televizyon_sli_fbb2b6981b8f044f9eee16e6d052a94e

Kompüter və televizorun uşaqlara faydası və zərəri

Baxış sayı: 11. 738

Müasir dövrdə texnologiyanın sürətlə inkişaf etməsi nəticəsində günün tələblərinə uyğun olaraq kompüter və televizor həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin adını çəkdiyimiz cihazlardan istifadə nə qədər zəruri olsa da, hamımıza məlumdur ki, sağlamlıq hər şeydən vacibdir. Kompüter və televizordan ən çox istifadəyə meyilli olanlar isə uşaqlardır. Uşaqların saatlarla televizor və ya kompüterə bağlı qalmaları onların sosial mühitlə əlaqələrini zəiflədir, bu kimi cihazlardan asılı vəziyyətə salır. Bu asılılıq yetkinlik yaşındakı uşaqlarda  özünə qapılma, məktəb yoldaşları və ətrafına qarşı aqressiv davranışlara və digər xoşagəlməz hallara gətirib çıxarır. Buna görə də istər kompüterdən, istərsə də televizordan istifadə müəyyən çərçivədə olmalıdır. Bəs görəsən, mütəxəssislər bu haqda nə fikirləşirlər?

Araşdırmalar gün ərzində 2 saatdan çox televizor izləyən 18-24 aylıq uşaqların yarısında, 2 saatdan az izləyənlərin isə yüzdə 31-də dil inkişafında gecikmə olduğunu ortaya çıxarıb.

Müntəzəm olaraq izlənən və yaşları 18 ilə 24 ay arasında dəyişən 200 uşaq incələnib. Araşdırmada uşaqların yüzdə 21-nin 6 aydan öncə televizor izləməyə başladığı müəyyənləşib.

Gündə 2 saatdan çox televizor seyr edən uşaqların yüzdə 50, iki saatdan az izləyənlərin yüzdə 31-nin dil açmasında gecikmə, eyni zamanda sosial və şəxsi inkişaflarında da gecikmə görülüb. Bu uşaqların bütün bacarıqlarını bir az daha gec qazandıqları da ortaya çıxıb.

Müasir həyatı İnternetsiz və televiziyasız təsəvvür etmək mümkün deyil. Məhz buna görə də  XXI əsr “İnformasiya və texnologiyalar” əsri adlandırılır. Sivil dünyanın bir parçası olan vətənimiz Azərbaycanda da informasiya texnologiyaları sürətlə inkişaf etmiş və etməkdə davam edir. Lakin bu onu deməyə əsas vermir ki, hər bir insan, xüsusilə məktəb yaşlı uşaqlar heç bir məhdudiyyət olmadan bu texnologiyalardan istifadə etməlidirlər. İnternetin və televiziyanın uşaq orqanizmi və psixologiyası üçün mənfi və müsbət cəhətləri vardır. Təəssüf hissi ilə qeyd etmək olar ki, bunların mənfi cəhəti müsbət cəhətlərindən daha çoxdur.

Müsbət cəhəti ondan ibarətdir ki, uşaqlar İnternet vasitəsilə  kifayət qədər sürətli məlumat əldə etmək imkanına malikdirlər. Belə ki, tədris zamanı şagirdlərin tarix, coğrafiya, ədəbiyyat və sair fənlərdən verilən tapşırıqları İnternetdən aldıqları məlumatlar vasitəsi ilə daha səmərəli və keyfiyyətli yerinə yetirirlər.  Bu, uşaqların dünyagörüşünün, savadının artmasına səbəb olur. İnternet və televiziya uşaqlara onları maraqlandıran suallara cavab tapmaqda köməklik edir. Yaxşı ilə pisi bir-birindən ayırmağa, fantaziyasının inkişaf etdirilməsinə, müxtəlif elmlər sahəsində yeni məlumatlar əldə etməsinə köməklik etməklə bərabər onların məntiqini, təfəkkürünü inkişaf etdirir, diqqətliliyi artırır. Bir sözlə, hər bir uşağın inkişafına xidmət göstərmiş olur.

Mənfi cəhəti isə ondan ibarətdir ki, İnternetdən çox istifadə etdikdə bu, ilk növbədə, uşaqlarda kompüter asılılığı yaradır. Bu asılılıq da  xəstəliyə çevrilir ki, bunu da narkomaniya, alkoqolizm və digər asılılıqla eyniləşdirmək olar.  Bu asılılıq uşaqların səhhətinə ciddi surətdə zərər vurur. Belə ki, ilk növbədə, görmə qabiliyyətini aşağı salır, onurğa sütununun düzgün inkişafına mane olur, tənəffüs sistemində problemlər yaradır, baş ağrıları əmələ gətirir, yuxu pozulmasına, yorğunluğa və narahatlığına səbəb olur. Həmçinin uşaqların kompüterin və televiziyanın qarşısında çox vaxt keçirmələri onları dərsdən yayındırmaqla yanaşı dərs hazırlamalarını arxa plana keçirir. Həssas uşaqlarda döyüş və ölüm səhnələri ilə bol olan emosional kompüter oyunlarından və televiziyada nümayiş etdirilən filmlərdən sonra əsəbilik, aqressivlik, qəddarlıq və zorakılıq hissləri üstünlük təşkil edir. Həmin hisslərlə yanaşı onlarda qorxu hissi əmələ gətirir.

Televiziya və kompüter uşaqların, demək olar ki, ən yaxın dostlarından birinə çevrilir. Bu da uşaqların valideynləri, ailə üzvləri və dostları ilə çox az ünsiyyətdə olmasına səbəb olur. Uşaqlar qrammatik cəhətdən düzgün danışmamaqla öz fikirlərini aydın ifadə edə bilmirlər. Məsələn, son vaxtlar uşaqlar öz dostları ilə masa arxasına əyləşdikləri zaman birbaşa ünsiyyətdə olmaq əvəzinə mobil telefon vasitəsi ilə İnternetdən istifadə etməklə ünsiyyətdə olmağa daha çox üstünlük verirlər. Belə hallara nəinki uşaqlar, hətta böyüklər arasında da tez-tez rast gəlmək olar.

D. Mendeleyevin gözəl bir kəlamı var: “Həyatda ziyanlı heç bir şey yoxdur, ziyanlı həcm var”.

Uşaqda televizor və kompüter haqqında ilk yanlış məlumatı məhz valideyn yaradır. Əli yeni-yeni əşya tutan uşağın ilk oyuncağı telefon və kompüter olur. Uşaqlar buna əyləncə vasitəsi kimi baxır, müəllifi bilinməyən musiqilərlə sakitləşir, qorxunc cizgi filmləri ilə başlarını qatırlar. Valideyn isə öz işi ilə məşğul olur, uşağı nə ilə məşğul olursa-olsun, təki ona mane olmasın, – deyə düşünür. Bununla da uşaqda texniki vasitələrə yanlış yanaşma üsulu formalaşır.

Buna görə də valideynlər uşaqlarının İnternet və televiziyadan düzgün istifadə etməsinə nəzarət etməlidirlər. Onlar uşaqlarının saatlarla kompüter arxasına əyləşməsindən və televizora baxmasından narahat olmalıdırlar. Yaddan çıxartmaq olmaz ki, kompüter və televiziya asılılığının qarşısını almaq daha asandır, nəinki onu müalicə etmək. Bir çox hallarda uşaqların, xüsusilə, İnternetdən düzgün istifadə etməməsində valideynləri günahlandırmaq olar. Belə ki, bəzi valideynlər kiçik yaşlarından uşaqlarını mobil telefonla və kompüterlə təmin etməyə çalışırlar. İllər keçdikcə onlar uşaqlarını texnikanın son nailiyyətləri ilə zəngin olan telefon və kompüterlə  təmin edilməsində daha da həvəsli olurlar. Sanki valideynlər arasında bununla əlaqədar gizli rəqabət mövcuddur. Bu da uşaqlarda kompüter oyunlarına marağı daha da artırmış olur. Valideynlər uşaqlarını belə hədiyyələrlə sevindirməkdən maksimum dərəcədə yayınmalıdırlar. Yaxşı olar ki, valideynlər övladları ilə ünsiyyətə daha çox vaxt sərf etsinlər. Uşaqların maraq dairəsinə daxil olan məsələləri onlarla birlikdə müzakirə etməli və onlarla fikir mübadiləsi aparmalıdırlar. Ünsiyyət zamanı uşaqların gün ərzində nə ilə məşğul olduqları ilə  maraqlanmalı və özünün gördüyü işlər barədə də məlumat verməlidirlər. Uşaqlara icazə verilməlidir ki, dostlarını evə dəvət etsinlər və dostları ilə daha çox canlı ünsiyyətdə olsunlar. Eyni zamanda kompüterdən istifadə etməsinə  və televizor qarşısında əyləşməsinə məhdudiyyət qoyulmalıdır. Xüsusilə də gecə saatlarında. Həmçinin valideynlər uşaqlarının hansı televiziya verilişlərinə baxdıqlarına və hansı kompüter oyunlarını oynamasına nəzarət etməlidirlər. Uşaqlara İnternetdən biliyin artırılması məqsədilə istifadə etməsini öyrətməli və buna həvəsini artırmalıdır. Ailəliklə teatra, muzeyə, konsertlərə, kafelərə və təbiətin qoynuna  getməlidirlər. Hər bir valideyn bilməlidir ki, uşaqlar üçün ən əsas valideyinləri ilə ünsiyyətdə olmaqdır.  Valideynlər uşaqları ilə nə qədər çox ünsiyyətdə olsalar, bu, onların televiziyadan və İnternetdən az istifadə etmələrinə səbəb olar. (dushunce.az)




1 şərh “Kompüter və televizorun uşaqlara faydası və zərəri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir