ders

Məktəb dərnəkləri keyfiyyətə cavab verirmi?

Baxış sayı: 1. 718

Bu gün orta məktəblərdə müxtəlif dərnəklər təşkil olunur və şagirdlər dərsdənkənar məşğələlərə cəlb olunur. Dərnək və məşğələlər pulludur və hər valideynin buna gücü çatmır. Ekspertlərin bildirdiyinə görə, məktəblərdə şagirdlərin biliyinin, tədris prosesinin artırılması üçün ödənişsiz dərnəklər də fəaliyyət göstərməlidir.

Təhsil eksperti Kamran Əsədov bildirir ki, hal-hazırda orta məktəblərdə təhsil alan şəxslərin əldə etdikləri biliklər mütləq şəkildə bacarığa çevrilməlidir. Bunun üçün isə mütləq şəkildə fənlər üzrə dərnəklər təşkil edilməlidir. Onun dediyinə görə, təhsilin inkişafı üzrə dövlət strategiyasının tələblərindən biri də müasir tələblərə cavab verən insan formalaşdırılmasıdır. Bu vəzifə də orta məktəblərin üzərinə düşür.

“”Təhsil haqqında” Azərbaycan Respublikasının qanununa görə, orta məktəblərdə təhsil xidməti pullu xidmətlər ola bilməz. Şagirdlərin müəyyən bilik və bacarıqlarının artırılması üçün dövlət büdcəsindən maliyyələşən dərnəklər təşkil olunur.

Təəssüf ki, hal-hazırda orta məktəblərdə təşkil olunan dərnəklərin keyfiyyəti müasir standartlara cavab vermir”.

Ekspert hesab edir ki, orta məktəblərdə təşkil olunan fənlər üzrə dərnəklər həmin o fənni tədris edən müəllimlər tərəfindən yox, kənar müəllim dəvət edilməklə təşkil olunsa, daha effektiv olardı.

Müsahibimizin fikrincə, orta məktəblərdə ödənişli təhsil xidmətlərinin göstərilməsi də lazımdır: “Amma bu tədris aparılmayan istiqamətlər üzrə olmalıdır ki, şagirdlər üçün effektiv olsun. Hal-hazırda orta məktəblərdə şahmat, rəsm, rəqs, etik davranış qaydaları haqqında ödənişli əsaslarla xidmətlər göstərilir ki, bu da şagirdlərin bilik və bacarıqlarının artırılmasına müsbət təsir göstərir”.

Təhsil eksperti Elşən Qafarov bildirir ki, ümumtəhsil məktəblərində dərnəklərin və dərsdənkənar məşğələlərin təşkili ilə bağlı kifayət qədər problemlər var: “Məktəblərdə dərnəklərin təşkili Nazirlər Kabinetinin vahid ştat normaları haqqında qərarına əsasən həyata keçirilir. Orada göstərilir ki, 1-5 sinfə qədər sinfi olan məktəblərdə, ümumiyyətlə, dərnək olmur. 5-10 sinfə qədər sinfi olan məktəblərdə 0,5 ştat, 10 sinifdən 20 sinfə qədər olan məktəblərdə 1 ştat, 20 sinifdən 40 sinfə qədər olan məktəblərdə 1,5 ştat, 4 sinifdən yuxarı olan məktəblərdə isə 2 ştat dərnək olur. Həmin qanunvericilik aktında da konkret olaraq göstərilib ki, 1 ştat dərnək müəllimin həftəlik dərs yükünə bərabərdir. Hal-hazırda ümumtəhsil məktəblərində dərnəklərin təşkili Təsil Nazirliyinin 4 avqust 2017-ci il tarixli 238 nömrəli əmrilə tənzimlənir. Baxmayaraq ki, “Təhsil haqqında” qanuna görə, ümumtəhsil məktəblərində təhsil pulsuzdur, 238 nömrəli əmrə görə isə məktəblərdə pullu dərnəklər də təşkil oluna bilər”.

Qafarov qeyd edir ki, ümumtəhsil məktəblərində dərnəklərin ödənişsiz forması da olmalıdır. Onun sözlərinə görə, ümumtəhsil məktəblərində təhsil ödənişsizdir, pullu dərnəklərin təşkilinə yol verilmir, o şərtlə yolverilir ki, birgə fəaliyyət olsun. “Yəni, birgə fəaliyyət olması üçün ümumtəhsil məktəbinin fərdi nizamnaməsi olmalıdır, məktəbin özünün bank hesabı, bank rekvizitləri olmalıdır. Bütün bunlar olmadan ümumtəhsil məktəblərində pullu dərnəklər təşkil oluna bilməz”.

 

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir