KORONAVIRUS

Koronavirusa niyə inanmırıq?

Baxış sayı: 361

“Bu artıq ikinci təcili yardım həkimidir ki, koronavirusla mübarizədə öz həyatını qurban verdi. Neçə həkim ölməlidir ki, insanlar koronavirusun həqiqət olduğuna inansın. Hamı bu virusla mübarizə aparmalıdır”…

Bu günlərdə həkimlərimizdən biri bu fikirləri öz sosial media hesabından paylaşıb. Şübhəsiz ki, həkimlərimizin  koronavirusla mübarizəsi bizimki ilə müqayisədə daha ağırdır. Çünki onlar bu mübarizədə öz xəstələrini, həkim yoldaşlarını itirirlər. Amma bəziləri bunu görmədiyi üçün virusun varlığını və təhlükəni dərk etmək istəmir. Hətta daha “ağıllılar” bu təhlükəni kimlərinsə insanları qorxutmaq üçün bir oyunu hesab edir. Bəs görəsən niyə bu virusa inanmaq istəmirik?

TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev İctimai Televiziyada koronavirusa inanmayanlardan danışarkən deyib ki, təkcə bizdə deyil, bütün dünyada belədir ki, koronavirusa inanmayanların sayı inananlardan çoxdur. Hamı deyir ki, heç yaxın qohumda, qonşuda COVİD-19-a yoluxan görmədik. Bəzi insanlar var ki, koronavirus xəstəliyindən müalicə alsalar belə, bunu heç yaxınlarına da demirlər”.

TƏBİB rəsmisi bildirib ki, bu bizim mentalitetimizlə də bağlıdır: “Sanki koronavirusa yoluxmaq bir ayıbdır. Koronavirus yuxarı tənəffüs yolu infeksiyasıdır. Hansı ki, sonradan pnevmoniyaya da səbəb olur. Hamının yoluxma ehtimalı var və heç kim bundan sığortalanmayıb. Yəqin ki, insanlar ətrafında olan şəxslərdən birinin koronavirusa yoluxmasından sonra buna daha çox inanacaqlar. Amma onda da gec olacaq. Bu, təkcə Azərbaycana xas olan deyil, dünyəvi problemdir. Biz koronavirusa yoluxan insanların hansı vəziyyətdə olduğunu görürük. Təbii ki, yüngül formada keçirənlər daha çoxdur. Ancaq orta ağır və ağır formada keçirənlərin də sayı xeylidir. Buna hazırda inanmaq lazımdır. Bu, bizə xeyir gətirə bilər”.

Millət vəkili Azər Badamov deyir ki, görülən tədbirlər virusa yoluxma hallarının qarşısını aldı. Amma bu, virusun olmadığı anlamına gəlmir: “Azərbaycan dövlətinin koronavirusa qarşı ciddi və qətiyyətli mübarizəsi ölkəmizdə yoluxma hallarının qarşısını aldı. Bu gün Azərbaycan vətəndaşları koronavirusun yaratdığı ciddi təhlükəni hiss etmirlər. Çünki mübarizə tədbirləri kifayət qədər güclüdür. Amma bu o demək deyil ki, belə bir virus yoxdur. Təkcə hər gün virusa yoluxanların statistikası bunu bir daha sübut edir. Son günlər göstəricilər yenidən artmaqdadır. Virusun ilk yayıldığı dövrdə ölkədə sərt karantin rejimi tətbiq olundu. Məhz bu addımların atılmasının nəticəsidir ki, digər ölkələrlə müqayisədə bizdə ölüm və yoluxma halları dəfələrlə aşağıdır. Bu aydan etibarən karantin tədbirlərinə müəyyən yumşaldılmalar tətbiq edildi. Bu yumşaldılmalar isə insanlarda sərbəstlik yaratdı. Nəticədə hamıda belə bir fikir formalaşır ki, koronavirus ümumiyyətlə yoxdur. Guya bu kimlərinsə maraqlarına xidmət edir. Əslində bu, heç də belə deyil. Ona görə də tədbiri əldən vermək olmaz. Adi misal çəkmək yetərlidir. Azərbaycanda sərt karantin rejimi tətbiq edilən zaman qonşu ölkə Dağıstanda virusa məhəl qoyulmadı. Bu gün oradan gələn məlumatlar ürəkağrıdıcıdır. Dağıstanın mərkəzi şəhəri və rayonlarında yoluxanların sayı kifayət qədər çoxdur. Əsas məsələ vaxtında lazımi addımları atmaqdır. Yayılma arealının genişlənməsini gözləmək olmaz. Hər bir vətəndaş öz məsuliyyətini dərk etməlidir. Biz çalışmalıyıq ki, virusun dərinliyi və yaratdığı problemlər hiss olunmasın. Təəssüf ki, bəzi məsuliyyətsiz vətəndaşlarımız lazımi qaydalara əməl etmir. Məhz bunun göstəricisidir ki, azalan dinamika yenidən artım nümayiş etdirir. Təbii ki, əgər bu artım tendensiyası davam edərsə, karantin rejimi yenidən sərtləşdirilə bilər”.

Tibb üzrə ekspert Şəhla Balayeva qeyd etdi ki, koronavirusa başdansovdu yanaşmaq olmaz. İnsanlar bu virusun varlığını qəbul etməlidir: “Sevindirici haldır ki, koronavirusla bağlı mübarizə məqsədi ilə vaxtında düşünülmüş addımlar atıldı. Ona görə də Azərbaycanda virusa yoluxanların sayı çox az oldu. Həmçinin, virusa yoluxan xəstələr karantin rejimində müalicə aldığına görə digər xəstələrlə təmas sıfıra endirildi. Bu da insanlarımızda belə bir fikir formalaşdırdı ki, koronavirus yoxdur. Bu, sadəcə, insanları qorxutmaq üçün bir vasitədir. Əgər bu insanlar həqiqətən də virusun varlığına inanmaq istəyirsə, xəstəxanalarda yatan xəstələrə baş çəkə bilərlər. Xəstəxanalarda yüzlərlə koronavirus xəstəsi yatır. Həkimlər öz həyatını təhlükəyə ataraq ağır bir rejimdə fasiləsiz çalışırlar. Bu haqda dəfələrlə deyilib və yazılıb. Təhsili, müəyyən qədər dünyagörüşü olan insanlar başa düşür ki, bu məsələyə başdansovdu yanaşmaq olmaz. Çünki bu virusun hələlik vaksini tapılmayıb. Bu məsələdə media orqanlarının da üzərinə böyük yük düşür. Cəmiyyəti maarifləndirmək işində onlar daha aktiv rol oynamalıdır. Çünki insanlar görmədiklərinə inana bilmir. Savadsızlıq, bilgisizlik ən böyük xəstəlikdir. Heç kim bu virusun varlığını inkar edə bilməz. Virusa yoluxanlar da bunu etiraf etməyə utanır. Burada utancverici heç nə yoxdur. Çünki koronavirusun adi qripdən heç bir fərqi yoxdur”.

 

Şəbnəm Mehdizadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir