ZORAKILIQ

Məişət zorakılığına qarşı mübarizənin bank yolu

Baxış sayı: 1. 174

“Məişət zorakılığı ilə bağlı məlumat bankının 2020-ci ildə hazır olacağı gözlənilir”. Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib. Onun sözlərinə görə, bank yaransa da, hələ tam formalaşmayıb: “Biz yerli icra hakimiyyətləri ilə işləyirik. Respublikanın bütün yerli icra hakimiyyətlərində icra hakiminin müvafiq müavininin sədrliyi ilə monitorinqlər qrupu yaranıb. Bu monitorinq qrupları öz bölgələrində olan sosial zəif ailələri təhlil edir və həmin qrupların baş vermiş zorakılıq faktı ilə bağlı toplantıları keçirilir. İlin yekununda həmin monitorinq qrupları bizim Komitəyə məlumat verirlər ki, onların ərazisində neçə zorakılıq hadisəsi baş verib, qurbanlar kimlərdir və sosial zəif ailələrin sayı nə qədərdir. Sistemi bu qaydada qurmağa çalışırıq ki, hər şey nəzarətdə olsun və həmin təbəqə ilə konkret olaraq maarifləndirmə işləri aparılsın”.

Komitə sədrinin müavini deyib ki, bu bankın yaradılması bütün rayonlarla bağlı olan şəbəkədir: “Bu şəbəkə də tam hazır olmalıdır. Onlara proseslə bağlı seminarlar keçirilir, öyrədilir”.

Sədaqət Qəhrəmanovanın sözlərinə görə, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun Milli Məclisdə 2010-cu ildə qəbul olunub və Prezident İlham Əliyev Qanunu imzalayıb: “Qanun layihəsi 2 il geniş ictimaiyyətin müzakirəsində olub. Milli Məclisdə bu qanunun qəbul olunması ilə bağlı böyük mübahisələr gedib. Düşünürdülər ki, bu qanun bizə lazım deyil. Məişət zorakılığı deyəndə elə bilirlər ki, təkcə kişi həyat yoldaşını döyürsə, bu, zorakılıqdır. Amma zorakılıq təkcə kişinin qadına fiziki zorakılığı deyil, bu, mənəvi, psixoloji, iqtisadi, cinsi, sonda isə fiziki zorakılıqdır. Bu qanun Mehriban Əliyevanın təkidi ilə qəbul olunub. Qanunun icrası ilə bağlı müvafiq dövlət qurumlarının üzərinə müəyyən vəzifələr qoyulub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzərinə düşən vəzifələrdən biri məişət zorakılığına məruz qalan insanların bankını toplamaq, onu təhlil etmək və gələcəkdə hansı addımlar atmaq, zorakılığa məruz qalmış insanların sonrakı taleyi ilə bağlı təhlillər aparıb qərar qəbul etməkdir”.

S. Qəhrəmanova onu da bildirib ki, bu il ölkədə neçə qadının məişət zorakılığına məruz qalması ilə bağlı təhlillər aparılır.

 

Maraqlıdır, belə bir bankın formalaşdırılması bu istiqamətdə faydalı olacaqmı?

 

“Azərbaycan uşaqları” ictimai birliyinin sədri Kəmalə Ağazadə bildirdi ki, belə bir bankın yaradılmasından öncə sosial iş institutunun gücləndirilməsi lazımdır: “Bankın iş mexanizmi ilə bağlı bir məlumat yoxdur. Ona görə, konkret bir şey demək çətindir. Amma qeyd edim ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun 2010-cu ildə qəbul edilib. Çox təəssüf ki, qanunun qəbul edilməsinin 10-cu ilində bu bank yaradılır. Ümumiyyətlə, belə bir bankın yaradılmasından öncə sosial iş institutunun gücləndirilməsi lazımdır. Ümid edirəm ki, bütün bunlar nəzərdə tutulub. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və bu sahədə fəaliyyət göstərən QHT-lər tərəfindən məişət zorakılığı qurbanı olan uşaqlar üçün mərkəzlər fəaliyyətə başlayıb. Məsələn, bizim təşkilatın icra etdiyi 4 layihə var ki, onlardan 3-ü elə məişət zorakılığına aiddir. Bu bankın iş mexanizmi necə olacaq, bilmirəm, amma ən azından, zorakılığa məruz qalan qadınlar üçün əlçatan bir sistem yaradılmalıdır”.

 

 “Sağlam Cəmiyyət” İctimai Birliyinin sədri Lalə Mehralı məişət zorakılığı ilə bağlı məlumat bankının yaradılmasını müsbət qiymətləndirir, amma bəzi qaranlıq qalan məqamların olduğunu qeyd edir: “Son aylarda medida işıqlandırılan məişət zorakılığı xəbərlərindən aydın olur ki, vəziyyət heç də yaxşı deyil. Bütün hallarda, məişət zorakılığına məruz qalanlar üçün istər dövlət, istər qeyri hökumət təşkilatlarının atdığı addımlar təqdirəlayiqdir. Sahəsindən asılı olmayaraq, məlumat bankının yaradılması bütün istiqamətlərdə müsbət qiymətləndirilir. Bu, baş vermiş hadisə ilə bağlı daha çevik, daha düşünülmüş addımlar atmağa imkan verir. Məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunun da qəbul edilməsi bu istiqamətdə atılan addımlardan ən vacibi idi. Lakin qanunun qəbul edilməsi ilə məsələ bitmir. İstənilən halda bir sual yaranır ki, bu məlumat bankı həqiqətən cəmiyyətdə baş verən məişət zorakılığının qarşısını alacaqmı? Bəs bu problemin həlli istiqamətində hansı addımlar atılacaq, bunlar xanımların zorakılığa məruz qalmasının qarşısını alacaqmı? Bu kimi məqamlar qaranlıq qalır. Məlumat toplamaq, statistikaya əsasən fikirlər səsləndirmək asandır”.

Bir məsələni də qeyd etmək istəyirəm ki, məişət zorakılığına məruz qalan qadınların bir çoxu, nədənsə, bunu gizlədir. Baş vermiş hadisənin cəmiyyətdə bilinməsini istəmirlər. Bundan başqa, nə qədər zorakılığa məruz qalsalar da, heç bir quruma müraciət etmirlər. Lakin bu bankın fəaliyyət göstərməsində həmin xanımların rolu böyük olmalıdır. Onlar susmamalı, əgər zorakılığa məruz qalıblarsa, mütləq şəkildə bununla bağlı lazımı orqanlara məlumat verməlidirlər.

Qeyd edək ki, məişət zorakılığı ilə bağlı məlumat bankında toplanmış məlumatların konfidensiallığı Komitə tərəfindən təmin edilir. Məişət zorakılığı ilə bağlı məlumatlar yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada verilməlidir. Məişət zorakılığı ilə bağlı statistik məlumatlar adsızlaşdırılmış şəkildə açıqlanmalıdır. Komitə tərəfindən məlumat bankında məişət zorakılığı halları üzrə toplanan məlumatlar əsasında ümumiləşdirmələr və təhlil materiallar hazırlanır.

 

Günel Azadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir