limon

Limon kor edir?

Baxış sayı: 1. 535

El arasında bir çox inanclar var ki, məhz bu yollarla Allahın insana bəxş etmədiyini qida, dərman və bu kimi vasitələrlə bərpa etməyə çalışırlar. Məsələn, dişlərə çiyələk sürtmək onları bəyazlaşdır, dəriyə diş məcunu sürtmək onu baxımlı və hamar edir, daim papaq qoymaq qulaqların formasını qaydaya salır və s. Bunların ayrı-ayrılıqda doğruluq payı olsa da, demək olmaz ki, hər zaman bu üsullar sağlamlığa faydalı və mükəmməl nəticə verəndir.

Geniş yayılan daha bir gözəllik açarı isə limon suyudur. Limonun möcüzəvi təsirlərindən xəbərdar olanlar, yəqin ki, onun göz üçün də istifadə edildiyindən xəbərsizdirlər. Limon suyunun gözlərə damcıdılması yolu ilə daha parlaq və “mənalı” gözlərə sahib olmaq elə də çətin deyil. Lakin ən az parlaqlığı qədər ziyanı da olan bu üsul həkimlər tərəfindən qətiyyən məsləhət görülmür. Gözlərin təbəqələrinin zədələnməsi, yanması nəticəsində gözlərdə baş verə biləcək fəsadların qarşısını almaq üçün oftalmoloqlar, demək olar ki, həyəcan təbili çalır. Çünki bu üsulla gözəllik əldə etmək istəyib yolunu həkimlərdən salanlar az deyil.

Oftalmoloq Özcan Xəlilin sözlərinə görə, insan gözü zərif və incə olduğu qədər də möhkəm və mürəkkəbdir. Məsələn, insana elə gəlir ki, gözə barmaq dəydiyi zaman o zədələnəcək. Lakin bu, belə deyil. İnsan gözü rezin kimidir. Xəfif görünə bilər, amma onun zədələnməsi üçün zərbə lazımdır. Limon suyu isə zərbədən də pisdir: “Limon suyunun gözdə meydana gətirdiyi ziyanla verdiyi parlaqlıq da bərabərdir. Qısası, gözünüzə limon suyu damcılatmaqla gözünüz nə qədər çox ziyan görsə, o qədər çox parlayacaq. Limon sıxılması ilə təmin edilən parlaqlıq da qalıcı deyil və bir neçə gün içərisində göz təkrar köhnə quruluşuna döndüyündən parlaqlıq da itir”.

Göz quruluşu etibarilə xarici layında kornea adı verilən bir təbəqə ilə örtülüdür. Həkim deyir ki, gözə limon kimi turşu nisbəti yüksək maddə damcıladanda, şəffaf halda olan kornea təbəqəsinin üzərindəki hüceyrələrin ölməsinə səbəb olarsınız. Bu vəziyyət kornea təbəqəsi üzərində əyriliklər meydana gəlməsinə səbəb olar. İrəliləyən mərhələlərdə gözə gələn işığın bu nahamar təbəqə səbəbi ilə doğru qırıla bilməməsi səbəbiylə, bir çox görmə pozuqluğu meydana gəlməkdədir. Gözə limon sıxılmağa davam edildikcə kornea təbəqəsindəki ziyan da artaraq, göz qapağı şişliklərinə və görmə pozuqluqlarına səbəb olmaqdadır. “Gözə damcıladanda faydalı olan tək maddə çaydır və çay da yalnız gözü təmizləmək üçün antiseptik təsiri səbəbi ilə istifadə edilə bilər”.

Oftalmoloqun sözlərinə görə, insan dərk etməlidir ki, normal halda dişləri belə sıradan çıxaran, turşuluq dəyəri olduqca yüksək olan limon gözləri birdəfəlik kor da edə bilər: “İnsan gözündə hansı problemin olduğunu bilə bilməz. Əgər onun görmə qabiliyyəti yaxşıdırsa, o, elə düşünəcək ki, gözündə heç bir problem yoxdur. Lakin göz problemləri heç də hər zaman özünü zəifliklə büruzə verməz. Elə problem ola bilər ki, limon damcısı son nöqtə olaraq gözü tamamilə sıradan çıxarar. Hətta, müalicəvi məqsədlə belə göz damcılarını özbaşına istifadə etmək olmaz. Belə halda gözlərə limon damcılatmaq sadəcə gözlərindən bezmək deməkdir. Parlaq gözə sağlam qidalanaraq, bol yuxu yataraq sahib olmaq mümkündür”.

Qeyd edək ki, gözləri qorumaq üçün qidanın vitaminli olmasına fikir vermək lazımdır. Gözlər üçün ən çox A vitamini tələb olunur. Bundan başqa, müəyyən edilib ki, B, C və D vitaminlərinin çatışmaması bəzi göz xəstəlikərinə səbəb olur. Həftədə 3 dəfə az miqdarda bitki yağında bişirilmiş kök yeyin. Kökdəki A və E vitaminləri görmə qabiliyyətini yaxşılaşdırır, gözlərə parlaqlıq gətirir. Kəpək və çovdar çörəkləri içindəki selen elementinə görə gözləri mikroblardan qoruyur.

Günay Ramizqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir