Antibiotik

Lazımsız antibiotik qəbulu COVID-19 xəstəliyinə necə təsir edir?

Baxış sayı: 546

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə yoluxmuş xəstələrdə antibiotik istifadəsinə yalnız bir sıra hallarda ehtiyac yaranır. Antibioterapiyanın tətbiqinə xəstəliyin ikinci həftəsində – immun faza şiddətləndikdə, həmçinin 7-10 gündən çox davam edən hərarət müşahidə edildikdə yalnız bir halda başlanıla bilər. Əgər laborator analizlərdə orqanizmdə bakterial infeksiyaların yarandığı təsdiq edilərsə, həkimlər xəstəyə antibiotik təyin edirlər. Xəstələrin hərarəti olduğuna görə ehtiyat üçün, guya profilaktika məqsədilə antibiotik qəbul etməsi tamamilə yanlışdır.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı Rəşad Mahmudov deyir.

Mütəxəssis qeyd edir ki, lazımsız antibiotik qəbulu virusla mübarizədə bədənin istifadə etdiyi mexanizmlərə zərər verərək, xəstəliyin daha gec sağalmasına zəmin yaradır.

“COVID-19 virus olduğuna görə antibioterapiyanın onun müalicəsində əhəmiyyəti yoxdur. Bu, müzakirə mövzusu deyil, birmənalı olaraq təsdiqini tapıb. Bundan başqa, təhlükəli dərmanlar sayılan deksametazon və prednizolon kimi hormonal dərmanların erkən dönəmlərdə faydası görülsə də, həmin preparatlar ağırlaşmalar nəticəsində xəstəxanalara düşən koronavirus xəstələrinin sağalmasında müəyyən problemlər yaradır. Həmin dərmanlardan özbaşına istifadə etmək yolverilməzdir”, – deyə R.Mahmudov bildirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir