kişi, qadın, fərqlər

Kişilər niyə qadınlardan tez ölürlər?

Baxış sayı: 1. 793

Bəzən qadınların, bəzən isə kişilərin həyat yoldaşlarından daha tez həyatdan getmək istədikləri kimi fikirlər də var.

Qadınlar daha çox yaşamırlar, sadəcə kişilər tez ölürlər

ABŞ-da aparılan bir araşdırmaya görə, kişilərin 70 faizi həyat yoldaşlarından öncə ölməyə üstünlük verirlər. “Həyat yoldaşınızdan öncəmi, yoxsa sonramı ölmək istərdiniz?” sualına qadınların 62, kişilərin 70 faizi “öncə” deyə bildirib. Həmçinin iştirakçıların 12 faizi həyat yoldaşı üçün həyatını verə biləcəyini deyib. Ümumiyyətlə, bir çox cəmiyyətlərdə qadınların orta ömrü kişilərdən təxminən 10 il daha artıqdır. Bu reallıq inkişaf etmiş Qərb cəmiyyətləri üçün də keçərlidir. Buna səbəb kimi isə adətən ictimai həyatda “yük”ün kişilərdə olması, kişilərin daha stressli bir həyat yaşaması kimi səbəblər göstərilir. Ancaq alimlərin fikrincə, bu, heç də belə deyil. Belə ki, bununla bağlı ortaya çıxan son məlumatlara görə, yaşlanmaq və ortalama ömrün ən önəmli əlamətləri orqanizmlə də bağlıdır.

2013-cü ildə dünyada insanların yaşayış müddətinin qadınlar üçün 79,2, kişilərin isə 74,1 il olduğu müəyyənləşdirilib. Yaşayış müddətinin 2023-cü ildə qadınlar üçün 80,2, kişilər üçün isə 75,8 olması gözlənilir. Ölüm fərqindəki amil bir də onunla əsaslandırılır ki, bəlkə də qadınlar daha çox yaşamırlar, sadəcə kişilər tez ölürlər. Məsələn, kişilər avtomobili daha sürətlə idarə edir, hər cür dava-dalaşa girməyə həvəslidirlər. Təbii ki, bu da nəticədə erkən yaşda həyatlarını itirmələri ilə nəticələnir. Bundan başqa 67 min insanın arasında aparılan araşdırmada dul yaşayan kişilərin ölüm riskinin evlilərə görə 40 faiz çox olduğu aşkarlanıb.

Bu gün cəmiyyətdə bir də “dəvəquşu sindromu” adlı bir sindrom da var. Mütəxəssislərin fikrincə, kişilərin güclü olmalarına baxmayaraq qadınların daha az yaşadıqlarının səbəbi bu sindroma bağlıdır. Belə ki, kişilərdə, həmçinin iş stressləri daha yüksəkdir, onlar dost və ailədən dəstək almaqda bacarıqsız, daha az sevinən, çətin inanan, az bağışlayan bir orqanizmə sahibdirlər. Həmçinin qadınlardan daha aqressivdirlər, hiddətləri daha yüksəkdir. Siqaret və spirtli içkilərin istifadəsi, nəqliyyatda kəmərdən istifadə etməmək kimi mənfi vərdişləri var. Beləliklə, mütəxəssislər kişilərin bu cür davranışlarını başını quma basdıran dəvəquşlarına bənzədirlər və bu vəziyyət “dəvəquşu sindromu” adlanır. Özündən razı davranışları və siqaret istifadəçisi olan Conn Vayne bu sindromun ən önəmli misalı olduğuna görə, bu sindromu bəzən “Conn Vayne sindromu” da adlandırırlar.

Araşdırmaya görə, 67 min insanın arasında dul yaşayan kişilərin ölüm riskinin evlilərə görə 40 faiz çox olduğu aşkarlanıb.

Kişilər güclü görünsələr də, əslində bəzi bioloji qüsurlara sahibdirlər

Həkim-terapevt Gülnarə İbrahimova Milli.Az-a bildirdi ki, insanların ortalama ömrü bir çox hallarda orqanizmlə bağlıdır. Belə ki, bu, orqanizmdə toplanan oksidləyici maddələr və yaxud oksigen radikalları ilə bağlı ola bilər: “Bunu alimlərin heyvanlar üzərində apardığı təcrübə də sübut edib. Burada dişilərin bu oksidləyici maddələri daha az istehsal etdiyi, bu zərərli maddələri aradan götürən antioksidanları təbii olaraq daha çox ifraz etdiyi göstərilir. İki cins arasındakı fərq, əsasən, östrogenə bağlıdır. Östrogen qanda çox az miqdarda olur və bu baxımdan güclü bir antioksidan deyil. Ancaq hüceyrələri oyandırdığında kimyəvi reaksiyalar antioksidan fermentlərin miqdarını artırır və dişilərin hüceyrələri oksidləyici maddənin zərərindən daha güclü qorunur. Erkəklər isə bu mexanizmdən məhrumdur və onlara məxsus hormon olan testosteron bu qədər təsirli bir qoruyuculuğa sahib deyil. Bu həyatda da belədir”.

Həkimin sözlərinə görə, ümumiyyətlə, həyatda kişilər daha çox xəstələnir, daha çətin sağalırlar, onlar əzələ və sümüklə bağlı güclü görünsələr də, əslində bəzi bioloji qüsurlara sahibdirlər: “Testosteron hormonu məhz kişilərdə ömrü qısaldan, ürək xəstəlikləri və bəzi xərçənglərə yaxalanmanın sürətlənməsinə təsir edir. Eləcə də kişilərin müsbət xolesterol səviyyələri qadınlara nisbətən bir xeyli aşağıdır. Kişilər qarın nahiyəsində yağlanmağa və hipertansiyona yaxalanmağa qadınlara nisbətən daha meyllidirlər. Beləliklə, kişilər quruluş baxımından damar xəstəliklərinə, infarkt, iflic kimi problemlərə daha meyllidirlər. Üstəlik, xəstə olduqda belə həkimə getmirlər”.

Xoşbəxt ailələrdə kişi daha tez rəhmətə gedir?

Psixoloq Tünzalə Verdiyeva isə Milli.Az-a bildirdi ki, əslində həyatda heç kim ölmək istəmir və hamı ölməkdən qorxur: “Bütün qorxuların kökündə ölüm qorxusu var. Xüsusilə yaşlı adamlarda daima ölüm haqqında düşünmək, sanki “vaxtın azalması” kimi düşüncələrə dalmaq, nəticədə ölüm qorxusunu fobiya halına gətirir. Xəstələnməyim birdən ölərəm, ehtiyatlı olum yıxılaram, xəsarət alaram nəticədə ölərəm, ac qalmayım, acından ölərəm və s.kimi düşüncələr ölümdən qorxmanın bariz nümunələridir. Amma belə bir fikir də var ki, “Qorxunun əcələ faydası yoxdur”. Bir gün yaranan bir gün ölməlidir. Olumla-ölüm arasındakı zaman bizim ömür payımızdır. Bu ömrü kiminlə və necə keçirməli?..” Psixoloq deyir ki, həyatda öz “yarını” tapanlar, ruh ekizləri olan ər-arvadlar xoşbəxt ömür sürürlər.

Azərbaycanda ailə başçısına münasibətin başqa mədəniyyətlərdən tam fərqli olduğunu deyən T.Verdiyeva bildirdi ki, xanımlar öz həyat yoldaşları haqqında “Allah səni bizim başımızın üstündən əskik eləməsin” deyərək dua edərlər ki, ərləri onlardan çox yaşasın: “Amma əksinə olur. Adətən xoşbəxt ailələrdə kişi daha tez rəhmətə gedir. Çünki ailə məsuliyyətini dərk edən, xanımını və övladlarının xoşbəxtliyi üçün daima çalışan, onların rifahını yüksək, həyatlarını firavan keçməsini təşkil edən və bunun üçün stresslərə məruz qalan kişi daxili və xarici stresslərə çox davam gətirə bilmir. İnfakt, insult və digər səbəblərdən bu dünyanı tez tərk etməli olurlar”.

Psixoloq deyir ki, sevilən və daima qayğı görən qadın bu itkini asan yaşamır: “Birincisi, onun həyat tərzi dəyişir. Rahat həyatı problemlərlə, qayğılarla dolu bir həyat əvəz edir. Sevdiyi şəxsin itkisi, üzərinə düşən qayğılar, övladların problemləri onu sıxır, əzab və iztirab verir. Bu zaman onun köməyinə göz yaşları gəlir. Qadın asanlıqla və rahatca göz yaşı tökərək kədərini xəfiflədir. İçindəki fırtınaları, təlatümləri elə göz yaşları ilə dindirir. O fikirlərini asanlıqla bölüşür, rəfiqələri, qohumları və qonşuları ilə dərdləşir. “Dərdi bolüşərsən azalar, sevinci bölüşərsən çoxalar” deyiblər. Doğurdan da, belədir”.

Dul qalmış kişilərin çoxu həyat yoldaşının ölumundən sonra sanki “yetim” qaldıqlarını qeyd edirlər

Qadınların kişilərdən çox yaşamasının əsas səbəblərinə gəldikdə isə psixoloq bildirdi ki, qadınlar asanlıqla ağlayır, göz yaşı tökür: “Göz yaşının tərkibində toksiki maddələr orqanizmdən azad olur, çıxarılır ki, bu da qadınların stressdən asanlıqla çıxmasına səbəb olur. Kişilər isə ağlamağa sanki qəbahət kimi baxırlar. “Kişi ağlamaz” kimi qınayıcı deyim, onların göz yaşlarını qəlblərinə axıtmaqlarına səbəb olur. Qadınların dilə gətirə bilmədiyi bir mövzu yoxdur. Bütün mövzularda onlar fikirlərini sözlərə tökür, gileylənir, şikayətlənir, yaxınları ilə dərdləşir və beləcə, sanki ağır bir yükdən azad olub, “yüngülləşirlər”. Kişilər bu imkandan da sanki məhrumdurlar. “Kişinin hulqumu olar!” deyimi həm də ciddi bir qınaqdır.

Onlar hər sözü dilə gətirməz, problemlərini bolüşməz, şikayətlənməz, dərtləşməzlər… Cünki “”ayıbdır”. Bütün dərdləri ürəyinə atar və bu dərdlər zamanla müxtəlif xəstəliklər formasında üzə çıxar ki, bu da kişilərin qadınlardan tez vəfat etməsinin əsas səbəblərindən biridir”.

T.Verdiyeva deyir ki, Azərbaycanda psixoloqa müraciətin statistikası da təqribən belədir. 1000 nəfər qadın psixoloqa müraciət edirsə, cəmi bir kişi müraciət edir. Digər bir səbəb isə anatomik, fizioloji vəziyyətlə əlaqədar olduğunu deyən psixoloqun sözlərinə görə, qadınlarda müəyyən bir amilin olması da onlarda bir çox həyat üçün təhlükəli xəstəlikləri (infarkt, insult v. s.) minimuma endirir: “Kişilər həyat yoldaşının vəfatından sonra baxımsız qalır. Ona xanımı kim qulluq edən olmur. Ona görə dul qalmış kişilərin çoxu həyat yoldaşının ölümündən sonra sanki “yetim” qaldıqlarını qeyd edirlər”.

Nigar Abdullayeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir