Kondisioner

Kondisionerin zərəri faydasından çoxdur – Ekspert

Baxış sayı: 2. 078

Yayın qızmar istisindən sərinlənmək üçün istər avtomobildə, istər iş yerində, istərsə də evlərimizdə faydasından çox zərəri olmasına baxmayaraq, kondisionerlərdən istifadə edirik. Kondisionerlər isti havanı sərinlətmək məqsədilə istifadə edilən vasitə olsa da, bir müddət sonra təhlükəli hala gəlir.
Uzunmüddəti kondisionerdən istifadə etmək müxtəlif  bakterial xəstəliklərə, baş ağrısına, dəri problemlərinə, müxtəlif əzələ ağrılarına səbəb olur. Olduğunuz mühitdə ani  hava dəyişməsi hər zaman ilk olaraq dəriyə təsir edir. İstidən soyuğa, soyuqdan istiyə hava dəyişməsi dərinin zərərgörmə səviyyəsini də yüksəldir.

Dermatoloq Ramin Qocayevin sözlərinə görə, dəyişkən hava şəraitində bir müddət qaldıqdan sonra dəri deformasiyaya uğrayır. Dəridə quruma, çatlama və qabıq əmələ gəlir. Belə vəziyyətdə dəriyə tez-tez nəmləndirici krem çəkmək lazımdır. Nəmləndirici krem qurumanın qarşısını müvəqqəti də olsa ala bilir. “Kondisioner olan otaqda bir neçə saat otursanız və həmin müddətdə ani hava dəyişmələri baş versə, bu, sizin dərinizə təsir edəcək. Dəri quruyacaq, qabıq verəcək, qızarıb tökülməyə başlayacaq. Bu zaman müxtəlif bakterial  xəstəliklər də meydana gələ bilər. Bu səbəbdən də kondisioner havasında çox oturmaq olmaz”.

Həkim terapevt Məlahət Abbasova isə deyir ki, kondisionerin digər bir zərərli təsiri də yaratdığı əzələ ağrılarıdır.  İş yeri və ya evdə fərqinə varmadan kondisionerə yaxın ərazilərdə çox zaman keçirildiyində əzələlərdə tutulmalar, sıxılmalar və ağrılar meydana gəlir: “Bu vəziyyətlə qarşılaşmamaq üçün kondisionerin dərəcəsini aşağı qoymaq və  kondisinoerin olduğu ərazidən uzaq olmaq lazımdır. Kondisioner havasında oturmaq baş ağrısına da səbəb olur.  Əgər kondisionerli mühitdə çalışırsınızsa, tez-tez başınız ağrıyırsa, ağrı kəsicilərdən çox istifadə etməyin. Bu, sizin mədəniz və digər orqanlarınız üçün də zərərlidir”.

Müsahibimiz bildirir ki, kondisionerlər çöldə olan bakteriya və virusları içəri daşıyır. Havaya qarışan virus və bakteriyalar çöldən kondisioner vasitəsilə ilə olduğunuz otağa və ya avtomobilə dolur. Və bunun da nəticəsində soyuqdəymə, qrip, kimi xəstəliklərə yoluxma baş verir: “Kondisionerlər “legionella” mikrobu xaric edir və bu da ağciyər xəstəliklərinə səbəb olur. Bu mikrob sətəlcəm, pnevmaniya, sinüzit, bronxit, renit və s. bu kimi xəstəliklərə yoluxdurur. Qulaq və diş iltihablanmasına yol açır”.

Həkimin dediyinə görə, kondisionerlə yoluxan ən ağır xəstəliklərdən biri “legionella pnevmaniyası”dır. Bu xəstəlik ilk dəfə 1976-cı ildə Pensilvaniya legionerlərinin olduğu bir yığıncaqda, salondakıların hamısında aşkar edilmiş və xəstəliyin ventilyasiya sistemindən qaynaqlandığı müəyyən olunmuşdu: “Bu xəstəliyin əlamətləri adi sətəlcəmin əlamətlərindən fərqlidir. Xəstəliyə səbəb olan isə kondisioner sistemindəki bir bakteriyadır. Bu bakteriya kondisionerlərin filtr sistemlərində uyğun nəm və istilikdə törəyir və buradan da ətrafa yayılır. Xəstəlik insandan insana da yoluxur. Xəstələrdə tipik sətəlcəmdən fərqli olaraq, ağciyərə və tənəffüs sisteminə aid oaln şikayətlər ön planda olmur. İlk 24-48 saat içində halsızlıq, əzələ ağrıları, şiddətli baş ağrısı və narahatlıq yaranır. Və  daha sonra yüksək hərarət və ilk iki gün quru öskürək  müşahidə edilir. Ürək bulanması, qusma, qarın ağrısı görünə bilər. Xəstələrin 20 faizində sinir sistemi və hətta koma halı da müşahidə edilə bilər. Xəstəlik 21 günə ciddi müalicə ilə sağalır”.

Həmsöhbətimiz qeyd edir ki, kondisionerlərdən çox istifadə  tənəffüs yollarına mənfi təsir edir və allergik reaksiyalara səbəb olur. İmmunitet sistemini zəiflədərək bədən müqavimətinin azalmasına səbəb olur. Kondisionerli mühitdə çox qalmaq öskürək, baş ağrısı, boyun, əzələ tutulmaları, dəridə quruluq, dodaq çatlaması kimi problemlərə yol aıır: “Bəzən deyirlər “məni kondisinoner vurub”. Bu, həqiqətəuyğun ifadədir. Kondisioner bədənin istilik tarazlığını alt-üst etdiyindən, qribal infeksiyalara səbəb olur və çəkini artırır”.

Bütün bunlarla yanaşı kondisionerlərin asılılıq yaratmaq xüsusiyyəti də var. Yəni ondan davamlı istifadə edən insanlar hər zaman istifadə etmək istəyir.
Həkim Vaqif Qarayevin sözlərinə görə, kondisionerin  zərərləri faydasından çox adamı təsir altına almadadır: “Kondisionerlərdən düzgün istifadə etmək az da olsun mənfi vəziyyətdən qoruya bilər. Ən təsirli qorunma üsulu filtrin orijinal və keyfiyyətli olmasına diqqət yetirməkdir.  Keyfiyyətsiz və orijinal olmayan filtrlər mikrobu daha çox çəkdikləri üçün ətrafa göbələk, kif, virus, bakteriya kimi faktorları yayır. Bu da xəstəliklərin bədənə daha asan yerləşməsini təmin edir. Xüsusilə avtomobil kondisionerləri adama daha çox mənfi təsir etməkdədir. Kondisioner filtrinin baxımı, təmizliyi nizamlı bir şəkildə edilməlidir”.

Qarayev südəmər uşaqların olduğu otaqda kondisionerin işlədilməməsini tövsiyə edir. Deyir ki, temperatur rejimi düzgün tənzimlənməli və rütubət optimal olmalıdır. “Soyuq hava kütlələri uzun müddət birbaşa uşağın(insanın) bədəninə üfürüldükdə xəstəliklər qaçılmazdı”.
İnsanların xəstəxana, bank, sinif kimi uzun müddət oturduğu məkanlarda tavana quraşdırılmış kondisionerlərin altında, gözləmə kürsüləri və iş masaları qoyulmamalıdır.  Kondisioner altında, yaxınında və qarşısında xüsusilə tərli halda qalmaq kondisioner vurmasına səbəb ola bilər. Kondisioner vurmasını kondisioner altındaykən hiss etmək olmur. Kondisionerin təsirləri bir neçə saatdan sonra özünü göstərir. Boyun tutulması, soyuqdəymə, xalq arasında qulunc deyilən kürək sümüyündə batma hissi, halsızlıq kondisioner  vurmasının əlamətləridir. Qısası, kondisionerin zərəri faydasından çox olduğu üçün az istifadə etmək lazımdır.

İradə CƏLİL




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir