irade celil

Kişilər bir olmur atam balası – İRADƏ CƏLİL YAZIR

Baxış sayı: 759

Həqiqətən kişi olmaq çox çətindir.  Yəni kişi olmaq təkcə bu cinsi daşımaqla bitmir. Əgər bitsəydi, heyvanların bütün erkəkləri kişi olardı. Kişi olmaq məsuliyyətdir, kişilik “Ata”, “qardaş”, “ər”, “sevgili” olmağı bacarmaq deməkdir.  Kişilik, bir neçə qadının ananın, bacının, həyat yoldaşının, sevgilinin yükünü daşımaq, ona sahib olmağı bacarmaq deməkdir.  Kişilik bir uşağa ata olub, bir yetimə çörək vermək deməkdir. Kişilik sözündə bir, dürüst, yalansız, cəsarətli, igid olmaq deməkdir.

Çox zaman cəmiyyətdə kişi-qadın bərabərliyindən danışırlar. Heç bir vaxt bu fikirlə razılaşmamışam. Həmişə düşünmüşəm ki, kişi qadından bir addım irəli, bir addım yüksəkdir. Yox, yanlış anlamayın bu o demək deyil ki, mən qadınları, alçaq, əzilmiş görmək istəyirəm.  Xeyr! Qadın da öz ayaqları üzərində dura bilər, kişi omadan övladını böyüdə bilər, səy göstərib, çalışb daha yüksəklərdə ola bilər, bəlkə maddi baxımdan, vəzifə baxımından bir çox kişilərdən üstün ola bilər. Amma bütün bu məziyyətlər mənəvi baxımdan qadını heç vaxt yüksək tutmur. Hər bir qadının bir kişi gücünə ehtiyacı var.

Bəziləri deyə bilər ki, mən kişi olmasa da, yaşaya bilərəm, bilirəm. Amma ürəyinin dərinliyində o da bilir ki, bir güclü kişiyə ehtiyacı var. Kişi qadının dayağı, onun güvəndiyi varlıq ola bildiyi halda qadın onun yüksəkliyini, üstünlüyünü qəbul edə bilir. Amma çox təəssüf ki, indiki dövrdə kişi olmağı hər erkək bacarmır. Bəziləri bu “kişi” sözünün ağırlığına tab gətirə bilmirlər.  Əgər fikir vermisinizsə, son zamanlar “qeyrət cinayətləri”nin sayı artıb. Bilmirəm mənə belə gəlir, ya da həqiqətən belədir.  Kim arvadının, anasının, bacısının əlindən əsəbləşir – ya boğur, ya bıçaqlayır, ya döyüb qulaqlarını kəsir, ya kanala atır, ya maşınla üstündən keçir. Uzun sözün qısası  qadınlara  qarşı “kişi” amansızlığı gündən-günə artır. Sonra da bu cinayətlərin altından sivişib  çıxmaq, “içəridə” alicənab görünmək, sayılmaq üçün öldürdüklərinin üstünə bir ad da yapışdırırlar: “Əxlaqsızdı, xəyanət edirdi”. (namus üstündə həbs edilənlər əsl kişi hesab olunur axı içəridə) Etikadan kənar olsa da burada özümü saxlaya bilmirəm və deyirəm “ay boyunu yerə soxduğum, axı yaxşı kişinin arvadı, qadını, bacısı, anası əxlqasız olmaz”.  Əgər qadın, nəyin olmasından asılı olmayaraq, kənar bir addım atırsa, kiməsə yaxın durursa, kiminləsə ünsiyyət qurursa və ya bədənini satırsa, burda sənin də günahın var, ay bədbəxt. Əgər sən yaxşı kişi olub bu adın altında əzilməsəydin, sənin qadının yanlış addım atmazdı. Əgər qadın səhv yola düşübsə, artıq gecdir qeyrət damarını şişirtməyə.  Axı əsl kişinin anası, bacısı, yoldaşı, qızı, sevgilisi əxlaqsız ola bilməz. Qadının pisdirsə, deməli sən özün pissən. Deməli sən özün günahkarsan.  Qadına “fahişə” damğası yapışdırıb öldürməkdənsə, o damğanı öz alnına yapışdır. Çünki fahişə kişilərin qadınları fahişə olur.

P.S. Bir “kişi” tanıyıram. İki qızı, normal ailəsi var idi. “Kişi”nin cavanlıq yaşı çoxdan keçsə də, hələ də başını onun-bunun qadınının ətəyinin altından çıxarmırdı.  Ona “üz” göstərməyən qadınlara isə, əli çatmadığı üçün “əxlaqsız” adı yapışdırırdı.  İşdə, parkda, çöldə harda oldu, kimlə oldu ünsiyyət qururdu bu kişi… Ailəsindən xəbəri olmadan…  Bu günlərdə eşitdim ki, o “kişi”nin qızları artıq başqa yolun yolçusudurlar. Düzü inanmıram ki, o “kişi”nin qeyrət damarı tutub qızlarına nəsə etsin. Çünki belə “kişi”lərə “gözü ilə görən” deyirlər biz tərəflərdə…

Çalışın kişi olun, erkək yaradılmaq Allahın əlindədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir