Turkan Turan

Koronavirus boşanmaları

Baxış sayı: 338

Elə bil, qəflətən hamımızı yığıb həyəcandan ürəyimizi ağzımızdan çıxardan qorxulu Hollivud filmlərinin düz ortasına atıblar. Baş verənlər qurğuya, fantaziyaya, vahiməli oyuna bənzəyir. Amma təəssüf ki, hamısı gerçəkdir və istəməsək də, hərəmiz bir rolun ifaçısıyıq. Hələ “film” sona çatmayıb, ancaq elə şeylərə şahid oluruq ki…

Bütün dünya koronavirusa təslim olub. Yox, məqsədim xəstəliyin tibbi, siyasi, iqtisadi tərəflərinə toxunmaq deyil, onsuz da hamımız az-çox nəticənin necə olacağının fərqindəyik. Mövzum karantina dönəmindəki münasibətlərdir. Deyəsən, bu bəla təkcə iqtisadiyyatı, siyasəti, tibbi deyil, bir çox evlilikləri də yıxıb dağıdacaq.

Hətta proses artıq başlayıb. Virusun ilk başladığı və minlərlə insanın ölümünə səbəb olan Çində karantin ləğv edilib. İnsanlar normal həyatlarına qayıdıblar. Rəsmi dairələr fəaliyyətini yenidən bərpa ediblər. Amma ilk gündən ölkə növbəti şoku yaşayıb. Uzun müddət karantində 24 saat bir damın altında yaşayan yüzlərlə ailə boşanmaq üçün məhkəmələrə müraciət ediblər. Cütlüklərin vaxt itirmədən bu addımı atmaqları həmin günlərdə dişlərini bir-birinə sıxaraq gözlədiklərindən xəbər verir. Bu hələ ilk ölkədir. Hələ… bunun İtaliyası, İspaniyası, Almaniyası… var. Eyni halın digər ölkələrdə də baş verəcəyini təsəvvür edəndə, az qala, adamın başına hava gəlsin. Hətta gün ərzində sosial şəbəkələrdə bu tərzdə bir çox statusa rast gəlmək olur. Əksəriyyət zarafatyana yazdığını düşünsə də, kökündə həqiqət var. Artıq şüuraltında bezginlik baş qaldırmağa başlayıb.

Əslində, Çindəki faktdan belə qənaətə gəlmək olur ki, çoxumuzun ayıbını işdə-gücdə olmağımız, bir-birimizdən ayrı keçirdiyimiz zamanlar ört-basdır edir. Onsuz da qurduğumuz münasibətlərdə çoxumuz oyunçu kimi davranırıq. Üzərimizə düşən öhdəlikləri yerinə yetiririk. Sevmirik amma sevirmiş kimi davranırıq, qarşı tərəfin bir çox hərəkətləri qıcıq doğurur, ancaq nələrisə gözə alaraq üstündən keçirik. Görüb susduqlarımızı, həzm edə bilməyib udduqlarımızı yavaş-yavaş yığıb içimizə doldururuq. “Camaat nə deyər” fikirləşərək istəmədiyimiz həyatı ömür boyu boyunduruq kimi daşımağa məcbur qalırıq. Bu proses mənə kiçik bir hekayəni xatırlatdı.

Güclü bir cadugər qəzəbli olduğu kəndi məhv etmək istəyir. Əhalinin su içdiyi əsas quyuya tilsimli maddə atır. Planı bu olur ki, kim oradan su içsə hamısı dəli olsun. Ertəsi gün kəndlilər həmin quyudan su içir və cadugər qismən istəyinə çatmış olur. Ağlı başında qalan təkcə kəndxuda olur. Çünki o suyu həyətindəki quyudan içir. Cadugər nə qədər çalışsa da, həmin quyunu zəhərləmə imkanı olmur. Kəndxuda kəndlilərin düşdüyü vəziyyətdən narahat olur və bunu aradan qaldırmaq istəyir. Nə qədər cəhd etsə də, onlarla heç cürə dil tapmağı bacarmır. Əksinə onu aralarında görmək istəmədiklərini, kənddən çıxıb getməyini tələb edirlər. Artıq ümidi tükənən bu gedişlə canından olacağını düşünən kəndxuda çarəsiz qalır və kəndi tərk etməkdən başqa yol qalmadığını görür. Bu vaxt qeybdən bir səs gəlir, “kəndlilərin içdiyi sudan iç” deyə. Kişi əvvəlcə ürkür amma səsin ona dediyini edir. Kəndxuda da digərləri kimi ağzına gələni danışmağa başlayır. Bunu görən kəndlilər ona haqsız davrandıqlarını düşündükləri üçün peşman olurlar. Madəm ki, bu qədər ağıllı danışır onda onu kənddən qovmağın əhəmiyyətsiz olduğunu düşünürlər. Beləliklə eyni ağılda olduqları üçün hamısı “şən firavan” yaşamağa davam edirlər.

Münasibətlər də eynən kəndxuda ilə kəndlilərin bu davranışına bənzəyir. Bəzən başqa yolun qalmadığı üçün onunla eyni quyudan su içirsən, nələrinsə naminə, nələrdənsə olmamaq, itirməmək üçün dözürsən. Hətta eyni ağılda olmaq üçün özünü dəliliyə qoymağa da məcbur qalırsan. Bilirsən ki, ayrı ağıl da olub eyni damın altında yaşamaq zülümdür.

 

Türkan Turan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir