valideyn

Kişilərə ödənişli atalıq məzuniyyətinin verilməsinin müsbət və mənfi yönləri

Baxış sayı: 1. 318

Atalıq məzuniyyətinə dair qanunvericilik müddəalarına yenidən baxılması, o cümlədən ödənişli atalıq məzuniyyəti imkanının nəzərdən keçirilməsi təklifi irəli sürülür. Belə ki, BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış “Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyatı cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı”nın layihə sənədində qeyd edilən bu müddəa atalar üçün analara bərabər imkanlar yarada bilər.

 

Təkliflərdə uşaqlarını böyüdən və eyni zamanda karyera quran qadınlara dəstək verən ölkələrin qabaqcıl təcrübəsinə əsaslanaraq, qanunvericiliyə dəyişikliklərin edilməsini nəzərdən keçirmək məsələsi də yer alıb. Layihəyə əsasən, bu tədbirlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nazirlər Kabineti və Milli Məclis tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

 

Qanunvericilikdə atalıq məzuniyyəti ilə bağlı xüsusi maddə nəzərdə tutulmasa da, demək olmaz ki, indiyə qədər övladı dünyaya gələn ataların məzuniyyət məsələsi Əmək Məcəlləsindən kənarda qalıb. Sənəd uşağın dünyaya gəlməsi ilə bağlı atalara bəzi təminatları müəyyən edir: işəgötürən təqvim ilində bir dəfə həyat yoldaşı hamiləlik və ya doğuşla bağlı məzuniyyətdə olan işçinin ərizəsi əsasında ona 14 təqvim günü müddətinə və ya ailə, məişət və digər sosial məsələlərin həlli üçün 7 təqvim günü müddətinə ödənişsiz məzuniyyət verə bilər. Qanunvericilik işləyən analar (ana işləmədikdə və ya ümumiyyətlə olmadıqda işləyən atalar) üçün uşaq doğularkən birdəfəlik müavinətin ödənilməsini nəzərdə tutur. Müavinət iş yerində və ya işçinin yaşadığı ünvan üzrə əhalinin sosial müdafiəsi mərkəzində ödənilir. Bu müavinətin alınması üçün ərizənin təqdim edilməsi müddəti müəyyən edilməyib. İki və daha artıq uşağın dünyaya gəlməsi zamanı müavinət hər uşağa görə ödənilir.

Ödənişli atalıq məzuniyyəti verilə bilər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova mətbuata açıqlamasında kişilərə ödənişli atalıq məzuniyyətinin verilməsi ilə bağlı təkliflərə müsbət yanaşıb: “Ailədə uşağa ana ilə bərabər, ata da baxmalıdır. Uşaqların böyüməsində qadın və kişilərin məsuliyyəti bərabər olduğu üçün kişilərə də ödənişli atalıq məzuniyyəti verilə bilər. Bəzən ailədə uşağın tərbiyəsi ilə daha çox ana məşğul olur. Ata isə hesab edir ki, o, ancaq ailə üçün “çörək” qazanıb gətirməlidir, bununla da işi bitir. Ancaq kişi də hiss etməlidir ki, övlad həm də onundur. Buna görə də ailədə valideynlərin uşaqlara qarşı məsuliyyəti bərabər olaraq müəyyən edilməlidir”.

 

Qeyd edək ki, bizdə atalıq məzuniyyəti ilə bağlı təkliflər vaxtilə Milli Məclisdə də müzakirə olunub, amma nəticəyə gəlinməyib. Məsələnin gündəmə gəlməsində isə həmişə xarici ölkələrin təcrübəsi nümunə kimi götürülüb. Məsələn, Skandinaviya ölkələrinin timsalında atalıq məzuniyyətinin ən yaxşı nümunəsi qeyd edilir. Ölkədə ataların məcburi doğum icazəsi 14 həftəyə çatdırılıb. Yenidən ata-ana olanlar əmək haqlarının 80 faizini alaraq ümumən 59 həftə doğum icazəsindən istifadə edə bilirlər. İcazənin 14 həftəsinin ata tərəfindən istifadəsi vacibdir. Belə ki, əgər ata bu icazədən tam istifadə etməsə, uşaq yardımı azaldıla bilər. İsveçdə ataların həyat yoldaşlarının doğuşundan sonra iki ay məcburi doğum icazəsi var ki, arzu edənlər 240 günə qədər məvaciblərinin saxlanması şərti ilə icazəsindən yararlana bilərlər. Doğum icazəsindən istifadə etməyən ataların uşaqları dövlətdən bizim “uşaq pulu” adlandırdığımız yardımı ala bilmir. Eləcə də Çexiyada kişilər qadına tətbiq olunan 3 illik ödənişli analıq məzuniyyətindən yararlana bilirlər. Yəni atalar da bu icazədən istifadə edib, uşaqlarına baxa, aylıq məvacibləri də işləmədikləri halda onlara ödənə bilər. Estoniyada anaya doğuşdan 70 gün öncə də nəzərə alınmaqla 18 ay analıq icazəsi verilir və bu müddətdə qadınlar müavinətlərini də alırlar. Ölkədə atalar üçün də doğumdan sonrakı 3-cü ayda başlamaq üzrə ödənişli icazə hüququ mövcuddur.

 

Bizim Əmək Məcəlləsində bu mövzuda kişilər unudulmasa da, görünür, bu güzəştlər qənaətbəxş deyil. Bununla belə, ödənişli atalıq məzuniyyəti imkanının nəzərdən keçirilməsi təklifi birmənalı qarşılanmır.

 Image result for Kişilərə ödənişli atalıq məzuniyyəti verilə bilər

Sahibkarlığa zərbə?

Sosial məzuniyyətin iki hissəyə – doğuşa görə və qismən ödənilmiş sosial məzuniyyətə bölündüyünü deyən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov ödənişli atalıq məzuniyyəti ilə bağlı təkliflərə müsbət yanaşmır: «Bizim Əmək Məcəlləsində ananın əvəzinə sosial məzuniyyətdən istifadə etmək hüququ təsdiq olunub. Doğuşa görə məzuniyyətdən yalnız o halda ata istifadə edə bilir ki, ana doğuş zamanı vəfat edir. O zaman uşaq sağ qalırsa, doğuşdan sonrakı 56 günlük sosial məzuniyyətdən ata istifadə edə bilər. O zaman təbii ki, ödəniş də saxlanılacaq. Qismən ödənişli sosial məzuniyyət hüququndan nəinki ata, həmçinin evdə olan nənə, baba və ya ailənin digər üzvləri də istifadə edə bilər. Eyni zamanda, ananın doğuşu ilə bağlı ata 14 günlük ödənişli məzuniyyət hüququndan istifadə edə bilər. Bu, yalnız o halda olur ki, qadının yanına gedib-gəlməyə, ona baxmağa başqa heç kəs olmur. Yəni yalnız zəruri hallarda bundan istifadə olunur. Əgər indi atalıq məzuniyyətinin ödənişli olması ilə bağlı təkliflər səslənirsə, mən bir ekspert kimi razı deyiləm. Nəyə görə kişiyə ödənişli məzuniyyət verməlidirlər?”

 

Ekspert narazılığını işəgötürənlərin yarana biləcək problemləri ilə əlaqələndirir: “Biz sahibkarlığı inkişaf etdiririk, işəgötürənlərin xərcini azaltmaq üçün vergi yükünün, sosial yükün azaldılmasını, sosial yükün işçi ilə işəgötürən arasında bölünməsini düşünürük. Digər tərəfdən də dövləti təzədən bu qayğılarla yükləmək olmaz. Əgər qanun qəbul olunarsa, hamı – dövlət qulluğunda çalışan da, özəl sektorda işləyən də bu məzuniyyətdən istifadə edəcək. Könüllü, ödənişsiz olanda isə, ondan yalnız zəruri hallarda istifadə olunur. Ancaq ödənişli olanda valideyn lazım olmasa belə, ərizə yazıb evdə oturub istirahət edəcək, onun pulunu isə işəgötürən ödəməlidir. O yerdə ki işəgötürən müqavilə bağlamayıb, onun problemi olmayacaq. Ancaq hansı işəgötürən işçi ilə əmək müqaviləsi bağlayıb, o, işləməyəndə də kişilərə 14 gün üçün əlavə pul ödəməlidir. Bu, sahibkarlığa zərbə vuracaq. Məncə, bu təklif ölkə prezidentinin sahibkarlıq, sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirdiyi strategiya ilə o qədər də uzlaşmır və beynəlxalq təcrübədə nadir hallarda rast gəlinən məsələdir». Ekspert hesab edir ki, ailədə qadına kömək etmək üçün qanunvericilik kifayət qədər şərait yaradıb.

 Image result for Kişilərə ödənişli atalıq məzuniyyəti verilə bilər

Aztəminatlı və maliyyə imkanları məhdud ailələrə dəstək

Azərbaycan Jurnalistlər Şəbəkəsi İB-nin rəhbəri Ayaz Mirzəyev isə məsələnin sosial faktorunu önə çəkir: “Ailələr var ki, yalnız ata və anadan ibarətdir. Yaxın qohumlar ya yoxdur, ya da çox uzaqda yaşayır. Belə olan təqdirdə, yenicə övlad sahibi olmuş ailənin fərdlərinin üzərinə əlavə çətinliklər düşür. Yeni doğulan uşağa və onun anasına qısa müddət də olsa qulluq lazımdır. Tutaq ki, ailənin pulu var, baxıcı tuta bilir. Bəs əgər məhdud maliyyə imkanları varsa, onda vəziyyət necə olacaq? Oxşar qaydalar ailə fərdlərinin birinin ciddi xəsarət alması və iş qabiliyyətini itirməsi, ağır xəstələnməsi və digər hallara da aiddir”. İB sədri hesab edir ki, yeni təklif daha çox aztəminatlı və maliyyə imkanları məhdud ailələrə dəstək kimi nəzərdə tutulur: “Məsələnin digər tərəfi də odur ki, onsuz da qayda olsa da, olmasa da, fərdlər bu addımı atır, bir və ya daha çox həftəlik ödənişsiz məzuniyyət götürürlər. Amma bu təkliflər reallaşsa, imkan verəcək ki, artıq işəgötürənlər həmin fərdə bu məsələdə daha çox anlayışla yanaşsınlar. Və istər-istəməz hər kəs bu qaydaya riayət etməlidir. Atalıq məzuniyyəti pullu olarsa, bu daha yaxşıdır”.

 

Göründüyü kimi, məsələyə münasibətdə fikirlər haçalanır. İlk dəfə və ya yenidən ata olmağa hazırlaşan insanlar isə təklifə münasibətdə sevinclərini gizlətmirlər. Ancaq yenə də son söz təklifi qanuna çevirənlərindir.

 

Təranə Məhərrəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir