tv

Kriminal yüklü teleserialların fəsadları

Baxış sayı: 54

Televiziya kütləvi informasiya vasitələri arasında ən çox kütləviliyi olandır. Deməli, televiziyaların auditoriyası, əhatə dairəsi digər kütləvi informasiya vasitələrinə nisbətən daha genişdir və daha geniş təbəqəni məlumatlandırma və maarifləndirmə imkanlarına malikdir. Amma son illər ən çox tənqid olunan da məhz televiziyalardır. Milli Teleradio Şurasının rəhbərliyi telekanallara tövsiyə verməkdən də, tənqid etməkdən də yorulmur, amma və lakin telekanallar kor tutduğunu buraxmayan kimi, nöqsanları aradan qaldırmağa meyilli görünmürlər. Nə bilək; bəlkə sadəcə, bacarmırlar? Bunun üçün kifayət qədər təcrübəli mütəxəssisləri yoxdur?

Bəlkə də, gəlirlərinin azalacağından ehtiyat edirlər? Sponsor itkisi təhlükəsi ilə üzləşmək istəmirlər? Məlumdur ki, büdcədən maliyyələşən televiziyaları çıxmaq şərtilə, digərləri reklam və sponsorlar hesabına ayaqda dayanır. Bütün verilişlərin sponsorları var və kimsə, fərqi yoxdur, telejurnalistdirmi, ya sıradan bir həvəskar, tv-layihə təqdim edib aparıcılıq etmək istəyirsə, ilk növbədə verilişinə sponsor axtarışlarına çıxır. Axtarışlar uğurlu olduqda, layihənin uğurlu alınıb-alınmayacağı da artıq kimsənin vecinə gəlmir və beləliklə, bu gün eninə-uzununa tənqid edilən tele-proqramlar efirə ayaq açır. MTRŞ sədri Nuşirəvan Məhərrəmli də dəfələrlə məhz bu cür keyfiyyətsiz verilişləri nəzərdə tutaraq televiziyaları tənqid edib. Təkcə tv-proqramları yox, həm də telekanallarımızda yayımlanan teleserialları. Halbuki, teleserial çəkilişinə ayrılan dövlət vəsaitini telekanallar arasında bölən də məhz MTRŞ-dir.

Televiziyalarımızdan narazılıq bir neçə dəfə Milli Məclis səviyyəsində də səslənib. Millət vəkilləri hətta MTRŞ-yə əlavə səlahiyyətlərin verilməsini də istəyiblər ki, yeri gələndə televiziyalarla sərt davranılsın. Amma bu məsələ hələ də həllini tapmayıb. Və MTRŞ-nin də çarəsizcə “biz tv-lərin proqram siyasətinə müdaxilə edə bilmirik, ancaq tövsiyə xarakterli təkliflər veririk” deməkdən başqa əlindən bir iş gəlmir.

Milli Məclisin ötən iclasında yenə tv-lər tənqid olundu. Millət vəkili Siyavuş Novruzov teleseriallarda və bəzi verilişlərdə zorakılığın təbliğ edildiyinə diqqət çəkdi:

“Əvvəllər hər hansı intihar hadisəsi olanda müxalifət iqtidarın üzərinə atırdı ki, ehtiyacdan intihar edib. Sonra məlum olurdu ki, həmin insanın maddi ehtiyacı olmayıb. Statistikaya baxsaq, Skandinaviyada intihar Əfqanıstandan daha çoxdur. Seriallarda kimisə öldürürlər, kimisə qəbirdə gizlədirlər. Azərbaycanda türkçülük, qafqazçılıq, avropaçılıq var. Bu məsələnin üzərində alimlərimiz işləməlidirlər. Bir rayonda bir seriala baxırlar, başlayırlar dəyişib serialdakı kimi danışmağa. Televiziyalarda Bədii Şuralar yaradıldı. Bir çoxlarının beynindən sovet dövründəki kimi Bədii Şura keçirdi ki, kiməsə efirə çıxmağa icazə verməyəcəklər. Düşünmədilər ki, artıq sosial təbəqələr var. Burada icazə verməyəcəksən, sosial şəbəkədə verəcəklər. Əsas maarifləndirmə olmalı, maarifləndirmə işləri aparılmalıdır. Televiziyalar diqqətli olmalıdırlar.

 

MTRŞ da narahatlığını gizlətmir

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bir müddət öncə Azərbaycan telekanallarında, xüsusən özəl telekanallarda istehsal olunan teleserialların Şuranı çox narahat etdiyini bu sözlərlə ifadə etmişdi:

“Şuranın diqqətində olan məsələlərdən biri də teleserialların aşağı səviyyədə olmasıdır. Doğrudur, dövlət büdcəsindən maliyyələşən kanallarda belə hallar yoxdur. O ki qaldı özəl kanallardakı vəziyyətə, təbii ki, onlar kommersiya maraqlarına kökləniblər. Onların Azərbaycan cəmiyyətinə yad olan mövzuları daha çox göstərməsi bizi narahat edir. Xüsusən də Azərbaycanda ailə-məişət məsələlərinə həsr olunmuş komediya janrında bayağı seriallar bizi çox narahat edir. Həmin seriallarda göstərilənlər Azərbaycan ailəsinə aid deyil. Bu, senari müəlliflərinin eybəcər şəkildə təsvir etdiyi ailələrdir. Çox təəssüf ki, Azərbaycan telekanallarında ailə məsələsi Azərbaycan ailələrinə xas olmayan formada təsvir olunur. Ər-arvad, valideyn-övlad, qayınata-qayınana, qayınata-kürəkən münasibətləri çox ifrat dərəcədə, bayağı şəkildə, yalnız birtərəfli formada, şit gülüş doğurmaq məqsədilə göstərilir. Bu, narahatedici məqamdır. Ona görə də biz hesab edirik ki, bu məsələdə müəyyən məsləhətləşmələr aparmaq lazımdır. Mart ayında ictimaiyyət nümayəndələri, telekanalların rəhbərləri, verilişlər hazırlayan, seriallar istehsal edən şirkətlərin rəhbərləri ilə birgə bu məsələləri müzakirə etmək istəyirik.

Azərbaycanda istehsal olunan bütün məhsullar Azərbaycanın adına yazılır. Dünyanın hər yerində bir məhsul istehsal olunan zaman o ölkənin adına yazılır. Azərbaycan telekanallarında, xüsusən özəl telekanallarda qeyd etdiyimiz səviyyədə istehsal olunan həmin teleseriallar bu baxımdan bizi çox narahat edir. Bu seriallar daha çox ailə dəyərlərinin təbliğinə, Azərbaycanın illərlə, əsrlərlə yaşayan gözəl adət-ənənələrinə, ailə müqəddəsliyinin təbliğinə həsr olunmalıdır. Amma çox təəssüf ki, biz əks tendensiyanı görürük. Ona görə də hesab edirik ki, Azərbaycanın adət-ənənələri düzgün formada daha çox təbliğ olunmalıdır.

Əhməd Qəşəmoğlu: Teleseriallar – dərman, ya zəhər?

Sosioloq Əhməd Qəşəmoğlu təxminən eyni vaxtda sosial şəbəkədə teleseriallarla bağlı status paylaşdı:

“Teleserial adi film deyil. Teleserial əhalinin mentalitetində, davranışında müəyyən dəyişikliklər etmək üçün xüsusi texnologiyadır. Yüzlərlə seriyada cərəyan edən hadisələr insanların alt şüurunda dəyişikliklərin baş verməsinə səbəb olur. Bu texnologiyadan düşmən də istifadə edə bilər, dost da. Teleseriallar düşmən əlində zəhər, dost əlində isə dərmandır. Əla maarifləndirici vasitədir. Bəs bizdə hazırlanan teleseriallar necə? Onlar naşı, savadsız əczaçının biri-birinə qarışdırdığı qorxulu bir qarışıma bənzəyir. Ucuz, səviyyəsiz süjetlər körpələrin, gənclərin beynində mənəvi narkotika rolunu oynayaraq sistemsizlik yaradır. Buna görə də hər çəkilən teleserialı efirə buraxmaq məsuliyyətsizlikdir. Düşünürəm ki, teleserialları yalnız xüsusi kurslar keçib, həqiqi mütəxəssislər tərəfindən həqiqi sertifikat alanlar çəkməlidir.

Paylaşım rezonans doğurdu və tv-lərdən “yanıqlı”lar sosioloqun səsinə səs verdilər:

Ramazan Bagirov: Əhməd müəllim, ölkədə ideoloji sahədə müəyyən boşluq var.Onu bərpa etmək lazımdır. Yenə də “Ahəng yolu” fəlsəfəsi dada çatar.

Əhməd Qəşəmoğlu: Ölkəmizdə indi xeyli ciddi sosial problemlər baş verməkdədir. Təhsil, ailədaxili problemlər, gərginliklərin artması, boşanmalar, əcaib toylar, narkotikanın yayılması, əmi, bibi, dayı, xala uşaqlarının evlənməsi, rüşvət, yalan, yaltaqlıq… Mənəviyyatla bağlı onlarca problemlər. Sizcə teleseriallarımız hansı ciddi problemlərimizin ortadan götürülməsinə kömək edib?

Fəxrəddin Gülməmməd: İnsanları mənəvi cəhətcə zəhərləyirlər.

İşıqlı Atalı: Teleserialda hadisələr saqqız kimi uzanır, mahiyyət itir, itirilir.

Baba Mikayıloğlu: Hörmətli alim, bir gürcü ziyalısı illər öncə söhbətdə mənə demişdi ki, “Qruziyafilm” Şota Rustavelini kinoya çəkmək üçün çox zəifdir. O vaxt  “Azərbaycanfilm”  “Nizami”, “Nəsimi”, “Babək”, “Dədə Qorqud”, “Qaçaq Nəbi” və sair filmləri çəkmişdi. Biləcəridən uzağa çıxmadılar.

Əhməd Qəşəmoğlu: Diqqət ayıran dostlara təşəkkür edirəm. Əslinə qalsa, bu cür mövzular geniş, ciddi müzakirə olunmalıdır. Təcili tədbirlər görülməlidir. Bəli, həm də gürcülər heç zaman bizim kimi öz millətini aşağılayan filmlər çəkmirlər, Baba müəllim. Komediya da olanda xalqın adını yüksəltməyə çalışırlar. Bizimkilər isə rus dilində komediya hazırlayıb, milləti xeyli aşağılayırlar. Guya ki, güldürürlər.

Fəxrəddin Gülməmməd: Dövlət bu sahəyə əl qoymasa, çarəsi olmayacaq. Bayağılıq baş alıb gedir, şou-larda. Gündə bir model geyib, özünü hamının sevimlisi kimi bir ortam yaradırlar.

Azər Həsrət: “Niyə mən xarici telekanala baxmalıyam?”

 

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət də hesab edir ki, kriminalyüklü teleseriallar cəmiyyət üçün ziyanlıdır:

“Hər bir ölkənin strateji maraqları olduğu kimi, Azərbaycanın da öz maraqları və mənafeyi var. Vətəndaş olaraq hər birimizin vəzifəsi öncə bu maraqlardan çıxış etməkdir. Bu məsələdə televiziyalar böyük məsuliyyət daşıyır.

Azərbaycan Dövlət Televiziyasında yaxşı işlər görülür. Müsbət irəliləyişlər çoxdur. Məni narahat edən daha çox özəl telekanallardır. Televiziyalarımızın «bozbaş» proqramlardan intellektuallığa dönməyinin zamanı çoxdan çatıb artıq. Bilirəm, özəl telekanallar şou proqramları maliyyə məsələlərinə bağlayır, reklam əldə etmək, tamaşaçı toplamağı əsas gətirir. Amma, kim deyir ki, şou proqramlar mütləq «bozbaşyana», yaxud şit, bayağı olmalıdır? Şou proqramları da səviyyəli və intellektual, ziyalı insanların izləyə biləcəyi səviyyədə tərtib etmək mümkündür. Niyə Azərbaycan tamaşaçısı, Acun Ilıcalının aparıcılıq etdiyi «O səs Türkiyə», «Yetənək sizsiniz» və sairə proqramlara baxır, halbuki onlar da şou verilişlərdir, amma bizim yerli telekanallarda yayımlanan bu tip proqramlara baxmağa həvəsi olmur? Deməli, səviyyə məsələsi var. Məsələn, mən yerli serialların heç birini izləmirəm. Mənim izləmək istədiyim və bir bölümünü də qaçırmamağa çalışdığım iki film var; TRT-də yayımlanan «Diriliş; Ərtuğrul» və «Paytaxt Əbdülhəmid». Sual edirəm; Mən bir azərbaycanlı və İTV Yayım Şurasının üzvü olaraq niyə xarici telekanalı izləməliyəm? Çünki öz telekanallarımızda bu filmlərə alternativ ola biləcək filmlər, seriallar yoxdur. Niyə bizdə tutalım, «Səfəvilər»lə bağlı serial çəkilmir? Ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti neçə seriyalı film üçün ən gözəl mənbədir. Necə maraqla izlənər, Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illər, Azərbaycana qarşı məkrli torpaq itkisi planları və sairə. Belə məsələlər ortaya qoyularsa və həllinə çalışılarsa, inanın, televiziyalarımızda köklü dəyişikliklər baş verər. Yerli teleseriallarda zorakılıq, kriminal elementlər üstünlük təşkil edir. O filmlərdə göstərilənlər Azərbaycan ailəsinə məxsus deyil. Belə filmlər əlbəttə, ailə dəyərlərinin dağılmasına, gənc nəslin yad təsirlər altında formalaşmasına xidmət edir. Demirəm, birdən-birə əla verilişlər meydana gəlsin, keyfiyyətli filmlər çəkilsin. Əlbəttə, bütün bunlar mərhələ-mərhələ həyata keçirilməli məsələlərdir. Bunun üçün mütəxəssilər cəlb edilməli, senarilər müzakirə edilməli, filmin hansı məqsədə hesablandığı bilinməlidir. Həmçinin, televiziyalar gündəmi zəbt edən hadisələri efirə versələr, həm xəbər siyasətində dinamiklik olar, həm də tamaşaçı marağı ödənmiş olar. Hazırda sosial media üzərindən canlı yayımlar təşkil edən saytlar var. Onlara minlərlə insan baxır, izləyici sayı dayanmadan artır. Yayım bitdikdən sonra sosial şəbəkədə müzakirələr davam edir. Televiziyalar çalışmalıdır ki, tamaşaçını onlayn media üzərindən efirə yönəltsin. O zaman əlbəttə, televiziyalar da daha çox tamaşaçı auditoriyası toplayacaq. Belədə ucuz şoularla maddi gəlir əldə etmək də lazım gəlməyəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir