kosmosa seyahet

Kosmik səyahət xəyalları: Bu, azərbaycanlılar üçün nə qədər realdır?

Baxış sayı: 1. 003

Bir qədər əvvəl SpaceX və kosmik turizm şirkəti Space Adventures turistləri orbitə çıxaracaq uçuşlara başlayacaqlarını açıqlayıb. Məlumata görə, turistlər səyahətə “Ekipaj əjdahası” adlı kapsul ilə gedəcəklər. Həmin mərasimdə SpaceX prezidenti Qvune Şotvel bu səyahət barəsində deyib: “Bu tarixi missiya, xəyalını quran bütün insanlar üçün kosmik uçuşu mümkün edəcək”.

Beynəlxalq Aeronaftika Federasiyasının verdiyi məlumata görə, bütün bəşər tarixi boyu kosmosda dünyanın 37 ölkəsindən 467 nəfər olub.

İlk kosmik turist isə amerikalı Dennis Tito idi. Tito 2001-ci ildə Rusiyaya məxsus “Soyuz TM-32” kosmik gəmisində 8 sutka qalıb.

Sonra bu missiyanı 2006-cı il sentyabrın 18-də ilk müsəlman qadın və kosmonavt turist həyata keçirib. Bu, milliyyətcə Azərbaycan türkü olan Anuşe Ənsari idi. Anuşe Ənsari bir rus və bir ingilislə birgə Baykonur kosmodromundan kosmosa qalxan ilk turist qadın kimi tarixə düşüb. O, 11 günlük kosmik gəzintidən və elmi araşdırmalardan sonra uğurla Yerə dönür. Hazırda o, kosmos adamı kimi elmi tədqiqatlarını davam etdirir.

Bəs bu gün kosmosa uçmaq arzusunda olan hər kəs həqiqətən ora gedə bilərmi? Kimlər kosmonavt ola bilər?

Bəzi məlumatlara görə, 2021-ci il üçün artıq dünyada təqribən 21 min nəfərə yaxın adam kosmik səyahətə getmək barədə düşünəcək. Bu insanlar səyahət üçün zəruri olan bütün vəsaitlərə malik olacaqlar. Bu zaman potensial kosmik turistin orta yaşı təqribən 55 olması güman edilir. Yerin kosmik orbitinə getmək arzusunda olan insanların üçdən ikisi kişilərdir. Bu insanların demək olar ki, yarısının çox əla sağlamlıq durumu var.

Azərbaycanlı professor Zafiq Xəlilovun yazdığı monoqrafiyada bununla bağlı maraqlı məqamlara toxunub:

“Hazırda bir çox dövlətdaxili normativ aktlarda bu məsələyə (kosmik turizm) xüsusən də “Kosmik fəaliyyət haqqında” olan qanunlar çərçivəsində yer verilib. Ancaq qeyd etməliyik ki, bu sahədə beynəlxalq sazişin olması ümumilikdə dünya dövlətləri üçün etalon rolunu oynayacaq. Ən əsası məhz bu sazişlə hansı şəxslərin kosmik uçuşda iştirak etməsi və ya bu uçuşda iştirak edə bilməyən şəxslərin dairəsi konkret olaraq müəyyən ediləcək. Bu səpkili sazişdə xüsusi bölmə məhz kosmik turistlərin hüquq və vəzifələrinə həsr oluna bilər. Bu bölmədə kosmik turistlərin həyat və sağlamlığının qorunması, bununla bağlı zəruri halda ilk andan turistlərə təxirəsalınmaz tibbi yardım göstərilməsi, digər bu kimi məsələlər nəzərdə tutula bilər. Qeyd edək ki, turizm sahəsində turistlərin təhlükəsizliyinin təmin olunması həmişə əsas diqqət mərkəzindədir. Bu baxımdan qəbul olunacaq sazişdə həm də kosmik turizmin reallaşdırılması çərçivəsində kosmik turistlərin təhlükəsizliyinin təmin olunması ilə bağlı dövlətlərarası əməkdaşlıq məsələlərinə xüsusi yer ayrılmalıdır. Bununla yanaşı, turistlərin səyahət zamanı şəxsi təhlükəsizlik qaydalarına əməl olunması kimi öhdəliklər xüsusi bölmə şəklində də, təsbit oluna bilər”.

Araşdırmalara görə, hazırda yalnız çox az arzu edən insan Beynəlxalq Kosmik Stansiyada iki həftəlik qonaq qalmaq üçün 20 milyon dollar həcmində vəsait ödəmək iqtidarındadır. Ona görə də, bundan daha da cəlbedici variant kimi – suborbital kosmik uçuşlar görünür. Belə ki, belə uçuşlarda iştirak etmək üçün lazım olan biletin qiyməti 80 min dollar həndəvərində ola bilər.

Azərbaycanda kosmik turizmin hələ ki potensialı yoxdur. Çünki bu, yeni bir turizm növüdür.
“Azərbaycanın Milli Aerokosmik Agentliyinin həyata keçirdiyi mühüm fəaliyyət istiqamətləri sırasına daxil olması mütərəqqi hesab oluna bilər. Bununla bağlı qəbul edilən Azərbaycanın 2008-2025-ci illər üçün kosmik fəaliyyət konsepsiyası” xüsusilə vurğulamalıyıq. Hal-hazırda qüvvədə olan beynəlxalq və ölkədaxili normativ aktların heç biri Kosmosda göstərilən xidmətlərin vergi qaydaları və prinsiplərini nəzərdə tutmayıb. Kosmik turizmin ilk reallaşdırıldığı dövrdə turistik fəaliyyət xüsusən də kosmik turizm lisenziyalaşdırılmamışdır. Demək olar ki, əksər ölkələrdə kosmik turizm hal-hazırda lisenziyalaşdırılan fəaliyyət növünə aid deyil, eləcə də Azərbaycanda”.

Son olaraq qeyd edək, bu gün kosmik turizm təxminən 10 milyon dollara başa gəlir. Amma mütəxəssislər hesablayıblar ki, hardasa 200-250 min dollar civarında xərclə də bunu təşkil etmək olar. Bu rəqəmləri görəndə SpaceX prezidenti Qvune Şotvelin fikirləri ilə razılaşa bilmərik. Çünki bir azərbaycanlı üçün kosmik səyahəti həyata keçirmək xəyallardakı qədər asan deyil.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir