korpe

Körpənin əmgəyi niyə tez qapanır?

Baxış sayı: 1. 554

Nevroloq Rima İbadovanın “Əmgək nahiyyəsinin tez bitişməsi və ya bitişməsinin gecikməsinə səbəb ola biləcək problemlər” mövzusunda məqaləsini təqdim edirik. (lent.az)

Əmgək valideynləri ən sıx narahat edən mövzulardan biridir. Əmgək nədir, hansı ölçüdə olmalıdır, böyük və ya kiçik olmasına nə zaman təsadüf edilər, normadan qabarıq və ya çökək olmasının klinik əhəmiyyəti varmı?

Əmgək (fontanel) yan-yana iki kəllə sümüyü arasındakı bağ toxumasıyla örtülmüş yumşaq hissədir. Yenidoğanın altı əmgəyi var, ancaq sıxlıqla ön və arxa əmgək daha çox hiss edilir. Kəllənin böyüməsi beynin böyüməsi ilə əlaqəlidir. Uşağın başı ilk 2 ildə daha sürətlə böyüyür. Ön əmgəyin ölçüsü 0,6-3,6 sm arasında dəyişə bilər. Orta ölçüsü 2 sm-dır. Orta hesabla uşağın 13 ayında bağlanır, amma fərdi olaraq dəyişə bilər. Hətta çox nadir də olsa, 3 aylıq uşaqda tam sağlam halda böyük əmgəkdə bağlanma təsadüf edilə bilər. Arxa əmgək doğumda təxminən 0,5 sm olub, çox zaman ilk 2 ayda bağlanır.

Əmgəyin geniş olduğu və ya sadəcə qapanmasına mane olan hallar

Qığırdaq inkişafındakı problemə bağlı olan axandroplaziya xəstəliyi, anadangəlmə tiroid hormon əskikliyi (konjenital hipotiroid), raxit, Daun sindromu, kəllədaxili təzyiqin artmasına səbəb olan vəziyyətlər (meningit, ensefalit, travma, beyin şişi, beyin qanaması və.s) əmgəyin qapanmasını gecikdirə bilər. Çox zaman sadəcə genetik olar və uşağın inkişafında heç bir problem olmayaraq 2 yaşına qədər uzana bilər.

Əmgəyin darlığına səbəb ola biləcək hallar

Öncə qeyd edildiyi kimi, bəzən 3 aylıqda belə, bağlana bilər, sadəcə baş çevrəsi həkim tərəfindən aybaay diqqətli kontrol edilməlidir. Bəzən əmgək açıq olduğu halda müayinədə təyin edilməsi çətinlik törədə bilər. Kraniosinostoz əmgəklərdən bir və ya bir neçəsinin vaxtından öncə bağlanmasından yaranır. Nəticədə baş ölçüsü normadan kiçik qalır, beyin-onurğa beyni mayesinin təzyiqi artır, gözlərdə çəplik, eşitmə problemləri və.s kimi yanaşı problemlər yarana bilir. Öncə sadə rentgenlə vəziyyətə baxılır, ehtiyac olarsa, beyin anomaliyası olub-olmadığını müəyyən etmək üçün MRG (maqnit rezonans görüntüləmə) edilir. İshal, qusma kimi çox maye itkisi olan hallarda əmgək çökük ola bilər, beyin-onurğa beyni mayesinin artmasına səbəb ola biləcək hallarda isə qabarıq ola bilər. Nəfəs alıb vermə, ağlama sırasında əmgəkdə şişmə, kənardan əmgəkdə hiss edilən pulsasiya normaldır. Və nəhayət, əmgək sanıldığı qədər nazik deyil, ciddi travmalar xaricində əmgəyə toxunmaqdan qorxmaq lazım deyil.
Bütün balalarımızın sağlam olması diləyi ilə!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir