korpe

Körpələri niyə küçəyə atırlar? – psixoloq və hüquqşünas danışır

Baxış sayı: 1. 428
Son vaxtlar yeni doğulan körpələrin küçəyə, zibilliklərə, kanalizasiya quyularına və s. yerlərə atılması halları çoxalıb. Araşdırmalar göstərir ki, bu cür analoji hadisələr paytaxtla yanaşı, ölkənin müxtəlif regionlarında da qeydə alınır. 
Bugünlərdə isə paytaxtın Nərimanov rayonunda kanalizasiya quyularının təmirində işləyən Alış Aşırov adlı şəxsin mətbuata açıqlamasında quyulardan 50-yaxın uşaq cəsədi tapdığını deməsi cəmiyyətdə ciddi narahatlıq doğurdu, körpə qatillərinə   ciddi cəza verilməsi, bununla bağlı qanunvericiliyin sərtləşdirilməsi tələbləri səsləndi.
Statistik məlumatlara görə, Azərbaycanda valideyni tərəfindən ildə 30-a yaxın yeni doğulan körpə atılır. Lakin qeyri-rəsmi məlumatlara görə, atılmışların sayı göstərilən saydan kifayət qədər çoxdur. Bəzi iddialara görə, valideynlər qanundakı boşluqlardan istifadə edərək bu cür addımlar atır və bir çox hallarda məsuliyyətdən kənarda qala bilir.
Valideynləri yenicə doğulan körpələrini küçəyə atmağa nə vadar edir?
Psixoloq Azad İsazadə bu məsələdə bir çox təsirlərin rol oynadığını deyib: “Xüsusən də işsizlik, sosial problemlər bu halların yaranmasına səbəb olur. Atılan uşaqların əksəriyyəti nikahdankənar doğulan uşaqlardır. Sosial tənqidə dözə bilməyən analar uşaqdan imtina etməyə məcbur olurlar.
Azərbaycanda erkən seksual həyatın profilaktikası ilə bağlı çox az təbliğat aparılır. Nəticədə hamilə qalan qadınlar yaşayacaqları problemləri  əvvəlcədən dərk edə bilmirlər. Qəfil belə bir faktla qarşılaşan qadınlar dünyaya gətirdikləri körpənin qayğısına qala bilmir və uşağı atmalı olur. Ətraf da anaya bu cür hərəkət etməsi üçün psixoloji basqın edir.  Mən bu cür anaların tərəfdarı deyiləm. Lakin belə anda real çıxış yolu ancaq bu olur”.
Qeyd edək ki, bir çox xarici ölkələrdə arzuolunmaz körpələrin küçələrə atılmasının qarşısını almaq üçün xüsusi məntəqələr fəaliyyət göstərir. Övladından imtina edən valideyn uşağı həmin məntəqəyə qoyur və valideynin anonimliyi qorunur. Bu isə uşaqların küçəyə atılmasının qarşısını alır, onların həyati təhlükəsizliyini təmin edə bilir.
Azərbaycanda da bu cür yerlərin yaradılması labüddürmü?
Bəzi ekspertlər bununla bağlı olaraq xüsusi yerlərin yaradılmasına qarşı fikirlər səsləndirir, Azərbaycan cəmiyyətinin hələ buna hazır olmadığını qeyd edirlər. Əvəzində isə arzuolunmaz uşaqların dünyaya gətirilməməsi üçün profilaktik tədbirlərin daha da gücləndirilməsinin  gərəkliyini vurğulayırlar.
Hüquqşünas Müzəffər Baxış bildirdi ki, körpəsini bilərəkdən küçəyə, zibilliyə atan valideynlər qəsdən adamöldürmə cinayəti ilə məsuliyyətə cəlb oluna bilər: “Azərbaycan Respublikası Konstitusiyasının  34-cü maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etməyə və onların qayğısına qalmağa borcludurlar. Qanuna əsasən, valideynlərin öz övladlarından imtina etməsi proseduru nəzərdə tutulmayıb. Lakin müəyyən valideynlər var ki, onlar bu və ya digər səbəblərdən öz uşaqlarından imtina edirlər.
Konkret uşağın hara və hansı şəraitdə atılmasından asılı olaraq valideynin məsuliyyəti ortaya çıxır və valideyn uşağı öldürmək istəməkdə ittiham oluna bilər.  Çünki şüurlu şəkildə anlayır ki, köməksiz şəkildə qalan uşaq hər an ölüm təhlükəsi ilə üz-üzə qala bilər. Tez-tez şahidi oluruq ki, valideynlər uşaqlarını uşaq evlərinin qarşısına qoyur ki, onu götürsünlər. Bu valideynlərin də əməllərinə hüquqi qiymət verilmir. Belə hallarda bir qayda olaraq Ailə Məcəlləsinin tələblərinə uyğun dərhal prokurorluğa müraciət edilir və uşaq himayə, qəyyumluq qurumlarının köməkliyi ilə xüsusi müəssisələrə yerləşdirilir. Lakin valideyni axtarıb tapmaq, onu məsuliyyətə cəlb etmək heç kimin ağlına gəlmir”.
Hüquqşünas qeyd etdi ki, məsələ ilə bağlı qanunda heç bir boşluq yoxdur: “Sadəcə, qanunların icra edilməsində boşluqlar var. Hansısa məmurların belə məsələlərdə gözləntiləri, maraqları olduğundan bəzən körpələrini atan valideynlərin əməlləri obyektiv araşdırılmır, hüquqi qiymət verilmir. Belə olan halda bu cür xoşagəlməz hallar da getdikcə çoxalır”.
Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən “Müvəqqəti Sığınacaq-R-inteqrasiya Mərkəzinin direktoru Dadaş Əhmədov məsələ ilə bağlı ”Yeni Müsavat”a danışıb. O, dövlət tərəfindən hərtərəfli işlənmiş mükəmməl proqram tərtib olunmasının vacibliyini vurğulayıb: “Bizim sığınacaqda valideynləri tərəfindən imtina edilən müəyyən uşaqlar yerləşdirilir. Lakin sırf zibilliyə və yaxud başqa yerə atılan uşaqlar quruma gətirilməyib. Körpə olduqlarına görə belə uşaqlar adətən tibb müəssisələrinə yerləşdirilirlər.
O ki qaldı səbəblərə, onlar müxtəlifdir. Bura sosial, psixoloji problemləri, ailədaxili zorakılığı və s. məsələləri aid etmək mümkündür. Bir qədər bundan əvvəl polis sığınacağımıza bir xanım gətirdi, bildirdi ki, onun uşaqları var və onları qoymağa yeri yoxdur. Söhbətimizdən məlum oldu ki, 23 yaşlı bu qadın 2 dəfə ailə qurub və 6, 5 və 1,5 yaşlı 3 uşağı var. Hər 2 ərindən boşanıb, indi də nə işi, nə yaşayış yeri, nə də dolanışığı var.
Bu cür məsələləri tənzimləmək hazırda çox çətindir. Bir yandan iqtisadi geriləmələr, bir yandan adət-ənənələrin deqradasiyası, mənasız şou-proqramlar, sosial şəbəkələr, mobil rabitə və s. çoxsaylı amillər işə mənfi təsir göstərir”.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir