elgun seferov

Komitə rəsmisi: “Dövlət sığınacaqlarının yaradılmasına zərurət olsa da…”

Baxış sayı: 661

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik tədqiqatlar şöbəsinin müdiri Elgün Səfərov bu tip problemlərlə əlaqədar olaraq sualları cavablandırdı.

 

– Bu gün Azərbaycandakı sığınacaqlarda əsas problemlər nələrdir?

– Hazırda Azərbaycanda dövlət sığınacaqlarının yaradılmasına zərurət olsa da, ölkəmizdə belə sığınacaqlar yoxdur. Dövlət sığınacaqları yaradılmalıdır və yaradılarkən də müxtəlif qeyri-hökumət təşkilatlarının tərkibində fəaliyyət göstərən sığınacaqlarla yer dəyişdirməməlidir. Yaranacaq belə dövlət sığınacaqları nümunəvi olmalıdır. Təəssüflər olsun ki, 2010-cu ildə qanun qəbul edilsə də, dövlət sığınacaqlarını yarada bilməmişik. Qurbanlara bütün dəstək bir dayanacaqdan olmalıdır, İspaniyada olduğu kimi.

 

– Hazırda özəl sığınacaqların sayı nə qədərdir və onlarla bağlı durum nə yerdədir?

– Bu günədək 13 QHT-nin sığınacağı qeydiyyatdan keçib. Lakin reallıqda bu 13 sığınacaq fəaliyyət göstərmir. Ümumiyyətlə, bu QHT-lə bağlı da suallar yaranır. Məsələn, bu sığınacaqlar beynəlxalq standartlara uyğun fəaliyyət göstərir, ya yox, yaxud da onların əməkdaşları sertifikatlaşmadan keçib, ya yox, bu sığınacaqların şəraitləri standartlara malikdir, ya yox, kimi məsələlər sual doğurur.

 

– Bu sığınacaqlarda keyfiyyətin artırılması üçün nə edilməlidir?

– Belə sığınacaqlara dəstək gücləndirilməlidir. Dövlət komitəsi, digər dövlət qurumları tərəfindən sığınacaqlara dəstək olsa da, bu yetərli deyil. Oradakı hər bir şəxsin fərd olaraq vəziyyəti qiymətləndirilməlidir. Bu sığınacaqlarda nəinki psixoloji, sosial və hüquqi xidmətlər göstərilməlidir, eyni zamanda onlar geyim, qida və təhsillə təmin edilməlidir. Bu sığınacaqların təhlükəsizliyi də nəzərə alınmalıdır. Bu gün heç bir sığınacaqda kamera müşahidəsi yoxdur. Çünki hər kamera müşahidəsi xidmətinə görə özəl xidmətə ödəniş edilməlidir. Sığınacaqda olan qadınlar üçün ixtisasartırma proqramları olmalıdır.

Azərbaycanda 96%-ə yaxın məişət zorakılığı kişilər tərəfindən törədilir — «İnterfax» — Ən son Azərbaycan, Gürcüstan və Ermənistan xəbərləri

– Ümumiyyətlə təmsil etdiyiniz qurumda necə düşünürlər, cəmiyyət olaraq bu sahədə nələrin dəyişilməsinə ehtiyac var?

– Bu gün bütün cəmiyyət üzvləri zorakılığa qarşı çıxmalıdır. Amma hətta bəzi media nümayəndələri olan qadınlar deyir ki, “qadın döyülübsə, səbəbi olub”. Biz bu gün bu sterotiplərlə mübarizə aparırıq ki, istənilən halda zorakılıq yolverilməzdir, bu, cinayətdir. Cinayətə görə məsuliyyət müəyyənləşməlidir. Belə şəxslər məsuliyyətə cəlb edilməlidir.

 

– Uşaq bağçaları və internatlarla bağlı problemlər də aktual olaraq qalır…

– Uşaq bağçaları və internatların sayının azlığı problemi də aktual olaraq qalır. Uşaq bağçalarının əlavə ödəniş və vergilərdən azad edilməsi imkan verdi ki, uşaq bağçaları ilə təminat 25 faizdən 60-65 faizə qalxsın. Lakin bu da yetərli deyil. Bugünkü gündə tam təminat üçün davamlı olaraq işlər aparılır. Bağça-məktəb həm də valideynlərin məşğulluğunun təminatı üçün fəaliyyət göstərir. Bu gün sevindirici haldır ki, ölkəmizdə məşğul qadınların sayı artıb. Xüsusən də kiçik və orta bizneslə məşğul olan sahibkar qadınların sayında artım olub. Hazırda ölkəmizdə sahibkar qadınların sayı 200 mindən çoxdur.

Əsas məsələ odur ki, son 15 ildə ardıcıl olaraq bağçalarla bağlı işlər görülür. Qarşıdakı illərdə də bu işlərin davamlı sözügedən sahədə tam təminata gətirib çıxaracaq.

 

– Yeni hansı təkliflər paketi hazırlanır?

– Məişət zorakılığı, gender bərabərliyi ilə bağlı qanunların təkmilləşdirilməsinə yönəlik yeni təkliflər paketi var. Uşaq hüquqlarının təminatı ilə bağlı Uşaq Milli Fəaliyyət Planına əsasən təkliflər təkmilləşdiriləcək. Artıq bəzi təkliflərimizi vermişik.

Yeniliklərdən biri də budur ki, regionda, eyni zamanda da Azərbaycanda ilk dəfə olaraq dövlət qulluqçuları üçün gender bərabərliyi üzrə kurikulum hazırlanıb. Artıq il ərzində kurilulumun qəbulunu gözləyəcəyik. Kurikulum dövlət qulluğunda da, vəzifələrin tutulması məsələsində də gender bərabərliyini qoruyacaq.

 

Nigar İsgəndərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir