VALIDEYN

“Komandir valideyn” olmaq yaxşıdır, yoxsa pis?

Baxış sayı: 943

Əgər istəyirsinizsə, ilk növbədə “Komandir valideyn kimdir və ya necə olur?“ sualına cavab tapmağa çalışaq. Hər şeydən əvvəl onu deyək ki, komandir valideynlər evlərində bütün səlahiyyətləri öz əllərində saxlayır və bu səlahiyyətlərini daha çox uşaqlarına münasibətdə büruzə verirlər. Məsələn, “Əllərini yu“, “Paltarlarını gey“, “Dişini fırçala“, “İşığı söndür“, “Dərslərini hazırla“, “Yeməyini ye“, “Yavaş danış“, “Saçını yaxşı dara“ və s. kimi… Təbii ki, bu cümlələrin sayını artıra da bilərik…

Yəqin soruşacaqsınız ki, bu sözləri əksər valideynlər öz uşaqlarına deyirlər, elə isə onları da komandir valideyn adlandırmaq olarmı? Əlbəttə ki, olar. Başqa sözlə, uşaqlarının bütün hərəkətlərini bu cür nəzarət altında saxlamaq istəyən bütün valideynlər komandir valideynlərdir.

valideyn

Əgər diqqət yetirsəniz, görərsiniz ki, yuxarıda misal gətirdiyimiz işlərin hamısı əslində hər bir şəxsin müstəqil görməli olduğu işlərdir. Məsələn, əlləri yumaq, yemək yemək, işığı söndürmək və s. kimi… Halbuki, komandir valideynlərin uşaqları bu hərəkətlərin nəzarətini öz valideynlərinə həvalə etməli olurlar. Və bir qədər sonra ən adi ehtiyaclarını ödəmək üçün belə valideynlərinin əmrlərini gözləyirlər. Bu cür şərti reflekslər tədricən uşağın anaya bağlı və heç bir məsuliyyət hiss etməyən bir insan kimi formalaşmasına gətirib çıxarır. Elə isə komandirlikdən könüllü şəkildə imtina edin və bundan sonra uşağınıza əmr vermək istəmədiyinizi və ona inandığınızı ifadə edin. Hətta məsuliyyət hissinin daha tez formalaşması üçün onunla bəzi müqavilələr də bağlaya bilərsiniz. Məsələn, “Məktəbdən gələndən sonra əllərini yumalısan”, “Əllərini yumasan, yemək yeyə bilməzsən”, “Yemək yeməsən, televizora baxa bilməzsən” və s. kimi… Və ya “Hər işığı söndürmək üçün 10 xal qazanacaqsan. Xallarının sayı 500-ə çatanda isə sənə istədiyin qələm dəstini alacağam” kimi şərtlər də işinizi asanlaşdıra bilər. Unutmayın, bu işdə səbirli olmalı və qərarlarınızdan güzəştə getməməlisiniz.

 

Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir