zorakiliq

Məişət zorakılığının psixoloji və hüquqi aspektləri

Baxış sayı: 1. 781

Məişət zorakılığı problemi bütün dünyaya yayılmış olsa da, bu fenomen əsasən danışılmayan qapalı mövzulardan biri olaraq qalır. Bu dəfə məişət zorakılığının psixoloji və hüquqi tərəflərini araşdırmağa çalışdıq.

Mövzu ilə bağlı həkim psixiatr Azər Bağırov qeyd edir ki, ailədaxili zorakılığın səbəbləri araşdırıldıqda sosioloji ve psixoloji səbəblər ayird edilir. Təhsil səviyyəsinin aşağı olması, iqtisadi çətinliklər, mental adət və inanışlar sosioloji səbəblərdir. Problemin psixoloji səbəblər isə antisosial və narsissistik xarakter pozuntuları kimi:

–        Qısqanclıq sayıqlamaları ilə gedən paranoid pozuntu və şizofreniya xəstəliyi.

–        Spirtli içki və narkotik vasitələrdən istifadə.

Zorakılığa meyl edən insanların ortaq nöqtələri isə əsasən:

-Qısqanclıq

-Yoldaşını əmr altında saxlamaq istəyi

-Şəxsin öz tələbatlarını başqasınınkından üstün tutması

– Özünə inam hissinin aşağı olması səbəbindən tez inciməyə meylli olmaq

-Öz uğursuzluqlarında başqalarını günahlandırmağa meyllilik

-İmpulsivlik

-Xətalarını görməmək.

 

Qısqanclıq paranoyası olan insanlarda, əsassız aldatma şübhələri və ya sayıqlamalar yaranır. Bu insanlar şübhələrin dəqiqliyini yoxlamadan tam əminliklə buna inanmağa meylli olurlar. Qarşı tərəf belə bir şeyin olmadığına dair məntiqli izahlar gətirsə də, o insanların fikrini dəyişdirmək mümkün olmur. Məsələn, qısqanclıq paranoyası olan biri, yoldaşının və aldatdığını güman etdiyi insanın eyni vaxtda “whatsappda online” olmasını bir sübut olaraq göstərib, zorakılıq törədə bilər. Bəzən isə paranoid pozuntuda qulağa aldatma ile əlaqəli səslər gələ bilər.

 

İmpulsiv şəxslər isə bir mənada düşünmədən hərəkət edərlər. Anlıq qəzəb yaradan situasiyada səbr etmək, hövsələ göstərmələri mümkün olmadığı üçün sonradan peşmançılıq hiss edəcəkləri hərəkətlər edərlər.

Narsistik xarakter patologiyası olan insanlar özlərini başqa insanlardan üstün görməyə meylli olduqları üçün, başqalarının sərhədlərinə hörmətlə yanaşa bilmirlər. Bu səbəbdən ailə içində yaşanan fikir ayrılıqlarında, narsist olan şəxs tez qəzəblənməyə ve zorakılıq göstərməyə meyllənə bilər.

Antisosial xarakter patologiyası olan şəxslər isə, cəza almayacaqlarını bildikləri hallarda şiddət və zorakılığa müraciət edərlər. Bu səbəbdən də qanunvericilik bazasında ailədaxili və digər zorakılıq növləri ilə əlaqəli cəzaların daha sərt olduğu ölkələrdə zorakılıq hallarında azalma görülməkdədir.

Spirtli içki və narkotik vasitə istifadəsi, beynin prefrontal korteks dediyimiz bölümünə təsir edərək, mühakimə, analiz etmə, qərar vermə qabiliyyətini zəiflədir. Bu səbəbdən də bu maddələrin təsiri altındaykən düşünülmədən edilən kontrolsuz və zorakılıq hərəkətləri daha sıx görülür.

azer bagirov

Azər Bağırov mövzu haqda danışarkən cütlüklər arasında olan zorakılıq hallarına göz yumulduğunu da qeyd etdi: Çox vaxt münasibətlərdə və evliliklərdə ilk dəfə baş verən zorakılığa göz yumulur, üzr istənildikdən sonra təkrar olmayacağına ümid edilir. Ancaq müşahidələr göstərir ki, ilk zorakılıqdan sonra, gedərək artan dozada zorakılıq halları artıq adi bir hala çevrilməyə başlayır.

Təbii ki, zorakılıq səbəbləri ortadan qaldırılmadan, münasibətləri və evliliyi davam etdirməyə çalışıldıqda birgə həyat öz cazibəsini və harmoniyasını itirməyə başlayır, bununla da yeganə çıxış yolu boşanmalarda görülür. Çözülməyən, aradan qaldırılmayan ailədaxili zorakılıqların mütəmadi baş verdiyi ailələrdə böyüyən uşaqlarda  psixoloji problemlərin olduğuna daha tez-tez rast gəlinir”.

 

Məişət zorakılığı probleminin hüquqi aspektlərindən danışan hüquqşünas Rövşanə Rəhimli aşağıdakıları dedi: “Məişət zorakılığı – bir ailə üzvünün digər ailə üzvünə və ya üzvlərinə qorxutmaq və ya qorxu içində saxlamaq məqsədi ilə yetirilən aşağılayıcı, əzabverici, hədələyici, həyat və sağlamlığa zərər vuran psixi və fiziki təsirdir.

Əgər münaqişə lokal təcrid olunmuş xarakterə malikdirsə zorakılıq sistemli şəkildə baş verir. Məişət zorakılığını fərqləndirən cəhət də onunard-arda baş verən insidentlərdən ibarət olmasıdır.

Ailədaxili münaqişələrin öyrənilməsi bu istiqamətdə faydalı işlər görüb, qanunvericilik bazasının təkmilləşdirilməsi demək olar ki, bütün inkişaf etmiş ölkələrin gündəmində olan əsas məsələlərdən biridir. Belə ki, ailə cəmiyyətin vacib strukturlaşdırılmış tərkibidir ki, sosial normaların əsasını qoyaraq şəxsin ilkin sosiallaşması prosesinə təsirini göstərirməklə yanaşı iqtisadi və mədəni proseslərdə iştirak edir. Bu da onu göstərir ki, ailə siyasəti dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri olmalı və diqqət mərkəzindən kənarda qalmamalıdır. Lakin buna baxmayaraq son dövrlərdə boşanmaların sayına və ailədaxili zorakılıq hallarının artmasına nəzər saldıqda, ailə institutunun böhran dövrünü yaşadığını görmək çətin deyil. Bu böhranın bariz təzahürlərindən biri də ailə üzvləri arasında qəddarlıq və zorakılıq hallarının artmasıdır.”

Məişət zorakılığı cəmiyyətin bütün təbəqələrinə sirayət etmiş ciddi sosial problemdir. Təcrübədə rast gəlinən halları nəzərdən keçirərkən məişət zorakılığının daha çox “əzələlərin ifadəsi” kimi təsvir etmək olar. Buna istinadən də kişilərin fiziki və cinsi zorakılığa daha çox meyilli olmalarını aydın görmək mümkündür. Alkoqol və narkotik vasitələrdən istifadə isə zorakı davranışların əsas səbəbi kimi deyil kişilərin zorakılıq törətmələrində əlavə faktor kimi qiymətləndirilə bilər. Digər tərəfdən psixoloji  və laqeydlik kimi zorakılıq növləri də vardır ki, qadınlar arasında daha çox rast gəlinir. Belə ki, bəzən qadınlar kişilərə nisbətən uşaqlarına qarşı daha aqressiv olurlar. Məişət zorakılığı mövzusunda tez-tez verilən suallardan biri də odur ki, nəyə görə məhz  qadınlar  kişilərə nisbətdə ailələri tərəfindən zorakılığa daha çox məruz qalırlar? Bununla bağlı bir çox mənbələr deyir ki, qadınların ailədə şiddətə məruz qalmalarının kökü ailə institutunun qurulması prosesində tarixən oturuşmuş və möhkəmlənmiş patriarxal nizamda yatır. Patriarxal ailə quruluşu ənənəvi olaraq kişinin rolunu ucaldır qadını isə əvvəlcə atasına,ailə qurduqdan sonra isə ərinə hörmətlə yanaşmasını tələb edir.

Müasir dövrümüzdə qadınlara qarşı məişət zorakılığı hallarının artması və bunun kəskin formada özünü biruzə verməsi cəmiyyətdə qadınların tam müdafiə olunmamasından və sərbəst hiss edə bilməməsindən xəbər verir. Bununla belə, məişət zorakılığı problemi o qədər həssasdır ki, çoxları əsasən bu barədə danışmamağa üstünlük verir. Qeyd edim ki, yalnız 90-cı illərin əvvəllərində qadın hərəkatlarının sayəsində “məişət zorakılığı fenomeni”haqda geniş aspektdə danışılmağa başlanıldı. Həmin dövrdə ixtisaslaşmış təşkilatların təşəbbüsü və beynəlxalq müqavilələrin tövsiyəsi ilə qadın krizis mərkəzləri, qaynar xəttlər, sığınacaqlar yaradıldı. Məişət zorakılığı problemini araşdırdıqca məlum olur ki, bizim cəmiyyətdə də digər patriarxal ailə dəyərləri üstünlük təşkil edən cəmiyyətlərdə olduğu kimi həyatında heç olmasa bir dəfə psixoloji təzyiqə, maddi şantaja və fiziki zorakılığa məruz qalmayan bir qadını tapmaq çətindir. Ailədaxili zorakılığı dəstəkləyən mənbələr həmçinin cəmiyyətin adət-ənənələrində, kişilər və qadınlar üçün xüsusi davranışları müəyyənləşdirən norma və qaydalar sistemindədir. Cəmiyyət bu davranış qaydalarına riayət edənləri dəstəkləyir və təqdir edir, onlardan yayınanları isə cəzalandırır. Qadınlara qarşı zorakılıq hallarını araşdıran və öyrənən bəzi müəlliflərin fikirlərinə görə məişət zorakılığının baş verməsi səbəbləri əsasən yoxsulluq, aşağı gəlir, ailədaxili münasibətlərin qapalı olması, həyat qayğılarından qaynaqlanan stress, ailənin ehtiyaclarına görə emosional gərginlik, həmçinin ailədə kişi ilə qadın arasında qeyri bərabər hakimiyyət bölgüsündən ibarətdir.

Şəxsin sosial vəziyyətini və həyat şərtlərini də məişət zorakılığının əhəmiyyətli səbəbi kimi qeyd etmək olar. Lakin istənilən zorakılığın başlıca səbəbi bir şəxsin digər şəxs üzərində hakimiyyət qazanma istəyidir. Daha əvvəl də qeyd olunduğu kimi məişət zorakılığı problemi istənilən ölkədə istənilən cəmiyyətdə mövcud olduğu kimi bizim cəmiyyətimizdən də yan keçmir. Son illər ərzində məişət zorakılığı probleminin həlli istiqamətində ölkəmizdə müəyyən müsbət addımlar  atılmışdır. Onlardan biri də 22 iyun 2010-cu il tarixli “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulu olmuşdur. Əlbəttə ki, bu qanunun qəbulu cəmiyyətdə də  bir mənalı qarşılanmadı hətta qanunun qəbul prosesində bəzi deputatlar ailə dəyərlərini, milli mentaliteti, ailə dəyərlərini əsas gətirərək qanunun qəbul olunmasına etirazlarını bildirmişdilər. Lakin buna baxmayaraq sevindirici haldır ki, sözü gedən qanun qəbul olundu və məişət zorakılığı ağırlıq dərəcəsindən asılı olmayaraq hüquq pozuntusu kimi qiymətləndirildi.

Qanuna əsasən məişət zorakılığı deyəndə məişət zəmnində bir şəxsin digər şəxsə zərər yetirməklə onu nəzarət altında saxlaması başa düşülür. Məişət zorakılığını bir birinə bu şəxslər törədə bilərlər: ər, arvad, faktiki nikahda yaşayanlar, valideynlər, uşaqlar, bacılar, qardaşlar, ögey bacılar və qardaşlar, bir evdə yaşayan qohumlar, keçmiş ər və arvad, himayəyə götürmüşlər, himayəyə götürülən şəxslər, qəyyum və himayəçilər.

Məişət zorakılığı digər zorakılıqlardan fərqli olaraq sistematik xarakter daşıyır və zorakılığa məruz qalmış şəxsin həyatında təsadüfi bir epizoda çevrilmir.

Məişət zorakılığı aşağıdakı əlamətlərə malikdir:

– əgər fiziki zorakılıq baş veribsə, bu hal təkrarlanacaq və zorakılığın ağırlıq dərəcəsi artacaqdır.

– zorakılıqdan sonra zorakılığı törədən şəxs dəyişəcəyinə və bir də bunun təkrar olunmayacağını bildirir.

– zorakılıqdan zərəçəkmiş şəxs əlaqəni kəsəcəyini bildirdikdə zorakılığı törədən şəxs tərəfindən hədələnir.

– məişət zorakılğı əhalinin istənilən təbəqəsində baş verir.

Məişət zorakılığının məişət zəminində fiziki, psixi, iqtisadi, cinsi zorakılıq növləri vardır. Məişət zorakılığıının bütün növləri bir birinə bağlıdır və zərərçəkmiş şəxs eyni zamanda bir neçə növdə zorakılığa məruz qala bilər.

Hüquqşünas Rövşanə Rəhimli məişət zorakılığının xarakterinə görə fərqləndiyini deyir: “Qanunda məişət zorakılığı xarakterinə görə iki növə bölünür:Cinayət xarakterli məişət zorakılığı və cinayət xarakterli olmayan məişət zorakılığı. Məişət zorakılığına məruz qalmış şəxsin məişət zorakılığının araşdırılmasını tələb etmək, araşdırma müddətində zərər çəkmiş şəxsin təhlükəsizliyinin və konfidensiallığının təmin edilməsi, dövlət vəsaiti hesabına (pulsuz) hüquqi yardımla təmin edilmək, dövlət vəsaiti hesabına (pulsuz) tibbi yardımla təmin edilmək, dövlət vəsaiti hesabına (pulsuz) psixoloji yardımla təmin edilmək, məişət zorakılığına məruz qalmış şəxslər üçün yaradılmış (sığınacaqlara) müraciət etmək kimi hüquqları vardır.”

rovsane rehimli

Məişət zorakılığı qurbanlarının müdafiə vasitələrindən birinin də çoxları üçün yeni bir anlayış olan mühafizə orderi institutu olduğunu deyən hüquqşünas bildirir ki, sözügedən qanunda göstərildiyi kimi mühafizə orderi – məişət zorakılığı törətmiş şəxsin zərərçəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında aktdır: “Qanuna görə mühafizə orderinin iki növü nəzərdə tutulmuşdur qısamüddətli mühafizə orderi və uzunmüddətli mühafizə orderi. Qısamüddətli mühafizə orderi yerli icra hakimiyyəti orqanı tərəfindən 30 gün müddətinədək verilir və dərhal icraya yönəldilir. Mühafizə orderində məişət zorakılığı törətmiş şəxsə aşağıdakılar qadağan edilir: məişət zorakılığını təkrar törətmək, zərər çəkmiş şəxsi axtarmaq, zərər çəkmiş şəxsə narahatlıq gətirən hər hansı hərəkətlər. Uzun müddətli mühafizə orderi isə məhkəmə tərəfindən 180 gün müddətinədək verilir və ərizəyə məhkəməyə təqdim olunduqdan sonra 3 gün müddətində baxılmalıdır. Qeyd edim ki, uzunmüddətli mühafizə orderi məhkəmə qətnaməsi ilə verilir və məhkəmə qətnaməsi dərhal icraya yönəlir. Məişət zorakılığını törətmiş şəxs qətnamədə əks olunan şərtlərə əməl etmədikdə inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilər. Lakin qeyd etmək yerinə düşər ki, mühafizə orderlərinin verilməsində və icrasında bir sıra pozuntular vardır. Qanunda məişət zorakılığının profilaktikası və zorakılıq əməli törədənlərin cəzalandırılması qaydaları əks olunsa da, qanunun icrasında  polis, məhkəmə və yerli icra hakimiyyəti orqanlarının işinin təşkilində çatışmazlıqlar vardır.Nazirlər Kabinetinin “Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması qaydaları”nın 1-ci maddəsinin 1.2-ci bəndinə əsasən, Məlumat bankı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (bundan sonra — Komitə) tərəfindən yaradılır və aparılır.  Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məhkəmə və yerli icra hakimiyyəti orqanları tərəfindən verilən mühafizə orderlərinin statistikası ilə bağlı 2019-cu ildə göndərdiyim məlumat sorğusuna gələn cavaba əsasən məişət zorakılığı ilə əlaqədar mühafizə orderlərinin verilməsi üzrə statistik göstəricilər belədir:

2014-cü il üzrə – Məişət zorakılığı ilə əlaqədar 3 uzunmüddətli order ;

2015-ci il üzrə – Məişət zorakılığı ilə əlaqədar 6 uzunmüddətli ;

2016-cı il üzrə – Məişət zorakılığı ilə əlaqədar 3 uzunmüddətli, 7 qısamüddətli;

2017-ci il üzrə –   24 uzunmüddətli, 10 qısamüddətli order olmuşdu.

2018-ci il üzrə – Məişət zorakılığı ilə əlaqədar 3 (uzunmüddətli order) icra sənədi daxil olmuş və icraatda cəmi 8 icra sənədi olmuşdu.”

 

Rövşanə Rəhimli bildirir ki, statistik məlumatlara nəzər yetirildikdə ölkədə mühafizə orderlərinin verilməsində böyük  fəaliyyətsizliyin olduğu nəzərdən qaçmır: “Məişət zorakılığının qarşısının alınmasında qurbanların problemlərinin həll edilməsində və zorakılıq törədən şəxslərin cəzalandırılmasında dövlətin birbaşa iştirakı qaçılmazdır. Məişət zorakılığının qarşısının alınması istiqamətində bir sıra beynəlxalq tövsiyələr, müqavilələr mövcud olsa da “Qadına qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması” haqqında Avropa Şurasının, İstanbul Konvensiyası kimi tanınan beynəlxalq müqavilə Azərbyacan tərəfindən ratifikasiya olunmamışdır. Baxmayaraq ki, İstanbul Konvensiyası dünyada qadını hər növ zorakılıqdan qoruyan və eləcə də qadına qarşı zorakılığı və məişət zorakılığının məhkəmə qaydasında araşdıran və aradan qaldıran, məcburi öhdəlik yaradan ilk müfəssəl hüquqi sənəddir.

Bu sahədə tez-tez rast gəlinən hallar onu göstərir ki, hüquq mühafizə orqanlarının əməkdaşları bir çox hallarda şikayət edən qurbanlara skeptik münasibət göstərərək məsələnin ciddiliyini nəzərə almayıb mövcud vəziyyəti sıradan bir ailədaxili mübahisə kimi qiymətləndirirlər. Bəzən isə hüquq mühafizə orqanlarının əməkdaşlarının “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunundan məlumatsız olduqları görürük. Daha əvvəl də qeyd edildiyi kimi praktikada ən çox rast gəlinən problemlərdən biri də mühafizə orderlərininverilməsi ilə bağlıdır. Sözü gedən qanuna əsasən qısa müddətli mühafizə orderləri yerli icra hakimiyyəti orqanları tərəfindən verilir və təcrübə onu göstərir ki,  həmin qurumlar bu sahədə birçox hallarda səriştəsiz davranırlar bu da öz növbəsində bu qurumların fəaliyyətinin qeyri effektivliyindən xəbər verir.Bu neqativ halların mövcudluğu isə məişət zorakılığı qurbanlarının nəticədə müdafiəsiz qalmalarına səbəb olur. Xüsusilə vurğulamaq yerinə düşər ki, məişət zorakılığı beynəlxalq ictimaiyyət tərəfindən ən çox yayılmış insan haqlarının pozuntusu hallarından biri hesab olunur”.

 

Aydan Kərimli

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir