KORONAVIRUS

Koronavirusun ikinci dalğası necə olacaq?

Baxış sayı: 177

Bütün dünyada kifayət sayda xəstələnmə və ölüm hallarına səbəb olan koronavirus infeksiyasından son həftələrdə yeni xəstə sayılarının artması “ikinci dalga” düşüncələrini gündəmə gətirdi. Mütəxəssislər maska taxılması, sosial məsafə saxlanılması və gigiyenik qaydalara riayət edilməzsə, xəstə sayının daha da arta biləcəyini qeyd edirlər. Bu səbəbdən də 21 iyun 2020-ci il tarixdən yenidən ciddi karantin tədbirləri elan edilməsi bu artımın qarşısının alınmasına yönəldilib.

Koronavirus infeksiyasında “ikinci dalğa” olurmu? Ümumiyyətlə, yoluxucu xəstəliklərdə “ikinci dalğa”nın olması necə müəyyən edilir? Tibbin qaydalarına görə “ikinci dalğa” dedikdə yalnız “birinci dalğa” tam məhdudlaşdırıldıqdan hər hansı bir müddət keçdikdən sonra infeksiyasının yenidən baş verməsi və yüksəlişi başa düşülür. Bu səbəbdən də xəstə sayının mövcud artımı “ikinci dalğa” kimi deyil, birinci dalğanın müəyyən səbəblərdən cari dalğalanması kimi qiymətləndirilməlidir. Mövcud səbəblər isə Nazirlər Kabineti yanında Operativ Qərərgahın ekspertlərinin dediyi kimi insan faktoru ilə əlaqələndirilir. Çox təəssüf ki, bu gün vətəndaşlarımız nəinki verilən tövsiyyələrə tam məsuliyyətlə yanaşmır, hətta aramızda elə insanlar var ki, ümumiyyətlə, bu infeksiyanın olmadığı fikrindədirlər.

Bunu tam şəkildə qəbul etməliyik ki, biz maskadan istifadə, sosial məsafə gözlənilməsi və gigiyenik qaydalara diqqət etməsək, xəstə sayı daha da artacaq. Hətta bundan sonra baş verəcək yeni normallaşma müddətində belə müəyyən tədbirlərə bir müddət riayət etmək lazım gələcək. Bu şəkildə dalğalanmalar, virüsun mutasiyaya uğraması prosesi dayanmayana və ya peyvənd hazırlanıb insanlara tətbiq edilməyənə qədər olması mümkündür və burada təkrar vətəndaş məsuliyyətini qeyd etmək yerinə düşər.

Onu da qeyd etmək lazımdır ki, ikinci dalğa nə zamansa baş versə də, onun birinci dalğadan güclü olması mümkün deyil. Bu tarixən belə olub. Biz bu gün birinci dalğa ilə mübarizə aparırıq. Mart-aprel aylarında ilk xəstələnmə halları artanda biz nə etməli olduğumuzu öyrəndik. Düşünürəm ki, bu dalğa bir neçə həftəyə nəzarət altına alına biləcək. Bundan sonrakı tədbirlərə vətəndaş dəstəyi göstərməklə biz məhz ikinci dalğanı yaşamaya bilərik.

Həkim-İnfeksionist-hepatoloq Azər Nağıyev




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir