mekteb

Məktəb başlayır: Bazarda qiymətlər necədir? – REPORTAJ

Baxış sayı: 705

“Hələ ki, uşaq üçün heç nə almamışıq. Nə məktəbli forması, nə də ki, ləvazimatlar. Dərslərin başlamasına vaxt var hələ. Alacağıq”.

Bu il birinci sinfə gedəcək Uğurun valideyni Yalçın bəy deyir bu sözləri. Baxmayaraq ki, dərslərin başlamasına artıq sayılı günlər qalıb, amma valideynlər hələ ki, heç bir hazırlıq görməyiblər. Bunu təkcə Uğurun yox, onun kimi məktəbə getməyi həsrətlə gözləyən bir çox məktəblinin valideynindən eşitdik. Elə lap yerindəcə.

Beləliklə,  üz tutduq məktəb ləvazimatı satılan məkanlara və geyim mağazalarına. Burda qərarsız dolaşan bir çox valideyn gördük. Səlimə xanım da onlardan biri idi.

“Evdə məktəbə getməli iki uşağım var. İkisi üçün də geyim və məktəb üçün lazım olan bir çox şey almalıyam. İndi isə qiymətlərlə maraqlanmaq üçün çıxmışam”.

mektebli

Bəs, qiymətlər necədir? Qane edirmi alıcıları?

Elə bir alıcı kimi maraqlanıram qiymətlərlə. Məktəb ləvazimatlarının qiymətləri müxtəlifdir. Necə deyərlər, hər cibə uyğun.

Məktəbli çantalarının qiyməti keyfiyyətindən asılı olaraq, 18-80 manat arasında dəyişir.

Plastik qovluğun qiyməti 0.5-2 manat arasındadır. Qələm qablarının qiyməti 3-14 manata. Qələmlərinin qiyməti 20 qəpikdən 3 manata qədərdir. Rəsm üçün adi karandaşların qiyməti isə 30 qəpik və 1 manat civarındadır. 12 vərəqli dəftərin biri 10-20 qəpik, 40 vərəqli dəftərin isə dənəsi 40-80 qəpik arasındadır. Məktəbli gündəliyini hər yerdə 1.5 manata almaq olar. Rəsm albomunun qiyməti 1-10 manat arasında dəyişir. 60 və 100 vərəqli dəftərlərin qiyməti 50 qəpikdən 1.50 manat qədərdir. Pozanların da qiyməti 20 qəpikdən 2 manata qədər qalxır. Məktəblilər üçün olan su qabı həcmindən və keyfiyyətindən asılı olaraq, 5-23 manat arasındadır. “Plastilin” kimi tanınan plastik oyun kütləsinin qiyməti istehsal yeri və sayına görə 1-12, rəngli karandaşlar 1-11, xətkeşlər isə isə 20 qəpikdən 3 manata qədərdir.

Satıcılar deyir ki, sentyabrdan iyuna qədər məktəbli ləvazimatlarına həmişə tələbat var.

“Xüsusilə də sentyabr ayında. Çox alıcılarımız gəlib bu ləvazimatları topdan alır. Yəni bütün dərs ilində istifadə etmək üçün. Dərslər distant olsa belə məktəbli ləvazimatlarına həmişə ehtiyac var. Buna görə də heç vaxt alıcı qıtlığı çəkmirik”.

mekteb

Amma geyim məsələsi bir qədər fərqlidir. Girdiyimiz geyim mağazalarının heç birində gözümüzə məktəbli forması alan dəymədi. Satıcı Aytən xanım deyir ki, valideynlərdən gəlib geyimlərə baxan olur, amma alış çox zəifdir.

“Dərslərin nə vaxt başlayacağı gec məlum oldu. Bu da çox təsir etdi alıcıların qərar verməsinə. Həm də bu il qərar çıxdı ki, standart məktəbli formaları olacaq. Bizim satdığımız məktəbli formalarına maraq buna görə də azdır”.

MEKTEBLI

Mağazalarda satılan məktəbli geyimlərinin qiymətinə gəldikdə isə…

“Qiymətlər 50-70 manat arasında dəyişir. Bura ağ köynək, ətək, pencək və corab daxildir. Qiymət məhsulun keyfiyyətinə görə dəyişir. Ötən illə müqayisədə olduqca ucuzdur. Keçən il qiymətlər 70-90 manat civarında idi”.

BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov da deyir ki, alış zəifdir.

“Hazırda mağazalarda alışla əlaqədar sıxlıq yaşanmır. Bunun bir səbəbi də hələ məktəblərin tam açılmaması ilə bağlıdır. Geyimləri kifayət qədər tikib satışa vermişik”.

E.Əzimov əlavə edir ki, məktəbli formalarının qiymətində hər hansı bir dəyişiklik edilməyib:

“I-VI siniflərin məktəbli formasının qiyməti 40 manat, VII-XI sinif şagirdləri üçün isə 46 manatdır. Bu dəstə pencək, şalvar və yaxud pencək, ətək daxildir. Məktəbli köynəkləri və jiletləri isə 8 manata satılır. Geyimlərin keyfiyyətinə ən azı bir il zəmanət veririk və istifadə edilən pambıq parçalar Türkiyədən gətirilir”.

Qeyd edək ki, sentyabrın 22-də ibtidai, sentyabrın 29-da isə orta və yuxarı siniflərdə əyani dərslərə başlanacaq. (“Lent.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir