər hallarda ürək-damar xəstəliklərinə, infarkta səbəb olur. Son vaxtlar kişilər arasında infarkt hallarının artmasında, siqaret və spirtli içkilərlə yanaşı, bu dərmanların da böyük rolunun olduğu bildirilir. Ən yaxşı halda, bu cür dərmanların qəbulundan sonra insanda baş gicəllənməsi, ürək bulanması, huşunu itirmə kimi hallar yaranır.

Ölkəmizdə “Viaqra” tipli dərmanlar qeydiyyatdan keçib və hər kəs çox asanlıqla bu dərmanları əldə edə bilir. İki il öncə Tarif Şurası bu tip dərmanların qiymətini artırdı. Belə ki, pərakəndə satılan “Viaqra”, “Kamagra”, “Kanvertan”, “Venegra”, “Vizarsin” kimi bu kateqoriyadan olan preparatların tərkibindən və istehsal olunduqları ölkələrdən asılı olaraq, qiymətləri 4-333 manat arasında dəyişir.

Məsələn, Fransanın “FAYZER PGM” şirkətinin istehsal etdiyi “Viaqra” dərmanı Bakıda 332 manat 90 qəpiyə satılır. Misir istehsalı olan “Venegra” isə 3 manat 88 qəpikdir.

 

Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir