Qadina zorakiliq

Kişilər niyə zorakılıq edir?

Baxış sayı: 1. 093

Son bir ayda mətbuatda yayılan hadisələrin statistikasından məlum olur ki, ölkədə 13 qətl hadisəsi baş verib ki, bu hadisələrdə ölənlərin 9 nəfəri qadınlardır. Təkcə son 4 gün ərzində 3 qadın amansızcasına qətlə yetirilib. Ümumiyyətlə mətbuatda yayılan rəsmi xəbərləri izlədikcə məlum olur ki, ölkədə qadınlara qarşı zorakılıq halları artmaqdadır. Məişət zəminində çoxlu sayda qadın ya amansızlıqla qətlə yetirilir, ya da döyülür və sairə. Xüsusən də ictimaiyyətdə, hər kəsin və uşağının gözü önündə qətlə yetirilən Leyla Məmmədovanın faciəsi cəmiyyəti sarsıdıb. Ardıcıl hadisələr sosial şəbəkələrdə #qadınaşiddətəson haştaqının başladılmasına təkan verib. Bu aksiyaya çoxlu sayda tanınmış ictimaiyyət nümayəndələri, ziyalılar da dəstək verib.

Ekspertlər də qeyd edir ki, qadınlara qarşı məişət zorakılığı bütün Azərbaycan ərazisində yayılmış problemdir. Bu faktor daha çox bölgələrdə özünü göstərir. Qadınlar təkcə ərləri tərəfindən deyil, həm də digər ailə üzvləri tərəfindən də, o cümlədən, qardaş, qayınana və qayınata, baldız tərəfindən də zorakılığa məruz qalır. Bu zorakılıq təkcə fiziki deyil, həm də iqtisadi, psixoloji zorakılıq qismində olur.

Digər statistik məlumata görə son bir ildə məişət zorakılığına məruz qalanların 80 faizi qadınlardır. Məlum olub ki, kişilərin məruz qaldığı 20 faiz məişət zorakılığı hadisələrin 16 faizi kişilərin həmcinsləri tərəfindən törədilib. Yalnız 4 faiz hadisələrdə qadınların kişilərə qarşı zorakılıq faktları aşkarlanıb.

Beləliklə, son zamanlar baş verən hadisələr və son statistikalar cəmiyyətdə kişilərin qadınlara qarşı aqressiyasının artması fikirlərini yaradıb. Xüsusən də sosial şəbəkələrdə azərbaycanlı kişilərin əksəriyyətinin zorakılığa, şiddətə meylli olduğu barədə fikirlər səsləndirilir. Hətta bir müddət bundan əvvəl ataların qızlarına qarşı şiddət, zorakılıq törətdiyi barədə müzakirələr aparılmışdı. Bunun əksini düşünənlər də az deyil. Qeyd olunur ki, Azərbaycan kişisi həmişə öz həyat yoldaşına, xüsusən də qızlarına qarşı humanist və diqqətlə yanaşıb. Baş verən hadisələrin fonunda əksər kişilərin zorakı olması fikri yanlışdır.

Fərhad Mehdiyev ile ilgili görsel sonucu

Mövzu ilə bağlı danışan beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev qeyd edir ki, ümumiyyətlə dünyada qadınların 25 faizi məişət zorakılığına məruz qalır:

“Bu rəqəm ölkəyə görə dəyişir. Bəzilərində bu rəqəm 35, bəzilərində 15 faiz və sairə ola bilər. Beləliklə, dünyada 25 faiz ailələrdə qadınlara qarşı məişət zorakılığı törədilir. Etiraz edən kişilər həmin 75 faizin içərisində onlardır. Araşdıranda məlum olur ki, doğrudan da əksər hallarda etiraz edənlər özləri ailədə zorakılıq törətmir. Nəzərə almaq lazımdır ki, məişət zorakılığı əsasən ölüm faktı olanda daha çox ortaya çıxır.

 

Fərhad Mehdiyev: “Kişilərin əksəriyyəti heç də zorakılığa əl atmır”

Əksər hallarda bu zorakılıq kənara sızmır. Kənara çıxmadıqca da bundan xəbər tutmaq olmur. Məsələn, mənim ətrafımda olan kişilərin demək olar ki, hamısı ailədə zorakı olmadığını bildirir. Yalnız bir nəfər bu barədə etiraf etmişdi. Ola bilər ki, digərlərində də bu problem yaşanır, lakin ortalığa çıxmır”.

Fərhad Mehdiyev qeyd etdi ki, kişilərin əksəriyyəti heç də zorakılığa əl atmır:

“Doğrudur, buna yol verənlər də var və qeyd edim ki, həmin şəxslərdə digər davranış pozuntuları da aşkarlanır. Bununla bağlı psixoloji araşdırmalar da var. Məsələn, sosial davranış pozuntuları olan insanlar vandalizm aktı törədənlər, ictimai əxlaqı pozan şəxslər olur.

Bəzi kişilərin son zamanlar qadınlara qarşı aqressiyasının dəqiq səbəbini sosioloqlar daha yaxşı ifadə edə bilər. Lakin fikrimcə bununla bağlı iki nəzəriyyə var. Birincisi budur ki, kişilər öz dominantlığını və nəzarətini təmin etmək üçün bunu tətbiq edir. İkinci nəzəriyyə bu ola bilər ki, kişinin  özü təbiətcə aqressiv olduğundan ailə daxilində şiddətə meylli olur.

F.Məmmədov bildirir ki, 30-40 il əvvəl bu cür aqressiyalı, şiddətli hadisələr olmayıb: “Digər tərəfdən bu bir faktdır ki, şəhər əhalisi ilə rayon əhalisi arasında şiddət məsələsində fərq var. Bu da mühitin təsirindən aşlıdır. Bu məsələdə təhsilin də böyük təsiri var. İnsan təhsilini mükəmməlləşdirdikcə onda olan zorakılıq dərəcəsi azalır”.

 ehmed qesemoglu

Sosioloq Əhməd Qəşəmoğlu da mövzu ilə bağlı deyir ki, bu məsələdə aparılan müzakirələr əksər hallarda doğru yöndə olmur: “İlk öncə onu bildirim ki, son vaxtlar Azərbaycan ailəsi çox dəhşətli vəziyyətdədir. Əgər bu gün evlənən hər yüz ailədən 25-i boşanırsa, bu o deməkdir ki, bundan iki dəfə çoxu gərginlik içərisindədir. Çox təəssüflə qeyd etməliyəm ki, hazırda 15-20 faiz ailələr normal vəziyyətdədir. Ən böyük bəla budur ki, 80 faiz ailələrdə anormallıq mövcuddursa, görün böyüyən körpələrin vəziyyəti nə yerdədir. Onlar gözlərini açandan evdə dava-dalaş, mübahisə, gərginlik, boşanma, şiddət görür. Və yeni nəsil belə ailələrdə böyüyür. Biz SOS siqnalı çalıb, təcili tədbirlər görməli, yeni nəsli xilas etməliyik.

 

Əhməd Qəşəmoğlu: “Qadınlar da psixoloji cəhətdən kişiləri məhv edir”

Azərbaycan kişilərinin əksəriyyətinin məişət zorakıcısı olduğunu deyib, özümüzü biabır edə bilərik. Bu, qətiyyən belə deyil. 50 il bundan əvvəl də Azərbaycan kişisi var idi, bəs onda niyə belə deyildi?

Qeyd etdiyim kimi bəzi qurumlar, təşkilatlar hazırda mövcud olan ailədaxili problemləri həll etməkdənsə, daha çox qadın hüquqlarından söz açır, buna yönəlik proqramlar həyata keçirirlər. Kişilərlə bağlı isə heç bir maarifləndirmə işləri aparılmır. Nəticədə bir tərəfdə qadınlara hüquqlar, azadlıq, sərbəstlik baxımından daha çox məlumat verir, kişiləri isə düşünən yoxdur. Kişilər hazırda öz adət-ənənələrinin daşıyıcısı kimi qalıb. Təbii ki, sosioloji qanunlara görə belə bir vəziyyətdə ailələrdə gərginlik yaranmalıdır.

Maraqlanmaq lazımdır ki, qadınlar kişiləri hansı psixoloji vəziyyətə çatdırıb ki, kişilər onlara qarşı şiddət törədir. Qadınlar da psixoloji cəhətdən kişiləri məhv etməkdədir. Yəni həqiqəti demək lazımdır”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir