Liposaksiya

Liposaksiya insanı necə öldürür? – MÜTƏXƏSSİS YANAŞMASI

Baxış sayı: 170

Son zamanlarda bir çox gənc qız və qadınların üz tutduğu qarın piylərinin liposaksiyası əməliyyatı ölüm təhlükəsi yüksək olan əməliyyatlardandır.

“Gencaile.az” xəbər verir ki, fleboloq-cərrah İsmayıl Əsgərov “Liposaksiya ölümə səbəb ola bilərmi” sualına cavab verib. Həkim bildirib ki, hər bir invaziv müdaxilə vaxtı ölüm baş verə bilər:

“Əksər vaxt bu, tromb (qan laxtası) emboliya (qopması) nəticəsində baş verir. Amma liposaksiya vaxtı təkcə trombemboliya deyil, həm də piy emboliyası kimi fəsad yarana bilir. Piy emboliyası sindromunun 3 əsas simptomu var: kəskin tənəffüs çatışmazlığı, nevroloji disfunksiya və dəri zədələnmələri. Liposaksiyadan 12-72 saat sonra nadir hallarda baş verir.

Liposaksiya zamanı dərialtı qatdakı piy toxuması “əridilmiş”, əzilmiş, parçalanmış bir vəziyyət alır. Həmin toxuma parçalarının əksəriyyəti çıxarılır, lakin bəziləri zədələnmiş vena damarlarından mənfi təzyiq hesabına sorulub, ümumi qan dövranına daxil olur. Mikro piy hissəcikləri əsasən ağciyər, beyin, böyrək və dəri kimi orqanlarda emboliyaya, “tıxanmağa” səbəb ola bilər. Ağciyərlərdə qan dövranının piylə tutulması nəticəsində qazlar mübadiləsi kəsilir, nəfəs çatışmazlığı başlayır. Bundan əlavə, parçalanmış piy hüceyrələrindən çıxan bioaktiv maddələr piy emboliyası sindromunda iltihab və hüceyrə məhvini artırır. Əksər vaxt klinik əlamətlər çox zəif təzahür edir, xəstəni ümumiyyətlə narahat etmədən öz-özünə aradan qalxır.

Diaqnoz çətindir; “Gurd” və “Wilson”un diaqnostik klinik kriteriyaları hələ də istifadə olunur. Təəssüf ki, hazırda liposaksiya sonrası piy emboliya sindromu üçün xüsusi terapiya yoxdur, bu səbəbdən də ölüm riski həddindən artıq yüksəkdir”.

Xatırladaq ki, bir neçə gün əvvəl “Baku Medical Plaza”da liposaksiya əməliyyatı keçirən, özü də həkim-ginekoloq olan Sona Gürgün Vəliyeva əməliyyatdan sonra dünyasını dəyişib. Elmi-Tədqiqat Ağciyər İnstitutunda işləyən ginekoloqu əməliyyat edən həmkarı isə daha əvvəl də adı xəstə ölümlərində hallanan estetik-cərrah Sirus Qoçxani olub.

Onu da bildirək ki, estetik-cərrah Sirus Qoçxani 2017-ci ilin iyun ayında 21 yaşlı model Leyla Oruclunu da liposaksiya əməliyyatı etmişdi və gənc qız əməliyyatdan sonra dünyasını dəyişmişdi. S.Qoçxani o zaman “Zəfəran Hospital”da işləyirdi. Gənc qızın ailəsi 21 yaşlı modelin ölümündə həkim səriştəsizliyinin olduğunu iddia edirdi.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir