gulus

Kosmetik vasitələr, yoxsa səmimi təbəssüm?

Baxış sayı: 81

Hər bir qadın gözəl və qüsursuz görünmək arzusundadır. Üz dərisi də qadın gözəlliyinin  əsas komponenti sayılır. Bəzən xanımlar güzgüyə baxdıqda üz dərisinin istədiyi kimi görünmədiyini düşünür. Üzlərindəki qüsurları  gizlətmək və ya dəri solğunluğunu örtmək üçün makiyaj vasitələrindən istifadə edirlər.

Həkim-kosmetoloq Vahidə Tanrıverdiyeva mövzu ilə bağlı bildirdi ki, dekorativ kosmetik vasitələr üz dərisi üçün çox zərərlidir: “Tonal krem, pudra  üzə vurulduqdan  maksimum dörd saat dəridə qala bilər. Bu müddət artdıqda dəriyə ziyan vermiş olursunuz. Dəri məsamələr vasitəsilə nəfəs alır. Üzə çəkilən örtücü məmulatlar məsamələri tutur, dəri nəfəs ala bilmir.  Məsamələr, həmçinin piy  vəzi  də ifraz edir. Dəri üzərinə çəkilən tonal krem ilə piy vəziləri qarışır, dərinin nəfəs almaması ilə yanaşı, sızanaqlar problemi, infeksiyalar yaranır.”

Kosmetoloqun sözlərinə görə,  üz dərisində iltihab, sızanaq,  digər ləkələr varsa, kosmetik vasitələrdən istifadə məsləhət görülmür. Çünki həmin hissələrə dəyən kosmetik vasitə  dərinin digər  bölgələrinə də yayılır, beləliklə infeksiyanın sahəsi dəri üzərində genişlənir. Bütün üz  dərisi çopurlu, ləkəli  hala gəlir.

Kosmetoloq qeyd etdi ki, hər kəs öz dərisi haqqında, dəri tipi haqqında müəyyən məlumata sahib olmalıdır. Dərinin növünə uyğun  kosmetik vasitələrdən istifadə olunmalıdır. Bura həm dekorativ, həm də üzə qulluq kosmetik vasitələri aiddir. Üz dərisinin yaşı da nəzərə almalı olduğunuz önəmli məqamlardan biridir.

Makiyajın dərimizə  zərərli təsirini minimuma endirmək üçün qadınlar daha diqqətli olmalıdırlar. Gözəl görünmək istəyərkən üz dərisinin həssaslığını, sağlamlılığını nəzərə almaqda da fayda var. Bu baxımdan, mütəxəssislərin fikirlərini, tövsiyələrini nəzərə almaq məqbul sayılır.

Həkim-kosmetoloq Nura Əzizova isə vurğuladı ki,  xanımlar yaxşı olar ki, tələbat olmadıqca  üzlərinə kosmetika vurmasınlar: “Makiyaj vasitələrindən mütəmadi olaraq istifadə etdikdə həmin  ləvazimatların tərkibindəki kimyəvi maddələr erkən yaşlarda  dəridə qocalma əlamətlərinin və qırışların yaranmasına gətirib çıxarır. Bəzən də bu, dəri xərçəngi ilə nəticələnə bilər. Əlavə olaraq, deyim ki, üzü tez-tez sabun ilə yuduqda dəri quruyur və bu da qırışların yaranmasına səbəb olur.  Spirtli lasyonlar ilə dərini silərkən dərinin  yağlılıq balansı pozulur. Yağlılıq balansı qorunmadıqda dəridə erkən qırışlar qaçılmaz olur. Birinci qırışlar  alında yaranır, ağız-burundan çənəyə doğru  artmağa başlayır. Sonda göz ətrafında meydana çıxır.”

Nura Əzizova sağlam dəriyə sahib olmaq istəyən xanımlara tövsiyələrini  də bildirdi: “Antioksidant tərkibli qidalar, yəni meyvə-tərəvəz ilə qidalanma dəri üçün önəmlidir. İyirmi beş yaşından sonra gün ərzində iki litrə qədər su qəbul etmək faydalıdır. Maye dərinin nəmlik balansını qoruyur. Dəri növünə uyğun nəmləndirici  vasitələr,  tərkibi vitaminlər ilə zəngin olan kremlərdən  gündəlik qulluq rutinin də istifadə olunması məsləhətdir. Həftədə iki  dəfə  ev şəraitində təbii tərkibli maskalar ilə dərilərinə qulluq etsinlər.”

gulus

Bəzən xanımlar kosmetik vasitələri xarici görünüşün mükəmməlləşməsinə yönələn kompleks qulluğun ayrılmaz hissəsi hesab edirlər. Ancaq təəssüf ki, gözəlliyin qayğısına qalmaq niyyəti ilə  həddindən artıq istifadə sonda xoşagəlməyən vəziyyətlər yaradır. Həmin hallardan biri də məhz ucuz və keyfiyyətsiz məhsullardan istifadə edərkən yaranır. İndi kosmetika bazarı qiymətindən asılı olmayaraq saxta, keyfiyyətsiz məhsullarla doludur. Xanımların əksəriyyəti bu malların tərkibi və keyfiyyətindən xəbərsizdilər. Son zamanlar kosmetik vasitələrin satış obyektləri üçün konkret yer müəyyən deyil: mağazalarda, bazarlarda, yeraltı keçidlərdə… Satışın məkanı kimi, onun satıcısı da bu haqda müəyyən məlumata, bilgiyə sahib olarsa daha yaxşı olar.

Kosmetoloq Sevinc Allahverdiyeva isə  bildirdi ki, bəzən xanımlar tərkibini bilmədikləri kosmetik vasitələrdən istifadə edirlər. Bu da müəyyən yaşdan sonra dəridə arzuolunmaz fəsadların meydana çıxmasına səbəb olur. Xanımlarımız makiyaj ləvazimatları alarkən  onun  istehsal tarixinə, tərkibinə diqqət  yetirməlidirlər.

Ən əsası xanımlar ucuz qiymətə böyük ölçüdə məhsul yerinə, baha qiymətə daha kiçik ölçüdə lakin keyfiyyətli məhsul ala bilərlər.

Sevinc Allahverdiyeva onu  qeyd etdi ki, dərini dincəltmək onun gümrah və sağlam görünməsi üçün çox önəmli bir məqamdır: “Yuxu rejimini pozmamaq, standart saatlarda yatmaq və oyanmaq   üz, gözlər, gözətrafı üçün əhəmiyyətlidir. Dəri bizim xəbərdaredici zəngimizdir. Çünki daxili orqanlarımızda yaranan xəstəliyin əlamətləri özünü sifətimizdə büruzə verir. 25 yaşından sonra insanın bədəndə olan hialuron  turşusu azalmağa başlayır, üz dərisinə xüsusi və vaxtlı-vaxtında qulluq tələb edir. Üz dərisi üçün hər hansı qorunma proseduru həyata keçirmək istəyərkən bunu sadədən başlayın. Əgər dəri cavab verirsə, onda mərhələli şəkildə  davam edin. Birbaşa mürəkkəb tərkibli, ağır qulluq prosesləri ilə üzünüzü yormayın.”

Azərbaycan xanımı öz təbii halı ilə, makiyaj etmədən də gözəldir. Gözəl görünmək üçün  müxtəlif  kosmetik vasitələrdən deyil, özünüzəməxsus, səmimi təbəssümünüzdən istifadə edin. İnanın  ki, bu daha təbii, daha zərərsiz, daha məsum  üsuldur.

 

Yaqut Ağaşahqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir