2

Latviyada təhsil alan həmyerlimiz: “Yerli əhali bu haqda danışmağı o qədər də sevmir” – “TƏLƏBƏ BİLETİ”

Baxış sayı: 1. 740

“Gencaile.az” saytının  “Tələbə bileti” rubrikasının budəəfəki qonağı Latviyanın İqtisadiyyat və Mədəniyyət universitetinin (University of  Economics and Culture) Biznes Administratiyası (Master Business Administration) üzrə magistr təhsili alan Emin Hüseynzadədir.

 

– Necə oldu ki, magistr pilləsində təhsil almaq üçün ölkə xaricinə üz tutmağa qərar verdiniz?

–  Hələ bakalavr təhsili aldığım dövrdən xaricdə oxumaq mənə maraqlı gəlirdi. Ona görə də magistr təhsili almaq haqda düşünəndə – yəni bakalavr təhsilimin son illərində artıq bu məsələ ilə daha yaxından maraqlanmağa və lazım olan sənədləri toplamağa başlamışdım.

 

– Maraqlıdır, Latviyaya yollanmazdan öncə hansı təəssüratlarınız var idi və orda olduğunuz müddətdə bu ölkə sizdə hansı fikirləri formalaşdırdı?

–  Latviyaya yollanmazdan öncə orda yaşayan və vaxtaşırı bu ölkəyə səyahət edən insanlardan məlumatlar almış, müsbət və mənfi yönləri haqqında bilgi toplamışdım. Bura gəldikdən sonra isə ölkənin təbiətinin çox gözəl olmasının şahidi oldum. Bura sanki təbiət qoruğudur. Latviya ilə bağlı məni razı salan ən əsas məqamlar isə internetin çox sürətli olması və nəqliyyatın çox dəqiq işləməsidir. Üstəlik, naqliyyatda tələbələr üçün endirim var.

 

– Fərqli ölkə və təhsil mühitini gördükdən sonra Azərbaycan təhsil sistemində nəyin dəyişməsini arzulayırsınız?

– Bakalavr  təhsilini deyə bilmərəm, amma magistr pilləsində təhsil çox çətin deyil. Buranın təhsil sistemində gördüyüm bəzi yeniliklərin Azərbaycanda da tətbiq olunmasını istəyərdim.  Məsələn, burda tələbələrin davamiyyətinə xüsusi diqqət yetirilir. Bundan əlavə, əgər tələbə hər hansı bir gün dərslərdə iştirak etmirsə, həmin günün dərsləri avtomatik olaraq tələbələrin hesabına göndərilir.

 

– Yaşadığınız ölkədə yaşayış şərtləri necədir, qida, mənzil,  eləcə də əcnəbilərə münasibət və s.?

–  Onu deyə bilərəm ki, paytaxt Riqa kosmopolit şəəhərdir. Əcnəbilər çoxluq təşkil edir. Ümumilikdə isə əhali azdır. Qida mənim bu ölkədə qarşılaşdığım ən ciddi problemlərdən biridir. Mətbəxləri o qədər də zəngin deyil. Ya özün hazırlamalısan, ya da restorana getməlisən ki, bu da bir tələbə üçün bir az çətindir. Mən burda yataqxanada məskunlaşmışam. Qiymət sərfəli olduğundan əksər tələbələr yataqxnada qalmağa üstünlük verir.

4

– Ümumiyyətlə, yerli əhalini necə xarakterizə etmək olar?

– Bir az soyuq millətdir. O qədər də ünsiyyətcil hesab etmək olmaz. Hər şey haqqında məlumat verməyi o qədər də xoşlamırlar.

 

– Latviyalıalar ölkəmiz haqda hansı informasiyalara malikdirlər? Bizə münasibətləri necədir? Maraqlıdır, bizi Şərq, Asiya ölkəsi kimi yoxsa avropalı kimi qəbul edirlər?

– Aydın məsələdir ki, iki ölkənin tanışlığı SSRİ dövrünə təsadüf edir. Əsasən neft ölkəsi kimi tanıyırlar, amma bizi Şərq, Asiya, yoxsa Avropa ölkəsi kimi qəbul etmələri haqda heç nə deyə bilmərəm, çünki yerli əhali bu haqda danışmağı o qədər də sevmir.

 

– Təhsil xərclərinizi özünüz qarşılayırsınız. – Pul qurtadı. Belə halda nə edirsiniz?

Təhsil xərclərimi özüm qarşılayıram. Qənaət etdiyim üçün pulum ehtiyaclarımı ödəməyə bəs edir.

 

– Yeri gəlmişkən, aylıq xərclər təxminən nə qədərdir? Bunu niyə soruşuram: xaricdə təhsil almaq istəyən hər bir gənc üçün, övladını xaricdə oxutmaq istəyən valideynlər üçün bu rəqəm maraqlıdır şübhəsiz ki.

–  Aylıq xərclərim dəyişkəndir. Bu da bəzən planlaşdırılmayan xərclərin olması ilə əlaqədardır.  Mənim qaldığım yataqxanada ayda 170 avro ödəməli oluram. Təbii ki, bundan daha ucuzunu da tapmaq olar. Məsələn, tələbələr üçün transport kartından istifadə edən tələbələr 16 avro ödəməklə nəqliyyatdan limitsiz istifadə edə bilərlər. Məncə, aylıq xərclər 400-450 avro civarındadır.

 

– Ümumiyyətlə, sizcə, xaricdə təhsil almaq istəyində olanlar  universitet və ölkə seçərkən hansı xüsusiyyətlərə fikir verməlidirlər? Xaricdə təhsil almağa hazırlaşan gənclərimizə nə məsləhət görə bilərsiniz?

– İlk öncə ixtisas seçimində diqqətli olmaq lazımdır. İxtisas seçərkən onun gələcəkdə nə dərəcədə faydalı olacağını müəyyənləşdirmək lazımdır. Əks halda, alınan təhsil sadəcə vaxt itkisi demək olacaq. Mən universitet seçimi edərkən Qərbi və Şimali Avropa ölkələrinə üstünlük verilməsini tövsiyə edirəm.

 1

– Ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasında, şübhəsiz ki, xaricdə təhsil alan tələbələrimizin də rolu əhəmiyyətlidir. Təbii ki, ən əsas məsələ Qarabağ problemidir. Bu istiqamətdə hansısa işlər görə bilmisinizmi?

– Bəli, hər zaman bunun üçün çalışırıq.  Bu, ölkə hüdudlarından kənarda olan hər kəsin borcudur. Xocalı soyqrımının ildönümündə Riqada “Xocalıya ədalət” yürüşü oldu. Bu aksiyaya təkcə tələblər yox, Latviyada yaşayan çox sayda həmyerlimiz də qoşulmuşdu. Bundan başqa, 28 may Respublika günündə də tədbir təşkil etmişdik. Ümumiyyətlə, əlamətdar günlərdə hər zaman tədbirlər təşkil edirik.

 

 

Söhbətləşdi: Tural Məmmədov

 

3




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir