qadin

Komplekslər həyatınızı idarə etməsin – PSİXOLOQ YAZIR

Baxış sayı: 1. 637

Hərtərəfli insan olmaq üçün natamamlıq kompleksi olmalıdır.

 

Komplekslər səni idarə edir!                            

Komplekslər – bu sözü eşidəndə ilk ağlınıza gələn nə olur? Döyünən gözlər, inamsız yeriş, yaxud ümumi söhbətə girişməmək.

“Məni uşaqlıqda həmişə döyürdülər. Ona görə yox ki, zəif idim. Sadəcə müəyyən komplekslərim var idi və onların güclü olduğunu, onlara qalib gələ bilməyəcəyimi düşünürdüm”, – 30 yaşında öz karyerasından narazı kişi.

“Mən hər zaman başqaları kimi qəşəng olmadığımı, zövqsüz geyindiyimi və öz yaşıdlarımdan fərqləndiyimi düşünürdüm. Ona görə də mənimlə maraqlanan ilk kişi ilə evləndim. Çünki hər zaman evdə qalacağımdan qorxurdum”, – 40 yaşında yaraşıqlı həyat yoldaşı ilə ayrılmaq ərəfəsində olan bir xanım.

 

Komplekslər necə yaranır?

Hər iki faktda ümumi olan odur ki, onlar özlərini başqaları ilə müqayisə edirlər (kim güclüdür, kim varlıdır, kim qəşəngdir?) sonra isə özlərində komplekslər yaradırlar.

Başqa bir vəziyyətdə komplekslərin yaranmasına əldə olanı qiymətləndirməmək səbəb olur. Üçüncü variantda bu pataloji vərdişi valideynlər yaradır. Belə ki, valideynlər tez-tez uşaqlara xatırladırlar ki, “sən heç nə bilmirsən”. Ya da ki, övladlarını daha uğurlu həmyaşıdları ilə müqayisə edirlər, beləliklə, natamamlıq kompleksinin bünövrəsini qoyurlar. Artıq yeniyetməlikdə uşaq özü-özünü başqaları ilə müqayisə edir. Bəs nəticə necə olur? Həyatdan narazılıq, gücsüzlük, pis əhval-ruhiyyə, özünü tənqid və şübhələr. Əksər insanlar uşaqlıqdan özlərini sevməyi və qiymətləndirməyi öyrənməyiblər. Ola bilsin ki, onlar valideynləri tərəfindən kifayət qədər sevilməyiblər. Belə insanların əsas davranış motivləri imtina edilmək qorxusudur. Çox vaxt onlar başqasının xoşagəlməyən rəftarına illərlə dözə bilərlər. Onlar daim nəyisə düz etmədiyini, nəyinsə yaxşı görsənmədiyini düşünürlər. Bəzən belə insanlar onlara qarşı olan yaxşı münasibəti görmürlər, öz ünvanlarına deyilən xoş sözləri eşitmirlər, çünki onlar özlərini bunun heç vaxt olmayacağına yönəldiblər.

 

Komplekslər xeyirlidir, yoxsa təhlükəli?

Birmənalı şəkildə natamamlıq kompleksi pisdir demək olmaz. Amerika psixoanalitiki Alfred Adlerə görə, komplekslər normal və təbii insani hissdir. O, hətta öz fikrini belə bir aforizmlə əsaslandırdı – “Hərtərəfli insan olmaq üçün natamamlıq kompleksi olmalıdır”. Adlerin fikrincə, komplekslər birmənalı şəkildə uşaqlığın fəsadlarıdır. Bəzən insanlar kökəldiyinə görə, hansısa şəraitdə xarici dildə danışa bilmədiyinə görə kompleksləri olduğunu deyir. Amma bunlar kompleks sayılmır. Natamamlıq kompleksi insanın həyatı boyu hiss etdiyi stabil vəziyyətdir.

Statıstikaya görə, komplekslərdən kişilər daha çox əziyyət çəkir. Çünki o, qazanc sahibi, müdafiəçi və ailə başçısıdır. Qısa müddətli komplekslər insana hətta xeyirlidir. Onlar insanda idmançı qəzəbi yaradır və bu komplekslərin təsirindən xəyal belə edə bilməyəcəyi uğurlara nail ola bilər. Yox, əgər insan öz komplekslərini kompensasiya etmək istəmir, əl-ayağını sallayıb oturursa, onda bu, təhlükəlidir. Onu da qeyd edək ki, natamamlıq kompleksindən xilas olmaq o qədər də asan deyil.

 

Komplekslərlə necə vidalaşmaq olar?

– Hər zaman ideal tapıb özünüzü onunla müqayisə etməyin.

– Özünüzü daha uğurlu, varlı və ağıllı adamlarla müqayisə edib bundan əziyyət çəkməyin.

– Uğur əldə etmək üçün qarşınıza məqsəd qoyun. Bu məqsədə çatmaq üçün müddəti müəyyən edin və onu reallaşdırmağa başlayın.

Özünüzdə olanlardan zövq alın, xırdalıqlara da sevinməyi bacarın.

– Öz həyatınızı dəyişdirmək üçün yaranan hər bir şəraitdən istifadə edin.

– “Bacarmaram”, – deyə sizə təqdim olunan tapşırıqdan boyun qaçırmayın. Əgər bəxt sizin qapınızı döyürsə, onu acmaq lazımdır.

– Düşünün ki, siz böyümüsüz, şəxsi təcrübəniz var, müstəqil qərar verməyə qadirsiz. Başqalarının ehtiyacını ödəməyə çalışmayın, özünüz zövq almağı öyrənin.

– Öz üstün keyfiyyətlərinizin siyahısını yazın və hər bir situasiyada bu müsbət keyfiyyətlərinizi qabardın. Özünüzə sizin komplekslərdən xəbəri olmayan insan kimi baxın: yəqin ki, xeyli cəlbedici keyfiyyətlər görəcəksiniz.

Özünüzə qayda qoyun: “Mənim həyatımda ən vacib adam mənəm”. Qorxmayın, siz heç vaxt özünə vurğun, eqoist ola bilməzsiz.

– Özünüzün güclü və zəif  tərəfinizi öyrənin. Əgər özünüzü kənardan görə bilmirsinizsə, onda etibarlı dostunuzdan, yaxud ailə üzvlərinizdən bu işdə sizə kömək etməyinizi xahiş edin.

– Özünüqiymətlənirmə və inam itdikdə diqqətinizi müsbət keyfiyyətlərə yönəldin. Bununla özünüzü həvəsləndirin. Deyə bilərsiniz “mən bu işdə yaxşı olmaya bilərəm, əsas odur ki, başqa hansısa bir işdə möhtəşəm, əvəzolunmazam”. Öz diqqətinizi pozitiv şeylərə yönəldin.

Zəif tərəfinizi bilməklə bu sahələri yaxşılaşdırmaq üçün işlər görə bilərsiz. Amma düşünün ki, sizin zəif tərəfləriniz şəxsiyyətinizə və kimliyinizə təsir etmir.

 

Psixoloq Ruhəngiz Mehmanqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir