Körpələrdə “dovşan dodaq” və “qurd ağız” problemi

Baxış sayı: 1. 608

Bu kifayət qədər yayılmış anadangəlmə patologiyalardır. Həkimlərin müşahidələrinə görə, müasir dövrdə bu pozulma ilə doğulan uşaqların sayı artır.

El arasında bu patologiyalara “dovşan doqdaq” və “qurd ağız” deyilir. Bu patologiyalar zamanı uşağın üst dodağında və damaqda anadangəlmə yarıqlar olur ki, bu həm estetik qüsur yaradır, həm də uşağın qidalanmasında müəyyən problemlər yaranır (“qurd ağız” olan uşaqlar əmə bilmir və onları xüsusi butulkalardan yedizdirirlər), belə uşaqlar daha tez-tez nəfəsalma sistemi xəstəliklərinə, qulaq infeksiyalarına tutulur, onların eşitməsində, nitqində, dişlərin formalaşmasında və s. ciddi pozulmalar əmələ gəlir. Lakin defekt vaxtında müalicə olunduqda gələcəkdə uşağın sağlamlığında heç bir problem inkişaf etmir. Belə uşaqlar psixiki və əqli inişafına görə həmyaşıdlardan fərqlənmir.

Bu patologiyalar uşaqlarda müxtəlif formalarda ola bilər. Bəzən körpədə üst dodağın yarığı bir tərəfli, bəzən isə ikitərəfli olur, yarıq dəha dərin və ya da səthi ola bilər. Damağın yarığı da müxtəlif formalarda olur.

Əksər hallarda bir uşaqda bu patologiyaların hər ikisi (həm “dovşan dodaq”, həm də “qurd ağız”) təsadüf edilir. Lakin bəzən uşaqda yalnız “dovşan dodaq” və ya yalnız “qurd ağız” olur.

Nəzərinizə çatdıraq ki, heç bir ailə cütlüyü bu patologiyaları olan uşağın doğulmasından sığortalanmayıb. Bəzi hallarda bunun səbəbi genetik faktor olur – yaxın qohumları arasında belə defekt varsa, uşaqda onun inkişafı riski daha yüksəkdir. Lakin bir çox digər hallarda belə uşaqlar heç bir genetik pozulmaları olmayan valideynlərdə doğulur.

Dodaq və damaq yarıqları döldə hamiləliyin ilk 2 ayı ərzində formalaşır. Həkimlərin fikirinə görə, bunun səbəbi birinci trimestr (ilk 3 ay) ərzində hamilə qadına olan mənfi təsirlər və qadının pis vərdişləridir:

– viris və infeksion xəstəliklər (qripp, toksoplazmoz, herpes, sitomeqalovirus və s.),

– cinsi yolu ilə keçən infeksiyalar (xlamidioz, süzənək, sifilis, trixomoniaz),

– ziyanlı istehsalatda işləmək,

– pis ekoloji şərait,

– güclü xroniki streslər,

– spirtli içkilərin qəbulu,

– siqaret çəkmək.

Məhz bu səbəbdən döldə bu və ya digər pozulmaların profilaktikası üçün qadın hamiləliyə hazırlaşmalı, hamiləlik zamanı isə öz sağlamlığına qarşı xüsusilə diqqətli olmalı, yaxşı qidalanmalı, həkimin nəzarətində olmalı, pis vərdişlərdən imtina etməlidir.

Bəzi dərman preparatların qəbulu (məsələn, qıcolma əleyhinə) də bu patologiyaların inkişafına səbəb ola bilər.

Həkimlərin müşahidələrinə görə, hamiləlikdən əvvəl və hamiləlik zamanı fol turşusunun qəbulu bu patologiyaların riskini xeyli azaldır.

Bu patologiyalar yalnız cərrahi yolu ilə müalicə olunur. Əməliyyat adətən uşaq körpə olanda (1 yaşına kimi) həyata keçirilir.

“Dovşan doqdaq” və “qurd ağız” kifayət qədər mürəkkəb patologiyalardır. Lakin belə uşaqları olan valideynlər heç bir halda ruhdan düşməməlidir – müasir tibdə bu patologiyalar çox uğurla müalicə olunur və uşağın gələcək inkişafına və sağlamlığına heç bir təsir etmir. Yuxarıda qeyd etdiyimiz kimi, belə uşaqlar psixiki və əqli inişafına görə həmyaşıdlardan fərqlənmir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir