aile davasi

Məişət zorakılığı hadisəsi baş verərkən nə etməliyik?

Baxış sayı: 159

Hər bir cəmiyyətdə məişət zorakılığına rast gəlinir ki, bu səbəbdən hər birimizin ətrafında məişət zorakılığının müxtəlif növlərinə rast gəlirik. İlk olaraq Məişət Zorakılığının nə olduğunu aydınlaşdırsaq, görərik ki, məişət zorakılığı bir şəxsin digər şəxsə qarşı “ailə” zəmnində psixoloji, iqtisadi, cinsi və fiziki zor tətbiq etməklə onu nəzarət altında saxlaması başa düşülür. Burada ailə anlayışı rəsmi nikahda olan eyni zamanda rəsmi nikahları pozulmuş yəni boşanmış şəxslər arasında olan münasibətlər, rəsmi nikahı olmadan bir yerdə yaşayan birliklər, nənə və babanın öz nəvələri ilə olan münasibətləri, eyni zamanda valideynlərin öz övladları arasında olan münasibətlər nəzərdə tutulur. Yuxarıda da göstərdiyimiz kimi, məişət zorakılığının 4 növü vardır ki, bunlar iqtisadi, cinsi, psixoloji və fiziki  zor tətbiq etməklə yaranır.

Hər kəs öz ifadəsində məişət zorakılığının ailə məsələsi olmadığını qeyd etsə də bunun əsaslandırılmasında çətinlik çəkir və bu səbəbdən insanlar cəmiyyətdə baş verən məişət zorakılığına qarşı laqeyd  mövqe göstərir. Məişət zorakılığı ailə məsələsi deyildir deyildikdə burada nə nəzərdə tutulur?

aile

Məişət zorakılığı hadisəsinin  baş verdiyinin şahidi olduğumuz an və ya özümüzə qarşı hər hansı məişət zorakılığı baş verdiyi hallarda ilk olaraq, məişət zorakılığının baş verməsi ilə polisə müraciət edə və ya yaşadığı yəni faktiki olduğu yer üzrə İcra hakimiyyətinə müraciət edərək qısa müddətli orderin verilməsini tələb edə bilərik. Bu hüquq “Məişət Zorakılığı Haqqında Qanunun”6.1.2-ci maddəsində təsbit olunub. Həmin qanuna əsasən  fiziki və ya hüquqi şəxslərdən, dövlət və yerli özünüidarə orqanlarından, o cümlədən təhsil və ya səhiyyə müəssisələrindən, qeyri-hökumət təşkilatlarından, kütləvi informasiya vasitələrindən daxil olmuş müraciətlər əsasında məişət zorakılığı hadisəsi araşdırılır. Buradan da aydın olunur ki, məişət zorakılığının araşdırılması təkcə ailə üzvlərinin müraciəti ilə deyil eyni zamanda yuxarıda təsbit olunan fiziki və hüquqi şəxslər tərəfindən də müraciət oluna bilinər. Müraciət verildiyi andan 24 saat ərzində bu hadisə araşdırmalı və zərərçəkmiş şəxsə qısa müddətli mühafizə orderi verilməlidir. Qısa müddətli mühafizə orderi yerli icra hakimiyyəti tərəfindən 30 gün müddətinə qədər verilir. Bu müddətdə məişət zorakılığı törətmiş şəxs mühafizə orderində təsbit olunan qaydalara riayət etməlidir. Qısa müddətli mühafizə orderində zorakılıq törədən şəxsdən əsas olaraq Məişət zorakılığının təkrar törətmək,  zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda, həmin şəxsin axtarmaq və zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi qadağan olunur.  Qısa müddətli order icra haqqında qanuna görə icra sənədlərinə aiddir və məcburi icra olunmaıdır. İcra olunmadığı təqdirdə məişət zorakılığını törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilir.

Məişət zorakılığını törətmiş şəxs əgər xəbərdarlıq və qısa müddətli mühafizə orderi ilə qadağan olunmuş hərəkətləri yenidən törətdiyi təqdirdə bu zaman bu uzun müddətli mühafizə orderinin verilməsinə əsas olur. Bunun üçün zərərçəkmiş şəxs və ya yerli icra hakimiyyəti orqanı uzun müddətli orderin verilməsi üçün məhkəməyə müraciət etməlidir. Uzun müddətli order 30 gündən 180 günədək  məhkəmə qətnaməsi ilə verilir və qətnamənin icra olunmaması  birinci inzibati məsuliyyət daha sonra cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 306-cı maddəsinə görə məhkəmə qətnaməsinin icra edilməməsinə görə zorakılıq törətmiş şəxs 3 ilədək azadlıqdan məhrum etmə üzrə cinayət məsuliyyətinə cəlb olunur. Mülki Prosesual Məcəlləyə əsasən Uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə zərər çəkmiş şəxsin yaşadığı yəni olduğu yer üzrə verilir.

Aile

Qısa müddətli mühafizə orderində təsbit olunan məhdudiyyətlərdən əlavə uzun müddətli mühafizə orderində məhkəmədən zorakılıq törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları və yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydaları məhdudlaşdırılmağı bundan əlavə  “zərər çəkmiş şəxsə tibbi və ya hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin ödənilməsi şərtləri tələb oluna bilinər. Son olaraq əziz izləyicilər Məişət zorakılığına məruz qalmış şəxslər “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarının 3.4-cü bəndinə əsasən  pulsuz olaraq  vəkil yardımı ilə  təmin olunmalıdırlar.

Nəticə olaraq, məişət zorakılığının  hər birimizi əlaqələndirən bir mövzu olduğunu, qanunla da ailə məsələsi olmadığını görürük. İctimai vəzifəmiz olaraq məişət zorakılığının qarşısının alınması və azalması üçün hər birimizin iştirakçılığı önəmlidir.

 

Amil Zeynalov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir