lazer

Lazer epilyasiyası nədir və onun hansı üstünlükləri var?

Baxış sayı: 2. 980

Terminlərdən istifadə etmədən, hər kəsin başa düşəcəyi formada desək, lazer tək dalğada sıxlaşdırılmış işıq deməkdir.

Lazer işığı tibdə 50 ildən çoxdur ki, müxtəlif sahələrdə istifadə edilməkdədir. Lazer epilyasiya isə, bədəndəki arzuolunmaz tüklərin lazer enerjisi istifadə etməklə uzun müddətli yox edilməsidir. Kiçik tibbi əməliyyat hesab olunan və 1960-cı ildən etibarən təcrübədə istifadə edilən bu üsul 1990-cı illərdən bəri daha da inkişaf etdirilmiş və dermatoloji təhlükəsizlik baxımından daha geniş formada istifadə edilməyə başlanmışdır. Lazer Epilyasiyanın tüklərdə qalıcı olaraq azalmanı təmin etdiyi və insan sağlamlığına zərər vermədiyi ilk dəfə Amerika Qida və Dərman Təşkilatı (FDA) tərəfindən 1997-ci ildə təsdiq edilmişdir.

Bu proseduraları rahat şəkildə qəbul eləmək olar, burada qorxulu heç bir şey yoxdur. Sadəcə olaraq, insanlar düzgün seçim etməli və yalnız ixtisaslaşmış mütəxəssislərə müraciət etməlidirlər. Lazer epilyasiya aparatları hər yerdə ola bilər, amma bu aparatları lazımi səviyyədə işlədə bilən, insanların dərilərini tanıyan və proseduranı düzgün tətbiq edən mütəxəssis hər yerdə olmur. Ona görə də

son dərəcə diqqətli olmaq lazımdır.

 

Lazer epilyasiyasının tətbiqi üsulu cihazların növlərinə bağlıdır. Lazer üsulunun getdikcə artan populyarlığı təyinatı üzrə müxtəlif cihazların icad edilməsinə səbəb olmuşdur. Araşdırmalar zamanı hər aparatın öz üstünlükləri və mənfi cəhətləri tapıldığından, hər şeydən öncə, bu və ya digər proseduranı həyata keçirməmişdən əvvəl yaxşı reputasiyaya malik klinika seçmək, professional mütəxəssisin konsultasiyasında olmaq, bu proseduranın bütün üstünlüklərini və çatışmazlıqlarını dərindən öyrənmək və yalnız bundan sonra qəti qərar qəbul etmək lazımdır. Hər aparatla hər bədəndə proseduraları həyata keçirmək düzgün deyil. Görülən işin təminatına və keyfiyyətinə üstünlük verilməlidir. Bütün hallarda şəxsi maraqları deyil, insanların maraqlarını və şəffaflığı qorumaq lazımdır.

Lazer epilyasiyasının zərərləri ilə əlaqədar bu günə qədər ciddi xətalara rast gəlinməmişdir. Ciddi zərərlərdən çox lazer epilyasiyasının tətbiqi əsnasında yalnız yan təsirlər aşkar edilmişdir. Belə ki, lazer tətbiq edilən bölgədə qaşıntı, qızartı, şişmə kimi təsir ola bilər. Bu təsirlər keçicidir və ümumiyyətlə? 3-4 gündən sonra hiss olunmur. Bundan başqa, istifadə edilən alətlərlə səliqəsiz davranma halları dəridə yanıqlar və infeksiya riski meydana gətirə bilər. Hansı ki, bu yan təsirlərin meydana gəlməsi, lazer epilyasiyasını tətbiq edənin təcrübəsi, lazer epilyasiya etdirən adamın bədən xüsusiyyətləri və istifadə olunan cihazla əlaqəlidir. Lazer epilyasiyasında əvvəli və sonrası bir müddət diqqət yetirilməsi lazım olan hallar vardır ki, bunlardan biri də açıq havada günəşə çıxılmamasıdır. Ümumiyyətlə, lazer epilyasiyası sonrası diqqət yetirilməsi lazım olan hallar haqqında bu əməliyyatı həyata keçirən mütəxəssisdən məlumat alınması məsləhətdir. Mən ümumi olaraq, lazer epilyasiyasının üstünlüklərini və əks göstərişlərini qeyd edə bilərəm.

 

Üstünlükləri:

– Qeyri-invaziv metod (dəri altına heç nə batırmadan)

– Nəticə proseduradan dərhal sonra görünür

– Prosedura gedişində dəri zədələnmir

– Üsul yüksək effektlidir

– Prosedura çox az vaxtda həyata keçirilir

– Bədənin həssas dərili hissələrində tətbiq oluna bilir. Məsələn: üz, qoltuqaltı, bikini zonası və s.

– Epilyasiyadan sonra tüklər dərinin dərinliyinə yerimir

 

 

Bununla belə, lazer epilyasiyasında əks göstərişlər də mövcuddur:

– Kəskin dəri xəstəlikləri

– Varikoz xəstəliklərin ağır formaları

– Şəkərli diabet

– Hamiləlik (məsləhətdir ki, olmasın)

– Dərinin onkoloji xəstəlikləri

– Ürək-damar xəstəlikləri – dekompensasiya mərhələsində

– Dərinin keloid kəsiklərinin əmələ gəlməsinə meylliliyi

– Kəskin infeksion xəstəliklər və iltihab prosesi

 

Lazer epilyasiyası zamanı tükün kökündə olan melanin piqmenti lazer şüasının təsiri altında qızır və tükün kökünü məhv edir. Əgər pasiyentdə hormon disbalansı, yəni pozuntusu yoxdursa, bu zaman cəmi 4-5 prosedura keçməklə bədənin istənilən yerində olan arzuolunmaz tüklərdən tam azad olmaq olar.

 

Qirsutizm, yəni qadınlarda boğaz və üst dodaq nahiyəsində tüklənmə zamanı arzu olunan effekti əldə etmək üçün pasiyent təxminən 10 prosedura keçməlidir.

Proseduranın tam ağrısız keçirilməsini təmin etmək məqsədi ilə bədənin prosedura aparılan hissəsinin soyudulması üçün xüsusi avadanlıq tətbiq olunur.

Lazer epilyasiyasının üstünlüyünü sübut etmək üçün bir faktı qeyd etmək kifayətdir: bu prosedura nəticəsində nəinki arzuolunmaz tüklərdən, hətta lazımsız tərləmədən də yaxa qurtarmaq mümkündür. Lazer epilyasiyasından sonra ülgücü və depilyasiyanın ağrılarını uzun müddət unutmaq olar.

Lakin dermatit, ekzema və digər dəri xəstəliklərindən əziyyət çəkən insanlarda lazer epilyasiyasının əks göstərişləri üzə çıxa bilər ki, bu da lazer epilyasiyasının ən başlıca çatışmazlığı hesab olunur.

Eyni zamanda digər mənfi halların baş verməsi də mümkündür ki, bu da lazer epilyasiyasını həyata keçirən mütəxəssisin iş təcrübəsindən, lazer epilyasiyası elətdirən şəxsin bədəninin aparatlara olan reaksiyasından və ən başlıcası da, lazer epilyasiyasında istifadə olunan Lazer Aparatından asılıdır.

Əgər pasiyent sağlam bədənə və dəriyə sahibdirsə, lazer epilyasiyasını vaxtlı vaxtında edə bilər.

Hər kəsin diqqətinə çatdırmaq istəyirəm ki, lazer epilyasiyasının şüası dəri qatına 5 mm dərinlikdə təsir göstərir. Limfa düyünləri isə dəridən daha dərinlikdə yerləşir. Bunları nəzərə alsaq, lazer epilyasiyasının heç bir zərərinin olmadığı qənaətinə gələ bilərik.

Demək olar ki, bütün qadınların üzündə bu və ya digər nahiyələrdə xoşagəlməz tüklər mövcuddur. Ancaq bu tüklər bütün qadınları narahat etmir. Məsələ burasındadır ki, tükləri iki qrupa bölmək olar:

– Yüngül və yumşaq;

– Terminal tüklər adlanan uzun və qalın tüklər.

Birinci növə aid olan tüklərdə keratin və melaninin miqdarı az olur. Bu səbəbdən də onlar əsasən yumşaq və zəif rəngli olurlar. Bu tüklərin follikulu çox kiçikdir, ona görə dərində bitmirlər. Belə tükləri rahat və nisbətən ağrısız çıxarmaq olur. Baxmayaraq ki, bu tüklər demək olar ki, bədənimizin hər yerində kifayət qədər mövcuddur, belə tüklər demək olar ki, kosmetik cəhətdən heç kimə mane olmur. Bundan əlavə, bu tüklər bədənin normal temperaturunun qorunub saxlanılmasında böyük rol oynayır. Uzun tüklər isə, əsasən qalın, bərk və dərində bitmiş olur. Normal halda (qadınlarda) başda, qoltuq altlarında və qarının aşağı hissəsində bitirlər.

Qadınlarda üzdə arzuolunmaz tüklərin bitməsi bir qayda olaraq qirsutizmlə bağlıdır. Qirustizm – qadınların “hormonal asılı” yerlərində artıq tüklərin bitməsidir. Bu zaman artıq tüklərin bitməsi bədənin müxtəlif yerlərində müşayiət olunur. Lakin məlumdur ki, əsasən üzdə bitən tüklər çoxlarını narahat edir. Bu isə, Steroid hormonu ilə bağlıdır. Steroid hormonu artıq olanda bu qadınlarda hormonal pozğunluq yaradır. Bu zaman  qadın ginekoloq tərəfindən müayinə və müalicə olunmazsa, epilyasiya lazım olan effekt verməyəcək.

Kişilərdə isə qadınlara nisbətən hormon yüksək olduğundan 10-dan artıq prosedura keçirilir və effekti olur.

 

Qalın uzun terminal tüklərin qırxılması, dartılaraq çıxarılması həmin tüklərin daha da artmasına səbəb olur. Düzdür, elektroepilyasiya bu sahədə çox effektivdir, lakin bu da həm ağrılı, həm də çox baha başa gəlir. Bundan əlavə elektroepilyasiya tam təhlükəsiz də deyildir. Belə ki, bu zaman iynə dərinin 5-6 mm dərinliyinə yeridilir ki, bu da üzdə arzu olunmayan iltihabların və çapıqların əmələ gəlməsinə səbəb ola bilər. Üzün lazer epilyasiyası qirsutizmin kosmetik müalicəsi sahəsində yeni dövrün başlanmasıdır. Bu yolla müalicə həm tez, həm ağrısız, həm də tam təhlükəsiz başa gəlir.

 

Bəzən tüklərdən azad olmaq üçün xalq təbabətindən istifadə edilir. Xalq təbabəti deyərkən, bəzi yerlərdə arzuolunmaz tüklərdən qurtulmaq üçün istifadə olunan ən sadə üsullar – mum və şəkər ilə olan epilyasiyadır. Bu zaman tüklər cəld hərəkətlə çıxarılır. Əlbəttə ki, bu üsul arzu edənləri tüklərdən həmişəlik azad etməyəcəkdir. Ancaq onlardan uzun müddət ərzində istifadə etsəniz, onlar tüklərin sayının tədricən azalmasına və nazikləşməsinə səbəb olacaqdır. Amma bunun da özünəməxsus fəsadları meydana gəlir. Bildiyimiz kimi, heç də hər bir qadın epilyasiya üçün mütəxəssisə müraciət etməyə vaxt tapa bilmir. Bəzi hallarda da buna maddi imkanlar mane olur. Bu zaman əksər xanımlar evdən çıxmamaqla lazımsız tüklərdən effektiv şəkildə azad olmaq üçün kremlərdən və sprey-depilyatorlardan və xüsusi mumlardan istifadə edirlər. Ancaq qeyd etmək istəyirəm ki, adi mumlardan daim istifadə etdikdə, dəridə sallanma əmələ gəlir və bu da hər bir qadın üçün xoşagəlməz haldır. Krem-depilyatorlar isə xanımların dərisində allergiyaya səbəb ola bilər.

Krem depilyatorların ən əsas çatışmazlığı ondan ibarətdir ki, bu kremlər vasitəsi ilə tüklərdən birdəfəlik qurtulmaq mümkün deyil. Yenə də ümidlər müasir texnologiyalara yönəlir.

Müasir texnologiyalar üzdə və bədəndə olan tüklərin aradan qaldırılmasına yanaşmanı kökündən dəyişmişdir. Əgər əvvəllər tüklərin ancaq müvəqqəti təmizlənməsi mümkün idisə, indi əldə olunan yeniliklər və müasir aparatlar vasitəsi ilə arzuolunmaz tüklərdən birdəfəlik qurtulmaq mümkündür. Amma buna baxmayaraq, qeyd etmək istəyirəm ki həmin bu aparatlar da növlərinə görə fərqlənirlər. Elə aparat var ki, tükləri üzdən ütür və tük folekuluna heç bir təsir etmir, nəticədə isə gec də olsa həmin tüklər yenə inkişaf edir, çoxalır. Birbaşa tükün folekuluna təsir edən aparatlar da var ki, bundan mütəxəssislərimiz geniş istifadə edirlər. Burada seçim pasiyentin üzərinə düşdüyü üçün pasiyent bu incəlikləri bilməlidir.

Amma hər bir insanın bilməsi vacibdir ki, soyuqdəymə, qrip, allergiyanın kəskinləşməsi və hamiləlik zamanı pasiyentlər israr etsələr də, lazer epilyasiyası proseduralarının tətbiqinə yol verilməməlidir.

Bundan əlavə, epilyasiyaya məruz qalan dəri sahəsi sağlam olmalı, bu sahədə yara, cızıqlar və iri xallar olmamalıdır. Çünki lazer epilyasiyası zamanı arzuolunmaz tüklər kəskin lazer şüasının köməyi ilə, fotoepilyasiyada isə çox intensiv adi işıq şüası ilə təmizlənir. Xüsusilə qeyd etmək istəyirəm ki, hər iki növ epilyasiya ağrılı ola bilər. Ona görə də ağrıya qarşı çox həssas olan pasiyentlərdə epilyasiyadan əvvəl xüsusi gel vasitəsilə ağrısızlaşdırma yerinə yetirilir.

Lazer epilyasiyası zamanı tüklərin rəngi də həlledici rol oynayır. Tünd rəngli tüklərin təmizlənməsi daha asandır. Lazer epilyasiyası çox tünd və günəş şüaları altında yanmış dəridə, həmçinin çox açıq və ağ rəngli tüklərdə effekt vermir. Belə ki, sırf tünd piqment lazer işıqlanmasının enerjisini özünə cəlb edir. Açıq rəngli və ağarmış tüklərdə melanin mövcud olmadığından bu cür tüklərin yalnız elektroepilyasiya vasitəsi ilə təmizlənməsi mümkündür. Solğun tonlu dəri yanıqların əmələ gəlməsinə daha meyllidir. Lazer şüası həm tüklərə, həm də dəriyə təsir edir. Bu səbəbdən də güclü qaraldılmış dəridə epilyasiyanın tətbiq olunması məqsədəuyğun deyil.

Epilyasiya etdikdən sonra tüklərdən təmizlənmiş sahəni islatmaq olmaz. Proseduradan sonra 3 gün saunaya getmək və yaxud ardıcıl duş qəbul etmək məsləhət deyil. Piqment ləkələrinin əmələ gəlməməsi üçün ən azı 2 həftə ərzində epilyasiya olunmuş sahəyə günəş şüalarının birbaşa təsir göstərməsinə yol vermək olmaz. Ümumiyyətlə, epilyasiyanı həyata keçirən mütəxəssisin bütün təlimatlarına düzgün və tövsiyə olunan qaydada əməl etmək çox vacibdir. Hər kəs qaydalara əməl etməlidir ki, çəkilən maddi xərclərin və əziyyətin bəhrəsi olsun.




1 şərh “Lazer epilyasiyası nədir və onun hansı üstünlükləri var?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir