elcek debi

Koronavirusun geri qaytardığı əlcək dəbi

Baxış sayı: 785

Əlcəklər 20-ci əsrin əvvəllərində yüksək dairələrdə qadının qarderobunun ayrılmaz hissəsi hesab olunurdu. Elit təbəqədən olan qadınlara evdən kənarda həmişə əlcək taxmaq tapşırılmışdı və onları ictimai yerlərdə çıxarmaq ədəbsizlik sayılırdı. Yeri gəlmişkən, mayın 12-də Rusiyanın bir sıra bölgələrində – xüsusən də Moskva və Moskva vilayətində – maska, əlcək rejimi tətbiq olunub.

“Gencaile.az” “Publika.az”-a istinadən xəbər verir ki, koronavirus pandemiyasının yayılması nəticəsində dizaynerlər əlcəkləri yenidən dəbə qaytarmaq niyyətindədir. Modapərəstlər də artıq zərif görünmək üçün əlcək və maskaları müxtəlif naxışla, işləmələrlə bəzəməyə başlayıb. Mövcud vəziyyətdən göründüyü kimi, əgər ehtiyac yaranıbsa, çox güman ki, müxtəlif əlcək modelləri ortaya çıxacaq və moda dünyası qadınlar üçün əllərinin gözəl görünəcəyi əlcəklərin versiyalarını buraxacaq. Eyni zamanda onları virus və bakteriyalardan etibarlı şəkildə qoruyacaq.

Koronavirusa yoluxan və ondan müalicə alan məşhur moda tarixçisi Aleksandr Vasiliyev İnstaqram səhifəsində bildirib ki, mavi və çəhrayı əlcəklərə tələbat çoxalıb. Ekspertin sözlərinə görə, pandemiya mağazaya gedən və ya ev heyvanlarını gəzdirmək üçün küçəyə çıxan bir çox çılğın, dəbli qadınlar üçün müəyyən tendensiyanı diktə edəcək. “Əlbəttə ki, əlcəkləri tamamlamaq üçün xanımların çoxu dərhal mavi və ya çəhrayı şərf, yaxud baş geyimlərinin də axtarışına çıxacaq”, – deyə o, qeyd edib.

Sosial şəbəkələrdə yeni tendensiyaya uyğun fotolar və obrazlar görünməyə başlayıb. Mövcud vəziyyəti dəyişə bilmiriksə, niyə də əllərin gözəl görünməsi üçün müxtəlif eksperimentləri sınaqdan keçirməyək?

Lakin bütün parçalar bizi virusdan qoruya bilməz. Həkimlər birdəfəlik nitril və ya pambıq əlcək seçməyi məsləhət görür. Eyni zamanda, onlar əllərə səliqəli şəkildə uyğun olmalıdırlar. Birdəfəlik əlcəklər gündə iki saatdan çox, parça isə bütün gün istifadə edilə bilər. Nitril əlcəklərdən istifadə edərkən əllərinizi antiseptiklə silmək və istifadədən dərhal sonra atmaq tövsiyə olunur.

İstifadədən sonra parça əlcəklər əllərdən çıxarılmadan sabunlanmalı və sonra yüz dərəcə temperaturda yuyulmalıdır. Həkimlər dəri və ya lateks əlcəklərin viruslardan qorunmaq üçün uyğun olmadığını da qeyd edib, çünki hazırlanan material dezinfeksiyaedici proses üçün uyğun deyil.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir