6

Litvada təhsil alan həmyerlimiz: “Burda analar oğullarına qız seçmir” – “TƏLƏBƏ BİLETİ”

Baxış sayı: 358

“Gencaile.az” saytının ənənəvi rubrikalarından olan “Tələbə bileti”ndə bu dəfə Litvanın VYtautas Magnus Universitetinin Beynəlxalq münasibətlər fakultəsinin 3-cü kurs tələbəsi Ruzi Əkbərovun müsahibəsini təqdim edirik.

 

– Necə oldu ki, xaricdə təhsil almaq qərarına gəldiniz?

– Hələ orta məktəbdə oxuyandan əsas məqsədlərimdən biri xaricdə ali təhsil almaq idi. Xaricdəki həyat tərzi, başqa xalqların mədəniyyəti mənə həmişə maraqlı gəlirdi. Xaricdə yaşayan qohumlarım və dostlarımın danışdıqlarını həvəslə dinləyir, nə vaxtsa daim xəritədə gördüyüm yerlərə gedəcəyimi düşünürdüm. Universitetə imtahan verən zaman topladığım bal Azərbaycanda təhsil almağa imkan versə də, çoxdankı arzumu reallaşdırmaq üçün xaricdə təhsil almağa üstünlük verdim.

 

– Maraqlıdır, Litvaya yollanmazdan öncə hansı təəssüratlarınız var idi və orda olduğunuz müddətdə bu ölkə sizdə hansı fikirləri formalaşdırdı?

Litvaya gəlməmişdən öncə bir sıra televiziya kanallarında bu ölkə haqqında verilişlərə baxdım. Daha çox səyahətlə bağlı proqramları izləyirdim. O vaxta qədər bir sıra xaricə ölkələrdə olsam da, Avropa Birliyinin üzvü olan ölkədə olmaq daha maraqlı gəlirdi. Litvaya gəldikdən sonra onsuz da müsbət olan təəssüratlarım bir az da genişləndi. Ölkə o qədər də böyük olmasa da, gəzməli yerləri saymaqla bitməyəcək qədərdir. Özünəməxsus ənənələri və mətbəxini də qeyd edə bilərəm.

 

– Fərqli ölkə və təhsil mühitini gördükdən sonra Azərbaycan təhsil sistemində nəyin dəyişməsini arzulayırsınız?

Düzü, Azərbaycanda ali təhsil almadığımdan bu barədə fikir bildirməyim bir az çətindir. Amma Litvada təhsil almağın üstünlükləri haqda danışa bilərəm. Burda universitetə qəbul çox sadədir. Orta məktəbi bitirən istənilən şagird imtahansız tələbə adını qazana bilər, amma əgər tədris ilində öz ixtisası üzrə üç fənnin imtahanından keçə bilməsə, həmin imtahanlardan qənaətbəxş nəticə qazanana qədər tələbə statusu ləğv olunur. Bundan başqa, Litvada hansı ixtisas üzrə təhsil almasından asılı olmayaraq bütün tələbələrə xarici dil öyrədilir. Təhsilin bakalavr pilləsini başa vurana qədər tələbənin iki xarici dili minimum A2 səviyyəsində bilməsi zəruridir. Həmçinin universitetlər arasındakı müqaviləyə əsasən nəticələri yaxşı olan hər hansı bir tələbə öz universitetinin maddi dəstəyi ilə başqa ölkədə maksimum iki semestr təhsil ala bilər. Tələbələr üçün daha bir üstünlük isə tələbə kartına sahib olanların bir sıra güzəştlər qazanmasıdır. İctimai nəqliyyatda, mağazalarda, restoranlarda və yanacaqdoldurma məntəqələrində tələbələrə güzəşt olunur. Bundan əlavə, tələbələr üçün tələbə şəhərciyinin mövcudluğunu, tələbələrin münasib qiymətlərə yataqxana ilə təmin olunmasını və ən əsası da rüşvətin yoxluğunu qeyd edə bilərəm.

 

– Yaşadığınız ölkədə yaşayış şərtləri necədir, qida, mənzil, nəqliyyat, eləcə də əcnəbilərə münasibət və s.?

Azərbaycanda bir mənzilin kirayəsi 300 manatdırsa, Litvada 300 avrodur. Müəyyən fərqlər var, ancaq ciddi fərqdən söhbət gedə bilməz. Əcnəbilərə münasibətə gəlincə, Litvada tolerantlıq hökm sürür. Litvalılar ümumiyyətlə, mühriban millətdir. Bu səbəbdən də dinindən və irqindən asılı olmayaraq hamı burda mehriban şəkildə yaşaya bilir.

2

 

– Maddi imkanları necədir? Tutaq ki, müəllim, mühəndis, fəhlə, jurnalist, kitabxanaçı – bir sözlə, məmur olmayan və biznesi olmayan litvalının maddi təminatı necədir? Nə təsir bağışlayır sizə? 

– Azərbaycanla müqayisədə bu ölkədə əməkhaqqı yüksəkdir. Litvada sığortalı işçilərin minumum əməkhaqqı 500 avrodur. Burda demək olar ki, hamı normal şəkildə dolana bilir. Məsələn, müəllimin maaşı 800-1000 avrodur, amma hər hansı bir fəhlə də ay ərzində həmin pulu qazana bilər. Burda əsas məsələ onun iş saatının nə qədər olmasıdır.

 

– Təhsil xərclərinizi özünüz qarşılayırsınız. – Pul qurtadı. Belə halda nə edirsiniz?

– Azərbaycanda təhsil alan tələbə əgər evdən uzaqdadırsa, pulu qurtaranda hansı çətinliklərlə üzləşirsə, xaricdə təhsil alanlar da həmin problemlərlə qarşılaşır. Əcnəbi ölkələrdə təhsil alanların işi bu baxımdan daha çətindir hətta. Məsələn, əgər Azərbaycanda oxuyan tələbə evdən göndərilən pulu bitdikdə hər hansı bir işdə işləyə bilərsə, bizim üçün bu hal mümkün deyil. Ən azı ona görə ki, burda işləmək üçün həmin ölkənin vətəndaşı olmalısan və bir tələbə üçün bu, mümkünsüz görünür. Ona görə də xaricdə təhsil alan tələbələr bu tip problemlərlə üzləşməmək üçün daha ehtiyatlı davranırlar.

 

– Yeri gəlmişkən, aylıq xərclər təxminən nə qədərdir? Bunu niyə soruşuram: xaricdə təhsil almaq istəyən hər bir gənc üçün, övladını xaricdə oxutmaq istəyən valideynlər üçün bu rəqəm maraqlıdır şübhəsiz ki.

– Yuxarıda da qeyd etdiyim kimi, bu baxımdan Azərbaycanla Litva arasında o qədər də ciddi fərq yoxdur. Tutaq ki, əgər ölkəmizdə tələbə 500 manat xərcləyirsə, burda 500 avro kifayət edir.

 

– Yerli mətbəxə uyğunlaşa bilmisinizmi? Yoxsa hələ də rasionunuzda Azərbaycan mətbəxinə aid təamlar üstünlük təşkil edir? Sizi təəccübləndirən yeməkləri də var yəqin ki…

–  Artıq 4 ildir ki, burdayam və bu ölkəni özüm üçün ikinci vətən sayıram. Artıq Litva dilini də öyrənmişəm. Mətbəx məsələsinə gəlincə, təbii ki, Azərbaycan mətbəxinin ləziz təamları üçün darıxıram, amma litalıların da özünəməxsus mətbəx ənənələri var. Şaltibarşay (soyuq şorba, sup) və Kebinai (litva qutabı) əsas yeməkləri sayılır. Yeganə problem donuz ətindən geniş istifadə olunmasıdır ki, bu da bizim dinə uyğun gəlmir və müəyyən çətinliklər yaradır.

 

– Azərbaycanlılara məxsus hansı xüsusiyyətlərLitvada təəccüblə qarşılanır?

Bizim bəzi adət-ənənələrimiz maraqla qarşılanır. Novruz bayramı və bu bayramda yumurta döyüşdürülməsi təəccüb doğurur. Bundan əlavə, bizim yemək yeyərkən çörəkdən çox istifadə etməyimiz onlara qəribə gəlir. Müqayisə üçün deyim ki, litvalılar çörəkdən çox az istifadə edir. Ölkəmizlə bağlı təəccüblə qarşılanan başqa bir neçə məsələ də var. Məsələn, Azərbaycanın bir hissəsinin Avropada yerləşməsi, eləcə də “Avrovision” mahnı yarışmasının və Formula-1-in ölkəmizdə keçirilməsi kimi məsələlər təəccüblə qarşılanır.

5

 

– Ümumiyyətlə, Litvalılarla hansı dəyərləriniz ortaqdır, hansıları isə hələ ki, qəbul edə bilmirsiniz?

– Hər iki ölkə keçmiş SSRİ respublikası olduğundan müəyyən oxşarlıqlar var. İki ölkə əhalisini müqayisə etdikdə bizim millətin daha mehriban olduğunu deyə bilərəm. Əsas fərq isə əhalinin katolik və heç bir dinə mənsub olmayan təbəqəyə bölünməsi, həmçinin bu ölkədə islam dini ilə bağlı dezinformasiyaların yayılması və bunun fonunda islam dininə inanan insanlarla fikir ayrılıqlarının yaranmasıdır.

 

– Litvada da bizim kimi analar oğullarına qız seçməyə çalışır, yoxsa başqa dəyərlər hakimdir? Ümumiyyətlə, bizə bir qədər litvalıların sevgi, nikah, evlilik ənənələri barədə danışa bilərsinizmi?

– Litvada bu baxımdan vəziyyət heç də bizdəki kimi deyil. Burda analar oğullarına qız seçmir. Hətta 18 yaşına çatan oğlanların bəyəndiyi qızla ailəsindən ayrı yaşaması adi haldır. Litvanın  Rumsiskes rayonunda keçmiş Litva evlərini və adətlərini əks etdirən muzey var. Həmin muzeydə evlərlə yanaşı, həmin evdə yaşayan insanların da maketləri var. Onlarla tanış olduqda aydın olur ki, subay xanımlar evlənənə qədər birmənalı olaraq başını örtürmüş. Ümumilikdə isə həm evli həm də subay xanımlar başını bağlayırmış, ancaq bir-birindən fərqli formada. Bir də onlar üçün eynən bizim kimi cehiz sandıqlarının önəmli olmasını görmək olur bu muzeydə.

 

– Litvalıların toylarında və yas mərasimlərində olmusunuzmu? Onlarda bu mərasimlər necə təşkil olunur?

– Hə, orda həm yas, həm də tooyda olmuşam. Yas mərasimi əsasən xristian katoliklərinin adətlərinə uyğun təşkil olunur. Rəhmətə gedən şəxs yuyulduqdan sonra ona yaraşıqlı paltar geyindirilir və sonuncu dəfə yaxınları ilə görüşdürülür. Bundan sonra şamlar yandırılır və dinə uyğun digər məsələlər yerinə yetirildikdən sonra torpağa tapşırılır. Litvanın bəzi yerlərində isə rəhmətə gedən adam sadəcə yandırılır ki, bu da heç bir dinə etiqad etməyənlərin üsuludur.

Toylara gəlincə, burda toylar bizim toylardan sakit və sadə olması ilə fərqlənir. Əgər bizdə toylar böyük şadlıq saraylarında və tutaq ki, 500 adamın iştirakı ilə keçirilirsə, Litvada toya ən yaxın adamlar dəvət olunur ki, onların da sayı 60-70 nəfər olur. Kilsədə mərasimlər də təşkil olunur, ancaq bu, məcburi deyil. Həmçinin toydan öncə və ya sonra fotosessiyanın olub-olmaması da cütlüklərin istəyindən asılıdır.

 

– Ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasında, şübhəsiz ki, xaricdə təhsil alan tələbələrimizin də rolu əhəmiyyətlidir. Təbii ki, ən əsas məsələ Qarabağ problemidir. Bu istiqamətdə hansısa işlər görə bilmisinizmi?

Təbii ki, Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya birliyinə çatdırılmasında əlimizdən gələni edirik. Məsələn, hər il Azərbaycanın Litvadakı səfirliyinin və Litvadakı Gənclər Təşkilatının (AYOL) təşkil tədbirlərdə, hər hansı bir konfransda fikir bildirəndə insanları bu haqda məlumatlandırmağa çalışırıq. Sonuncu dəfə Xocalı soyqrımının builki ildönümündə Vilnüsdəki  Namunes çayının sahilində səfirlik nümayəndələri və azərbaycanlı tələbələr fləşmob hazırlamışdılar. Şəhərin mərkəzində yüzlərlə şamdan istifadə etməklə yerə Xocalı yazılmışdı. Bu aksiya Litvanın bir neçə televiziya kanalı ilə nümayiş olunmuşdu.

 

Söhbətləşdi: Tural Məmmədov

1

3

4

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir