usaqlar

Küçə uşaqları cəmiyyətə nə verə bilər?

Baxış sayı: 59

Dəfələrlə müzakirə olunmasına baxmayaraq, çox təəssüflər olsun ki, bu gün cəmiyyətimiz üçün küçə uşaqları problemi hələ də qalmaqdadır. Əgər nəzərə alsaq ki, uşaq cəmiyyətin gələcək vətəndaşıdır, onda küçədə tərbiyyə alan bir fərdin necə təhlükəli ola biləcəyini görmək heç də çətin deyil. Çünki ağ vərəqə bənzəyən uşaq beyini gördüklərin pis-yaxşı olmasının fərqinə varmadan mənimsəyir.

 

Artıq 7 il küçələrdə məskunlaşan Elşən Qəmbərovla söhbət zamanı məlum oldu ki, o əslən Lerik rayonundandır. 21 yaşlı Elşən 8 yaşı olarkən anasını itirib. “Anam rəhmətə gedəndən sonra atam yenidən evləndi. 12 yaşım olan zaman isə atam öldü. Ögey anam başladı məni incitməyə. Mən də məcbur oldum evdən qaçdım. Artıq 7 ildir küçələrdə qalmışam. Bu vaxta qədər dilənçiliklə məşğul olmuşam. Sonradan başladım işləməyə. Təkər qaraldırdım, yük daşıyırdım. Hazırda “Gənclik” metrosunun yanında təkər qaraldıram. Günə 5-10 manat pul qazanıram. Hərdən də olur ki, pul qazana bilmirəm. Gecəni ac yatıram. Çox vaxt gəlib bu sığınacaqda yeyirəm. Mən valideynlərə üzümü tutub deyərdim ki, övladlarınızın qədrini bilin. Onların sizlərə ehtiyacı var, necə ki, 11 ildir mənim böyüyə ehtiyacım var. Axı övladı necə atmaq olar. Onları siz dünyaya gətirmisiz, onlara da sahib çıxın. Valideynlərini atan övladlara isə bildirmək istəyirəm ki, vaxt gələcək özünüz valideyn olacaqsınız. İndi sahib olduğunuzun qədrini bilin, sonradan onların həsrətini çəkə bilərsiniz” söyləyən Elşən dərin düşüncəyə malik olsa da, oxuyub-yaza bilmir.

16 yaşlı Adil Nağıyev isə 3 ildir küçələrdə qalıb. O, başına gələnlərdə yalnız atasını günahkar sayır. “Bizim Şirvanda evimiz vari idi. Atam evi satdı, pulunu da dağıtdı. Mənim 13 yaşım olanda atam tutuldu, anam da dərddən rəhmətə getdi. Qaldım kimsəsiz. Artıq 3 ildir ki, küçələrdə dilənirəm. Qəpik-quruş qazanıram. Atamdan zəhləm gedir. Anam ona görə öldü. Mən valideynlərə demək istərdim ki, övladlarına daim arxa olsunlar. Hazırda hərbi xidmətə getməyə hazırlaşıram”, – deyə Röyal qeyd etdi.

Əslən Keşlədən olan Ruslan Abışov hazırda 14 yaşındadır. Ruslan ailənin dağılması ucbatından orta məktəbdə təhsilini davam etdirə bilməyib. Hazırda evin dolanması ondan asılıdır. “Anamla atam boşanıb. Atam təzədən evləndi. Anamı dolandırmaq üçün uşaqlıqdan başladım işləməyə. Təkər qaraldıram, yük daşıyıram. Anamı dolandırıram. Atamdan zəhləm gedir. Əsl kişi olsaydı, mənə baxardı. Yaxşı şəkillər çəkirəm. Gələcəkdə rəssam olmaq istəyirəm” söyləyən Ruslan gələcəyə nikbin baxır.

Küçə uşaqları üçün sığınacaq

Küçə uşaqlarının cəmiyyətə adaptasiya olunması üçün, onların insan alveri qurbanı olmamaları üçün dövlət qurumları ilə birgə QHT-lər də məsuliyyət daşıyır. Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirir.

“Küçə uşaqları dedikdə tək oğlanlardan söhbət getmir. Onlar arasında baxımsız şəraitdə olan qızlar da var. Ən pis hal odur ki, küçə uşaqlarının çoxu zərərli vərdişlərə düçar olur. Küçə həyatına üstünlük verən əsasən oğlanlardır. Küçə uşaqlarının adi həyata qaytarılması üçün dövlət strukturları ilə bərabər gərək qeyri-hökumət təşkilatları da müəyyən addımlar atsın. Problemlərdən biri də küçə uşaqlarının insan alveri qurbanı olmalarıdır. Onların bəziləri dilənçiliyə, küçə qızları fahişəliyə cəlb olunur. Diqqət yetirsək görərik ki, küçə uşaqlarının gələcək həyatı cəmiyyət üçün əsl təhlükə mənbəyidir. Bundan xilas olmağın isə ən düzgün yolu nəzarətsiz uşaqların reabilitasiyası üçün müəyyən işlər görməkdir”, – deyə Kəmalə Ağazadə vurğuladı.

Küçə uşaqları üçün sığınacaq yaradılır

İnsan alveri qurbanı ola biləcək uşaqlar kimsəsizlərlə yanaşı, valideynlərin biganəliyindən, məsuliyyətsizliyindən küçələrdə pul qazanmağa sövq olunanlardır. Bunun aradan qaldırılması üçün birinci növbədə valideynlərlə iş birliyi qurulmalıdır. Valideyn övladının küçədə hansı təhlükə ilə rastlaşa biləcəklərindən xəbərdar olmalıdır. Çox təəssüf ki, uşaqların insan alveri qurbanı olmasına səbəb çox vaxt elə valideynlərin özləri olur. “Bəzən uşaq kiçik yaşdan onu küçəyə ataraq pul qazanmağa vadar edirlər. Hətta, uşağın doğma valideyn tərəfindən dilənməyə vadar etmə faktları ilə də dəfələrlə rastlaşmışıq” söyləyən Kəmalə Ağazadə əsas günahı elə validynlərin özündə görür.

Azərbaycanda adlarını özü qoyan Küçə uşaqları- KÖVRƏK STATİSTİK ARAŞDIRMA - Unikal.org

Lakin övladını kiçik ikən pul qazanmağa vadar edən valideynlər özlərini heç də günahkar saymırlar. Onlar bunu imkansızlıqdan etdiklərini bildirirlər. Belə valideynlərdən biri 12 yaşlı qızını dilənməyə məcbur edən  Səkinə Məlikovadır. “Mənim 4 övladım var, nəvəm də var. Onlar evdə ac-susuzdurlar. İki oğlum xəstədir. Birinin 23 yaşı var, birinin də 21 yaşı. Oğlanlarımın biri vərəm xəstəsidir. Kiçik oğlum da narkomandır. Bu üzdən onlar işləmirlər. Bir oğlum da rəhmətə gedib. Nəvəmə də mən baxıram. Evimiz yoxdur. Küçələrdə, orada-burada qalırıq. Yoldaşım da rəhmətə gedib. Kiçik qızım dilənir, gündə 2-3 manat qazanır. Onun 12 yaşı var. İstəyirdi oxusun, amma alınmadı. Hazırda bizə bu sığınacaqda kömək edirlər. Amma məcburam ki, uşağı dilənməyə göndərim, gündəlik çörək almağa pulumuz olsun. Özüm də xəstəyəm, işləmirəm. Oğlumun sənədi olmadığına görə, onu heç xəstəxanaya da götürmürlər. Narkomanlığa düçar olan oğlum isə aylarla evdə tapılmır”, – deyə Səkinə Məlikova qeyd etdi.

Bu işlər tezliklə yoluna qoyulmasa, tüfeyli uşaqların sayı artacaq” - modern.az

Mövzu ilə əlaqədar psixoloq Elman Cahangirli uşaqların düşdüyü vəziyyətdə elə birinci valideynləri günahkar bildi. Onun fikrincə, uşağını erkən vaxtda işləməyə məcbur edən valideyn pul xatirinə onun gələcəyinə kölgə salır. Çünki küçədə böyüyən uşaqların psixi durumunda böyük problemlər yarana bilər. “Küçə uşaqları ilə işləmək üçün birinci növbədə onların düşdüyü halı bilmək lazımdır. Küçədə dilənən uşaqların bəzilərində artıq bu adət halını alıb. Bu vərdişi tərgitmək olduqca çətin prosesdir. Yetim qalan uşaqların düşdüyü vəziyyətdən adaptasiya olunması üçün də böyük səy tələb olunur. Elə uşaqlar da var ki, onların valideynləri var, lakin maddi imkansızlıqdan onlar erkən yaşda işləməyə, yaxud da dilənməyə başlayırlar. Onların reabilitasiyası müəyyən qədər yüngün bir prosesdir. Küçə uşaqlarının təbii ki, psixoloji durumunda müəyyən qədər dəyişikliklər olur. Onlarda nifrət, qısqanclıq, həyacan, qəddarlıq hissi güclü olur. Belə psixoloji durumla böyüyən uşaqlar cəmiyyət üçün gələcəkdə böyük problemlər yarada bilər”, – deyə Elman Cahangirli vurğuladı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir