elnur ekberov

Koronavirusdan qorunmaq yolları: Gündəlik təhlükəsizlik tədbirləri necə olmalıdır?

Baxış sayı: 362

“Soyuq aylarda insan orqanizminin ətraf mühit amillərinin (aşağı temperatur, külək, aşağı kalorili qida qəbulu və s.) təsirinə məruz qalması nəticəsində immun sisteminin zəifləməsi baş verir ki, bu da izsiz ötüşmür. Belə ki, xroniki xəstəliklərin kəskinləşməsi, bakterial və virus infeksiyalara yoluxmanın artması məhz bu dövrdə baş verir”.

Qulaq, burun, boğaz, baş və boyun cərrahı, uzman həkim Elnur Əkbərov deyir ki, virus mənşəli infeksiyalar əsasən tənəffüs yollarının zədələnməsi ilə təzahür edir: “Ümumiyyətlə, bəhs edilən viruslar öz nüvə tərkibinə görə iki böyük qrupa bölünür: RNT (ribonuklein turşusu) tərkibli və DNT (dezoksiribonuklein turşu) tərkibli. Hər iki qrup virusların tənəffüs yollarının zədələnməsi ilə müşayiət olunan xəstəliklərə təkan vermə qabiliyyəti var. Xalq arasında “zökəm”, “qrip” və s. kimi tanınan bu xəstəliklərin böyük əksəriyyətinin törədiciləri məhz bu viruslardır. Yeri gəlmişkən, son zamanlar təşvişə səbəb olan bəlalı koronavirus da məhz DNT tərkibli virusların bir nümayəndəsidir.

Koronaviruslar qrupu öz adını virus başının mikroskopik olaraq tac şəklində olmasından dolayı alıb. Bioloji qanunauyğunluqlara görə, bu və ya digər virus qrupları vaxtaşırı aktivliyini dəyişməkdədir. Bu dəyişməyə təsir edən bir çox ətraf mühit və antropogen (insan faktoru) amillər var ki, nəticədə fərqli dövrlərdə müxtəlif virus nümayəndələrinin kükrəyişi baş verir. Bəhs edilən hadisə elm tərəfindən araşdırılmış və o törədiciyə qarşı vaksin kəşf edilmiş olduğu halda xəstəliklə mübarizə daha asan yolla həyata keçitilə bilər. Belə ki, vaksinasiya xəstəliyin qarşısını almaqla bərabər, gedişatını da yüngülləşdirir və bununla baş verə biləcək fəsad ehtimallarının qarşısını alır”.

E.Əkbərov deyir ki, görülən bütün tədbirlərə baxmayaraq, hər il yuxarı tənəffüs yolları virus infeksiyaları və onların səbəb olduğu fəsadlar 100 minlərlə insanın ölümünə səbəb olur: “Tənəffüs yollarının zədələnməsi ilə müşahidə olunan virus infeksiyalarının ən çox rastlanan fəsadları-faringit, laringit, bronxit, pnevmoniya, meningit və s.-dir. Adətən, fəsadlı gedişat immun sistemi zəif olan populyasiyanı əhatə etməkdədir. Bu kateqoriyaya yaşlılar, qidalanma zəifliyi olanlar (xüsusilə, zülal defisiti), immun defisitli pasiyentlər, davamlı stresə məruz qalanlar, normativə uyğun olmayan, ağır fiziki işdə çalışanlar və s. aiddir. Yuxarıda sadalanan amillər immun sistemin zəifliyi ilə müşahidə olunur ki, nəticədə orqanizmə daxil olan viruslar özlərinin dağıdıcı qüvvəsini tam şəkildə göstərir.

Hər il olduğu kimi, bu il də analoji hadisələr baş verir. Vəziyyətin qəlizliyi, bəhs edilən koronavirus nümayəndəsinə (COVİD-19) qarşı vaksinin olmaması ilə bağlıdır. Bu da öz növbəsində belə bir ştammın daha əvvəl kütləvi kükrəyiş almaması ilə izah edilir. Vaksinin icadı istiqamətində edilən cəhdlər sözsüz ki, davam etməkdədir. Unutmaq lazım deyil ki, təbiətdə baş verən hadisələr qarşılıqlıdır. İnsan hər hansı bir canlını (viruslar da canlı aləmin bir nümayəndəsidir) məhv etməyə çalışırsa, canlı da öz növbəsində sağ qalmanın yollarını axtarır”.

İnsan cəmiyyətinin bu kimi infeksiyalardan qorunma yollarının dəyişməz olduğunu deyən həkim, əllərin antiseptiklərlə, dezinfeksiyaedicilərlə yuyulması, qoruyucu tibbi maskaların tətbiqi, sanitar normalara riayət, sosial gigiyena tələblərinə əməl etmə və düzgün qidalanma nəticəsində bu kimi infeksiyaların yayılması və məntiqi olaraq xoşagəlməz fəsadların meydana gəlməsi ehtimallarının azalmış olduğunu vurğulayır: “Koronavirus öz yoluxma qabiliyyətinə görə bənzər viruslardan çox da fərqlənmir, profilaktikası və müalicəsində daha dəyişik metodlar tələb etmir və həyati təhlükəliliyinə görə digər viruslarla eynidir, hələ bəzilərindən zəifdir də deyə bilərik. Bu səbəbdən, yuxarıda qeyd olunan təhlükəsizlik tədbirləri yetərli olmaqla bərabər, əhalinin həyəcanlanmasına lüzum yoxdur. İnfeksiyanın hava-damcı yolu ilə yoluxduğunu nəzərə alaraq, kütləvi toplanış yerlərindən (konsert salonları, havalanması pis olan qapalı məkanlarda toplantılar və s) uzaq olmaq lazımdır. Gündəlik həyatda birdəfəlik kağız dəsmallardan istifadə, ətraf mühitin təsir amillərinə uyğun geyinmək (bədəni soyumaqdan qorumaq), düzgün qidalanmaq (yetərli karbohidrat və zülal qəbulu), xəstəlik əlamətləri (yüksələn bədən hərarəti, asqırma, öskürək, halsızlıq və s.) müşahidə olunan zaman cəmiyyətdən təcridlə bərabər həkim-mütəxəssisə vaxtında müraciət və s. kimi tədbirlər görmək məsləhətdir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir