usaqlar

Küçə uşaqlarını təhsilə cəlb etmək mümkündürmü?

Baxış sayı: 1. 011

Küçə uşaqları təhsilə cəlb ediləcək. Bu barədə KİV-ə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev bildirib. R.Tağıyev deyib ki, birgə əməkdaşlıq çərçivəsində küçə həyatına məruz qalmış uşaqların təhsilə cəlb edilməsi və onların təhlükəsizliyinin təmin olunması məqsədilə təsirli tədbirlər görülür:

“Təhsildən yayınan uşaqların məktəbə cəlb olunması ilə bağlı internet klublarda mütəmadi olaraq reydlər keçirilir. Qeyd olunan məsələlərlə bağlı bilavasitə məktəblərdə həmin uşaqlar və onların valideynləri ilə profilaktik işlər aparılır”.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məsələ ilə bağlı açıqlamasında “sənədi olmayan uşağı təhsilə necə cəlb edirlər, bunu açıqlasınlar, çox sevinərəm” söylədi:

– Küçə uşaqlarının təhsilə cəlb edilməsi işi aparılırsa, bu, çox yaxşı haldır. Amma bir uşağın sənədi yoxdursa, onu təhsilə necə cəlb etmək olar?! Bizim sığınacaqda qalan Xatirə adlı qızımız var. Biz onu məktəbə qoymaq istəyirdik, təhsil naziri dedi ki, sənədi yoxdur, mümkün deyil. Biz o qızımızı dinləyici kimi məktəbə göndərə bildik. Hazırda sığınacaqda Quba rayonundan 2 uşaq, paytaxtdan da 2 uşaq var. Onları sığınacağa polis əməkdaşları gətirib. Təhsildən yayınan uşaqlardır. Reyd zamanı aşkarlayıblar. Amma nə doğum haqqında şəhadətnamələri var, nə də ümumiyyətlə hansısa bir sənədləri. Buna görə də biz onları təhsilə cəlb edə bilmirik. Sənədi olmayan uşaqları təhsilə cəlb etmək prosedurunu mənə desinlər, çox sevinərəm.

Kəmalə Ağazadə: “Sənədi olmayan uşaqları təhsilə cəlb etmək prosedurunu mənə desinlər, çox sevinərəm”

K.Ağazadə qeyd etdi ki, sənədsiz uşaqların problemi Ədliyyə Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən həll edilməlidir:

– Əvvəlcə bu uşaqların valideyni tapılmalıdır. Valideyn yoxdursa, uşağa qəyyum təyin edilməlidir. Bu, çox geniş bir prosedurdur. Uşağın valideynlərindən heç olmasa biri müəyyən edildikdə, iş xeyli asanlaşır. Ananın şəxsiyyət vəsiqəsi varsa, uşağa doğum haqqında şəhadətnamə verilir. Bu da uşağın məktəbə getməsini şərtləndirən əsas amildir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir