“Körpənin 40-dan çıxması” ənənəsi lazımdırmı?

Baxış sayı: 1. 778

Əvvəllər məclis dedikdə ağıla hər hansı bir önəmli hadisənin qeyd edilməsi, bu münasibətlə dost-tanışın bir məkana yığılması, əylənmək, yemək-içmək gəlirdi. Zaman keçdikcə məclislərin həcmi ilə yanaşı mahiyyəti də dəyişməyə başladı. Artıq körpələrin 40 mərasimləri də şadlıq evlərinin siyahılarındadır.

İnanclara görə, körpə doğumundan 40 gün sonra artıq həyatının ikinci mərhələsinə qədəm qoyur. Bu mərhələdə artıq körpəni görməyə gələnlərin sayı artır, onun “çilləyə düşmək” kimi bir qorxusu olmur. İlk 40 çimizdirilməsindən sonra körpənin yeni həyatı da başlamış olur və necə deyərlər çöl-bayır üzü görməyə başlayır. Bu mərasim əvvəllər sadəcə, ailə arasında qeyd olunurdusa, artıq körpələrin 40-dan çıxması da şadlıq evlərinə köçürülür.

Ümumiyyətlə, dində körpənin 40-dan çıxması deyilən bir şey yoxdur. Körpə ana bətnindən ayrıldığı andan etibarən həkim və nəzarətçilər də daxil olmaqla onu onlarla insan görür və evə buraxıldıqdan sonra körpənin 40-lı adı altında qohum- əqrəbadan gizlədilməsi absurd fikirdir. İlahiyyatçı Hacı Kamil deyir ki, onsuz da İslamda ifratçılıq, şişirdilmiş məclislər, açılan zəngin süfrələr məqbul qəbul edilmir. Körpələrin 40 məclisi qeydindən isə ümumiyyətlə, danışmağa dəyməz, çünki bu, sadəcə göstərişdir ki, İslam da bu cür göstəriş və zənginlik nümayişini rədd edir: “İslamda körpənin 40 qüsulu yoxdur. Qüsul namaz qılan insanlar üçün vacibdir. Azyaşlı uşaqların qüsul almasına ehtiyac yoxdur. Hələ dünyaya yeni gəlmiş körpənin qüsulundan danışmaq belə yersizdir. Bu səbəbdən 40 hamamı, qüsul, uşağın təmizlənməsi kimi söhbətlər boşdur. Qurulan məclislər isə xoş deyil”.

Son zamanlar şadlıq evlərinin banket zalları sadəcə ad günü qeydləri və körpə 40-ları ilə doludur. Bunu bizimlə söhbətdə Bakıdakı şadlıq evlərinin birinin administratoru Hacı Rəsulov deyir. Onun sözlərinə görə, əvvəllər banket zalları xına və nişan üçün tutulurdusa, artıq “banketni”lər xına və nişana gələn adamları tutmur. 100 nəfərdən çox qonaq ilə keçirilən məclislər orta və ya böyük zal üçün münasib olur. Bu zaman stol deyil, zal qiyməti danışılır. Banketlər isə daha kiçik məclisləri yola salmaq üçün hazırlanır: “Sadəcə, bu ay kiçik banket zalımızda 6 ad günü, 4 körpə 40 məclisi, 1 nişan və 1 iş yeri qonaqlığı var. 40 məclisləri də ad günü kimi hazırlanır. Süfrəyə az yemək verilir. Üstünlük əsasən çay süfrəsinədir. Simvolik olaraq kəllə qənd mərasimi ilə yekunlaşan məclislərdə ən az 30 adam iştirak edir. Ümumilikdə məclis 2-3 saat çəkir. Qiymət isə menyudan, keçiriləcək formatdan asılıdır”.

Şəhər əhalisindən kimisi bu cür məclisləri yersiz adlandırır, kimisi isə məkanın deyil, məclisin önəmli olduğu fikrindədir. Şəhər sakini Səkinə Bağırovanın sözlərinə görə, hər iki oğlunda kiçik toy edilməməsi üçün ailə basqısı görüb. Məhz bu səbəbdən ailə içi keçirilən məclis çox soyuq yekunlaşıb. İndi nəvələrinə 40 məclisi edən S.Bağırova bunun heç də pis bir əməl olmadığı fikrindədir: “Onsuz da körpə dünyaya gəldikdən sonra 40 gün müddətində onu heç kim ziyarət etmir. Daha sonra evə axın edənlərin də ardı-arası kəsilmir. Bu məclislər pul yığmaq və s. məqsədi güdmür. Onsuz da evə gələn də hədiyyə ilə gəlir. Uşaq üçün də xatirə qalır, bunda pis heç nə görmürəm”.

Ekspertlər də şadlıq evlərində 40 mərasimi və elçilik mərasimlərinin təmtəraqlı şəkildə keçirilməsinin qarşısının alınmasını vacib hesab edir. Məsələyə münasibət bildirən sosial sahə üzrə ekspert Səbuhi Əliyevin fikrincə, sadəcə toy məcılisindən başqa qalan məclislərin şadlıq evinə daşınması düzgün deyil: “Şadlıq evlərinə qadağan edilməlidir ki, onlar toy məclislərindən başqa heç bir məclisi qəbul etməsinlər. Bu gün ailələrə gələn hər 5 dəvətnamədən 3-ü boş dəvətnamələrdir. Ya sünnətə, ya 40 çayına, ya da elçilik şahidliyinə çağırılır. Gözümlə görməsəydim, elçilik mərasiminin də şadlıq evində keçirildiyinə inanmazdım. Bu gün hətta bu məclis üçün də banket sifariş edənlər var və bu hal artıq qarşısıalınmaz bir yola girmiş haldadır”.

 

Günay Ramizqızı

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir