Lale Memmedova

Lalə Məmmədova: “Qorxuram ki, səsimi yazıb, məni şərləyər” – MÜSAHİBƏ

Baxış sayı: 1. 510

“Gencaile.az” “Musavat.com”-a istinadən əməkdar artist Lalə Məmmədovanın  həmkarları ilə münasibətindən, şou-biznesdə yaşananlardan və övladlarından bəhs edən müsahibəsini təqdim edir:

 

– Bir müddət öncə Röya Ayxanla həmkarınız İradə İbrahimovaya görə qalmaqal yaşamışdınız. Daha sonra sosial şəbəkədə birlikdə çəkilən fotonuzu paylaşaraq, barışdığınızı açıqladınız. Hazırda münasibətləriniz necədir?

– Mən sadəcə iki həmkarımın qalmaqalına öz fikrimi bildirmişdim. Röya ilə küsülü deyildik ki, barışaq. Münasibətlərimiz normaldır.

 

“Nadir sənətimdən xəbərsiz danışır, aramızda çox fərq var”

 

– Müğənni Nadir Qafarzadə “ATV maqazin 10larla” verilişində sizi müğənni Damla ilə müqayisə edərək “Mahnıları bir-birinə bənzəyir. Biri bitir, sanki, yenidən başlayır” və “Lalə özünü Brilliant Dadaşovaya bənzədir”  dedi. Nadirin iradları ilə razısınız?

– O sözü deyən kəs peşəkar musiqi nəzəriyyəçisi və ya musiqişünas, vokalist olsaydı, o zaman, bəlkə də, haradasa səhvə yol verməyim haqda düşünə bilərdim. Gərək sənətimi nə qədər izləməyəsən ki, bu sözləri deyəsən. Nəyisə Nadirə sübut etmək belə istəmirəm. Elə mahnılarım, işlərim var ki, onlardan xəbərdar olan insan o fikirləri ağzına almazdı. Çünki bizim aramızda çox fərq var. Ən azından mən muğam üzrə təhsil almışam və bir neçə dəfə mikrofonsuz opera səhnəsində “Leyli və Məcnun” tamaşasında oynamışam. Mən klassik vokal ifaçı deyiləm, lakin filarmoniyada Niyazi adına Simfonik Orkestrla konsert vermişəm. Bu artıq mahnı janrı deyil, ciddi sənət əsəridir. Fərqi ilk növbədə bunda görməli idi. Çox təəssüf edirəm ki, Nadir məhz bunlardan bixəbər danışdı.

 

– Aygün Kazımova Mübariz Tağıyevin 70 illik yubileyi münasibəti ilə keçirilən konsertdə dedi ki, şou-biznesdə salam verməmə problemi yaşanır.

– Mən özümə cavabdehəm. Salam Allah salamıdır. Hamı ilə salamlaşıram. Ola bilər ki, kimisə görmərəm, o başqa məsələ, amma heç kimi görməzdən gəlməmişəm.

_MG_6133.jpg (1.69 MB)

– Bir çox məşhurların, xüsusilə də dünya ulduzlarının konsert öncəsi tələbləri, kaprizləri olur. Sizin kaprizləriniz var?

– Mənim böyük şərtlərim olmayıb. Şərtlərimdən biri olub ki, tranzitlə uçanda rahat reyslər olsun. Qalacağım məkan köhnə tikili ola bilər, amma mütləq təmiz olmalıdır. Biz Rihanna, Beyons kimi şərtlər qoya bilmirik. Çünki onların şou-biznesində milyonlar fırlanır. O vaxt Bilal Əliyev toya 100 min manata toya getdiyini deyəndə ajiotaj yarandı. Nisə xanım da böyük məbləğ açıqlamışdı. Əslində, onlar fərqli  məsələyə diqqət çəkmək istəyirdi, amma səhv başa düşüldülər. Azərbaycanda heç bir yerli müğənniyə 100 min qonorar verilmir.

 

– Bayağı musiqilər sizi narahat edirmi?

– Hazırda insanların zövqü korlanıb. O vaxtlar, Sovet dövründə  konsertlər təşkil olunurdu, neftçidən tutmuş, pambıqçıya qədər konsertlərə cəlb olunurdu. Tanınmış müğənnilər at, eşşək arabalarında dağlara gedib, konsert verirdi ki, insanlar musiqi zövqü formalaşsın. O vaxt keyfiyyətsiz musiqi olsa da, hökumət  insanların zövqünü formalaşdırmaq üçün siyasət yürüdürdü.

 

“Sənətinə aşiq olan müğənni eşşək arabası ilə də konsert verməyə gedər ”

 

– Sizcə, indiki müğənniləri eşşək arabasında dağa çıxartmaq mümkündür?

– İndi araba dövrü bitib, hamının “Jeep”i var. Gərək sənətinə aşiq olasan ki,  araba ilə dağa gedib, konsert verəsən. 3 il öncə Ordubadda dağın ətəyində konsert verdik. Konsertdən öncə güclü yağış başladı. Mənə dedilər ki, musiqiçilərin üstü örtülüdür. Mən isə camaatla yağışın altında islana-islana oxudum. Xəstələnmədim də. Deməli, sevgi önəmli imiş. Sənət sevgisi məni qorudu.

 

– Aktrisa Çimnaz Sultanova “güclü qadın” sözünü özünə təhqir hesab etdiyini demişdi. Bildirmişdi ki, qadın zərifdir, həyat, çətinliklər onu güclü olmağa vadar edir. O isə bu sözə nifrət edir. Çimnaz xanımın fikirləri ilə razısınız?

– Kişi kimi qadın anlayışına nifrət edirəm. Belə bir şey yoxdur. Əgər qadın həyatında hansısa çətinliklərdən çıxış yolu tapa bilirsə, həyatına sıfırdan başlamağı bacarırsa, ətrafındakı haqsızlığa qarşı sözünü deyə bilirsə və cəmiyyətə xeyirli övlad verə bilirsə, deməli o artıq güclü qadındır. Qadın və kişi cüt yaranıbsa, bu, o deməkdir ki, onlar ancaq birlikdə güclü ola bilərlər. Tək insan güclü ola bilməz. Mən isə həyatımın ən çətin dönəmlərindən indiyədək təkəm. Yuxarıda Allah, yerdə isə valideynlərim var. Bu halımdan çox razıyam.

 

– Valideynlərinizlə yaşayırsınız. Həyatınızda yaşanan çətinlikləri, yəqin, onlar da görür, yoxsa, gizlədirsiniz?

– Sənət həyatımda, məişətdə yaranan problemlərimdən valideynlərimi uzaq tuturam. Çünki hazırda onlar elə yaşdadır ki, narahat etmək günahdır. Həmin anlarda təkliyə qapanıram və hadisələri təhlil etməyə başlayıram. Eyni zamanda da tez qərar verməkdən çəkinirəm. Ola bilər ki, hansısa hərəkətimdə səhvə yol vermişəm. Çünki sonda bildiyimi edirəm.

Sənətə gəldiyim gündən indiyədək həyatımda müəyyən hadisələr yaşansa da, insanları sevməkdən yorulmadım. Əgər bir yerdən xəyanət və ya zərbə gördümsə, yenə də usanmadım. Bu xasiyyətimi sevirəm. Məni evimizin sevinci adlandırırlar. Evdə iki gün olmasam, anam zəng edib “Lalə, sən yoxsan, ev tamam başqadır” deyir. Evə gələn kimi, sanki,  bayram olur”.

_MG_6153 (1).jpg (512 KB)

“Ağılsız, cazibədar qadın olmaq istəyərdim, o zaman həyatım asan olardı ”

 

– Ağıllı, yoxsa cazibədar qadın?

– Məncə, ikisinin vəhdəti. Özümü  gözəl hesab etməsəm də, hər zaman diqqət çəkmişəm. Özümü ağıllı qadın hesab edirəm. Amma yüz faiz ağıllı hesab etmirəm. Çünki mənim də səhvlərim olub.

 

– Seçim etmək imkanınız olsaydı, hansını seçərdiniz?

– Ağılsız, cazibədar qadın olmaq istəyərəm. Heç nədən xəbərim olmazdı, dünyaya bir nöqtədən baxardım. Hərdən düşünürəm ki, kaş ki, ətrafımda və dünyada baş verənləri anlamazdım, öz dünyamda yaşayardım.

 

– İlahi ədalətə necə inanırsınız?

– İnanıram. Özümü heç bir dinə aid etmirəm, mənim üçün Allah, ilahi ədalət və ədalətli insan anlayışı var. Son illər ətrafımda yaşanan və oxuduqlarımdan o qənaətə gəldim ki, din sadəcə insanları əldə saxlamaq üçün vasitədir. Mənim üçün Məhəmməd Peyğəmbər dahi şəxsiyyətdir, cahil bir toplumu arxası ilə aparıb, doğru istiqamətə yönləndirə bilibsə, dahi insandır. Ondan sonra isə dinin arxasında başqa məsələlər dayanıb.

 

– Sizə qarşı ən böyük ədalətsizlik nə zaman edilib?

– Çox olub, amma Allah zamanla öz yerinə qoyub. Haqlı olmuşamsa, ədalət yerini tapıb.

 

“İntim videosu yayılanları lağa qoyan həmkarlarımı qınayıram” 

 

– İki qız anasısınız. Qız anası olmağın çətinlikləri çoxdur?

– Qızımın birinin 13 yaşı var, digəri bağçaya gedir. Hazırda övlad böyütmək çətindir. Maddi deyil, mənəvi tərəfləri deyirəm. Ona düzgün tərbiyə vermək, kənar təhlükələrdən qorumaq lazımdır. Məktəblilərin intim videosunun yayılması məni üzdü. Onlar sevginin nə olduğunu bilmədən, nələri isə təkrarladılar. Uşaqlıqlarını yaşaya bilmədilər. O videodan sonra qızımla açıq söhbət etdim. Ona başa saldım ki, hər şeydə sevgi olmalıdır, hər şeyin vaxtı var. Anayam, qəlbim parçalanır. Uşağımı heç vaxt qorxutmuram, başa salaraq öyrədirəm. O vaxt da bu cür hadisələr olurdu. Sadəcə geniş yayılmırdı.

 

– Məşhurların da intim videoları yayılmışdı…

– Bunlar məni üzür. Məni daha çox üzən isə insanların sadəcə izləyib keçməsidir. Insanlar bu cür videoları yayılandan öncə özlərini düşünməlidir. Onların şəxsi həyatı yoxdur? Onları leylək gətirib? Sabah özlərinin, övladlarının başına belə bir hadisə gələ bilər. İnsanlar hadisələrə mənəvi baxımdan yanaşmalıdır. Digər sənət yoldaşlarımın intim videoları yayılanlara istehza ilə yanaşmasını qınayıram. Qorxulu zamana gəlmişik. Artıq haradasa danışmağa qorxuram ki, səsimi yazıb, fərqli anlamla yayarlar, məni şərləyərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir