SALAT

Ləzzətli və yüngül yay salatları – RESEPTLƏR

Baxış sayı: 6. 182

İsti yay günlərində insan soyuq havalarda yediyi isti, ağır yeməkləri deyil, yüngül və dadlı təamları dad istəyir. Bu təamlar tərəvəz, meyvə, göyərti və s. ola bilər. Amma onları ayrı-ayrı yox, birlikdə yeyəndə daha dadlı, rəngarəng və iştaha açan olur. Salat insana özünü daha yüngül hiss etdirir, eyni zamanda kökəlməyə qoymur. “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında  yüngül tərəvəz və yeyib sərinləyəcəyiniz meyvə salatlarının reseptlərini sizinlə paylaşırıq.

 

Mozzarella salatı

6 nəfərlik/15 dəqiqə hazırlama müddəti

İçindəkilər:

 6 ədəd pomidor

 3 ədəd mozarella topu

 1 ədəd kiçik soğan

 2 diş sarımsaq

 Zeytun yağı

 1-2 yarpaq reyhan

Hazırlanması:

1. Pomidorları yuyun və yumru şəkildə dilimləyin.

2. Mozarella toplarını bərabər ölçüdə incə-incə dilimləyin.

3. Bir boşqabda sıra ilə pomidor və mozarella dilimlərini düzün.

4. Soğan və sarımsağı soyun, xırda-xırda doğrayın, pomidor və mozarellanın üzərinə səpin.

5. Axırda salatın üzərinə zeytun yağı gəzdirin və reyhan yarpağı ilə bəzəyin.

 

Qarpız və feta salatı

8 nəfərlik/20 dəqiqə hazırlama müddəti

İçindəkilər:

 Bir qarpız

 400 qr. yüngül ağ pendiri

 Çəyirdəksiz qara zeytun

 1 ədəd limon

 1-2 yarpaq reyhan

 Zeytun yağı və sirkə

 Duz, istiot

Hazırlanması:

1. Qarpızı iki hissəyə bölün. İçini çıxardın, çəyirdəklərini təmizləyin və kiçik kublar şəklində doğrayın.

2. Pendiri də eyni şəkildə doğrayın.

3. İkisini salat qabına qoyun, üzərinə qara zeytunları, zeytun yağını, sirkəni, duz və istiotu da əlavə edin.

4. Bütün bunların üzərinə reyhan yarpağını da əlavə edin.

5. Axırda limonu 8 hissəyə bölün, hər boşqabın yanına qoyun.

6. Salatı sərin şəkildə süfrəyə verin.

 

Makaron salatı

2 nəfərlik/15 dəqiqə hazırlama müddəti/10 dəqiqə bişirmə müddəti

İçindəkilər:

 100 qr. toyuğun döş əti

 5 ədəd cherry pomidor

 60 qr. xırda makaron

 1 ədəd kök

 1\2 alma

 50 qr. lobya

Hazırlanması:

1. Toyuğun döş ətini uzunsov doğrayın.

2. Sobanın üzərinə tavanı qoyun, yağsız toyuğu xəfif çəhrayılaşana qədər qızardın.

3. Makaronu yağsız, duzsuz suda qaynadın.

4. Kökü də qaynayan suda bişirin.

5. Bişdikdən sonra kökü kiçik, uzunsov şəkildə doğrayın.

6. Cherry pomidorları 4 hissəyə bölün, almanı da kub şəklində doğrayın.

7. Bir qazan suyu qaynamağa qoyun, lobyanı bişirin.

8. Lobyanı süzün,doğrayın.

9. Bütün ərzaqları salat qabına əlavə edin.

10. Bir kasada 1 x.q. xardal, 1 kofe q. üzüm sirkəsi və 1 kofe q. zeytun yağından sous hazırlayıb, salata əlavə edin, qarışdırın.

 

Yüngül toyuq və pendir salatı

1 nəfərlik/20 dəqiqə hazırlama müddəti/10 dəqiqə bişirmə müddəti

İçindəkilər:

 1 ədəd toyuğun döş əti

 Kahı

 100 qr. pendir

 2 ədəd pomidor

 1 ədəd yumurta

 1\4 xiyar

 5 x.q soya sousu

Hazırlanması:

1. Bir qazanda suyu qaynadın. Qaynağa düşəndə yumurtanı suya qoyun. 10 dəqiqə bişirin

2. Kahını yuyub, kənara qoyun.

3. Pomidorları yuyun, iki hissəyə bölün və içini təmizləyin.

4. Bişmiş toyuq ətini kub şəklində doğrayın. Yumurtanın qabığını təmizləyib, onu da doğrayın. Həmçinin, pomidor və pendiri də.

5. Bütün bunların hamısını qarışdırın və üzərinə soya sousunu, xiyarı dairəvi şəkildə dilimləyib əlavə edin.

 

Yay meyvələrindən salat

4 nəfərlik/15 dəqiqə hazırlama müddəti

İçindəkilər:

 150 qr. çiyələk

 150 qr. ağ üzüm

 2 ədəd kivi

 1 ədəd banan

 1 ananas

 1 ədəd portağal

 1 x.q. bal

Hazırlanması:

1. Çiyələkləri yuyun, yaşıl hissəsini təmizləyin, 4 hissəyə bölün. Kivinin qabığını soyun, 4 hissəyə bölün. Ananası soyun, bir hissəsini dilimləyin, bir hissəsinin də suyunu çəkin.

2. Portağalı soyun, 4 hissəyə bölün.

3. Dərin qabda bütün meyvələri qarışdırın. Ananas suyunu və balı əlavə edin.

4. Qarışdırın və süfrəyə verin.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir